“Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatışmırdı. Maraqlı və gərgin oyun oldu. Birinci hissədə taktiki savaş getdi. Təəssüf ki, Balau fürsətdən istifadə etmədi”.
Bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turunda “Zirə” (1:1) ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis oyunun gedişatını və taktiki mübarizəni belə şərh edib: “Bilirdik ki, fasilədən sonra rəqib dəyişiklik edəcək. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin duruma saldı. Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatışmırdı. 10 nəfərlə “Zirə” kimi komandadan xal qazanmaq uğurdur. Bu mövsüm “Şamaxı” öz boyundan yuxarı tullanmağı bacardı. İstəyimiz budur ki, futbolçular sona qədər mübarizə aparsınlar. Rəqibi də təbrik edirəm, bir xal qazandılar”.
O, futbolçu Dioqo Balaunun qırmızı vərəqə almasına əsəbiləşməyinə toxunub: “Nəyə əsəbiləşdim? Topu qəbul etdikdən sonra bu səhvləri edirdi. İrəliyə oynamaq istəyirdi. Birinci hissədə də öz tərəfimizdə elə səhv etmişdi. Üzücü hal odur ki, gələn oyun üçün itkilərimiz çoxdur”.
A.Abbasov qarşıdakı tur üçün cəzalı futbolçularının çoxluğundan da danışıb: “Kərim Rossi, Dioqo Balau və mən də cəzalıyam. Sizinlə danışa-danışa fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq”. (Qol.az)
