Naxçıvan Televiziyasında qonorarlar yeyilir, jurnalistlər qorxu altında saxlanılır, söz azadlığı boğulur. Bir qrup televiziya əməkdaşının ictimaiyyətə ünvanladığı bəyanatda belə deyilir.
Onlar bildirirlər ki, baş verənlərə etiraz edənlər hüquq-mühafizə orqanları ilə hədələnir.
Tacxeber.com xəbər verir ki, televiziya əməkdaşlarının “Gündəlik Naxçıvan” vasitəsilə yaydıqları bəyanatda bildirilir ki, hazırkı rəhbərlik gəldikdən sonra vəziyyət daha da ağırlaşıb:
“Yeni rəhbərlik bizə sözün əsl mənasında qan uddurur. İşçilər daim nəzarət altında saxlanılır, fikir bildirmək və haqqını tələb etmək istəyənlər müxtəlif formalarda təzyiqlərlə üzləşir. Bəzi hallarda əməkdaşlar töhmət, xəbərdarlıq və hətta hüquq-mühafizə orqanlarının adı ilə qorxudulur. Bu isə həm söz azadlığına, həm də əmək hüquqlarına ziddir.
Televiziyanın istedadlı gənc əməkdaşlarını sıradan çıxararaq yalnız özünə yaxın bildiyi, yaltaqlıq edən əməkdaşlara efirdə yer verilir. Televiziyada işləməyə layiq olmayan kadrlar xüsusi seçilərək işə götürülür. O, idarəyə gəldikdən sonra televiziya efir vaxtı artmaq əvəzinə, hətta 1 saat da azalıb. Televiziyada efirə verməyə veriliş tapılmır, bir veriliş bəzən 5–10 dəfə təkrar-təkrar yayımlanır.”
Əməkdaşlar televiziya rəhbərliyini korrupsiyada da günahlandırırlar:
“Qurum daxilində maliyyə ilə bağlı ciddi pozuntular var. Bəzi şəxslərə 3000-4000 manat məbləğində qonorar yazılır, lakin həmin pulların bir hissəsi sonradan geri alınır. Bu vəsaitlər əməkdaşların zəhmətinin qarşılığı deyil, müəyyən şəxslər arasında bölüşdürülür. Çəkilişlərdə heç bir iştirakı olmayan şəxslərin adına qonorar yazılır, real işi görən əməkdaşlar isə kənarda qalır.
Bu, açıq şəkildə əmək haqqının mənimsənilməsi və korrupsiya halıdır. Bu cür halların davam etməsi həm kollektivdə narazılığı artırır, həm də sistemli ədalətsizliyi dərinləşdirir. Bu hallar artıq sistemli xarakter alıb və açıq şəkildə vəzifədən sui-istifadə deməkdir. Əməkdaşların zəhməti üzərindən qurulan bu mexanizm uzun müddətdir davam edir və buna son qoyulmalıdır. Bu, sadəcə haqsızlıq yox, açıq korrupsiya sistemidir.”
Təhlükəsizlik səbəbindən əməkdaşlar adlarının çəkilməsini istəmirlər.
