İslam bu torpaqlara Avropa və ya rus mədəniyyəti kimi keçən əsrlərdə gəlməyib ki, onun atributları bizə yad olsun. Azərbaycana islamın gəlişi 8-9-cu əsrlərdə, geniş müsəlmanlaşma prosesi isə 10-u əsrlərdə olub. Yəni bu torpaqlarda 1000 ildən çoxdur ki, islam dini hakim dəyərdir. Bayrağımızdakı yaşıl rəngi də məhz bu səbəbdən, islami dəyərlərin bizi təmsil edən dəyərlərdən biri olduğu üçün ora əlavə ediblər. Bu halda islami atributları, dəyərləri milli kimliyə uyğun saymayanların milli deyə anladığı şey başqa bir şey olmalıdır.
Azərbaycanda olmuş avropalı səyyahlar qadınların geyimləri haqda açıqdan müşahidələrini yazıblar. Misalçün, James Morier (1782–1849), August von Haxthausen (1792–1866), Friedrich Bodenstedt (1819–1892), Jean Chardin (1643–1713), Maximilian Thielmann (1848–1929), Henry Lansdell (1841–1919), George Kennan (1845–1924) kimi Azərbaycan qadınları haqda müşahidələrini yazan səyyahların hamısı qadınların başı və bütün bədəni örtən, uzun, geniş çadra örtdüyünü qeyd edirlər. Bu səyyahlar şəhər əhalisinin daha çox qara, kənd əhalisinin isə nisbətən rəngli çadralardan istifadə etdiyini yazırlar.
Başı tam örtməyən kəlağayı stili örtünmə isə Azərbaycanda rusların, Sovetlərin təsiri ilə ortaya çıxıb.
SSRİ Azərbaycan Xalq Cumhuriyyətini işğal etdikdən sonra ilk edilən işlərdən biri yerli xalqı mədəni olaraq dəyişmək, sadiq kommunist halına gətirmək idi. Bu zaman xalqların dinləri, kimlikləri dəyəşdirilməli idi. Bunun üçün isə yerli xalqlar üçün “mədəni inqilab” hazırlandı. 1920-ci illərin sonlarında mədəni inqilab adı ilə yerli əhalinin mədəniyyətinə, geyiminə, ədəbiyyatına, folkloruna, qarşı təbliğat təşviqat kampaniyası başlayır. Burada ən şiddətli mübarizə qadınlara istiqamətlənmişdi, və bu səbəbədən də qəzetlər dayanmadan çadra əleyhinə yazılar yazır, “Rədd olsun çadra” başlığı ilə yazılar paylaşır, operalarda Cəfər Cabbarlının Sevil dramı oynanırdı. Bu həmin dramdır ki, ondan ilhamlanaraq hazırlanan çadrasını açan Azad Qadın heykəli indi də Bakıda Azərbaycan qadının simvolu kimi nümayiş olunur. Paralelində ictimai tamaşalar təşkil edilir, çadradan qurtulmaq təbliğ edilir, çadralı qadınlar ictimai-sosial həyatdan sıxışdırıldı. Misalçün, 1929-cu ilin yanvarın ikisində A.M. Şərifzadə Türk opera sarayında Aşıq Qərib operasına baxmağa gələnlərə üzünü tutub deyirdi ki, “Şura hökuməti köhnə əlifbaya (ərəb əlifbasına) təpik vurub ləğv etdiyi kimi çadaraya da bir təpik vurmuşdur. Buna baxmayaraq tamaşaçılar arasında torbaya girmiş qadınlar görünür. Üzümüzü onlara tutub deyirik ki, çadranı götürməyənlər salonu tərk etməlidir”. Bundan sonra işıqlar yanır və 40-50 nəfərin çadrası ayaqlar altına atılır. Şərifzadənin sözünə diqqət edin – “torbaya girmiş qadınlar”…
Sovetlərin təzyiqi səbəbilə məcburiyyətdən başörtüsünü açan qadınlar yenə də uzun, bədən əzalarını göstərməyən, bütün bədənlərini örtən paltarlar geyinirdi, və bu da, kommunist rejimi narahat edirdi. Elə bu səbəbdən də 1928-ci ildə Xalq Maarif Kamissarı Mustafa Quliyev SSRİ-nin görmək istədiyi qadını təsvir edərkən “Türk qadını çadrasını atır, amma ata-babasından qalan uzun ləbbanənni 30 arşınlıq tumanı atmır. Bizə mane olan əngəllərdən biri də, müsəlman qadınların geyindiyi 30 arşın uzunluğunda tumanlarıdır” yazırdı.
Digər tərəfdən, çörəyi talonla satan hökümət qəzalarda (bölgələrdə) çadrasını açan qadınlar üçün 500 000 palto göndərir, ki, çadranızı atın palto geyinin. SSRİ kimi bir rejimin belə yatırımlar etdiyi bir şeydə sadəcə maarifçilik ideyası axtarmaq sadəlövhlük olardı…
29-cu ilin Mədəni inqilabın növbəti fazası üçün mərkəzi komitə tərəfindən yenidən çadra və papaq əleyhinə qanun və fəaliyyət layihəsi hazırlanır. Maraqlısı isə budur ki bu layihənin müəllifi birinci katib Levon Mirzəyan idi… Mirzəyanın tədbirlər planı daha sərt idi, beləliklə çadra əleyhinə təbliğat daha da güclənir, hətta kommunistlər dəfələrlə küçələrdə çadralı qadınlar çadrası zorla açdırır, platarlarını cırırlar.
Məhz bu hadisələr fonunda kəlağayı prosesə daxil olur. Çadradan birbaşa açılmaq çətin və radikal addım olduğundan Sovet rejimi kəlağayı kimi başı yarı örtən geyim formasını təşviq edir. Sovet dövründə çəkilən Azərbaycan filmlərində gördüyümüz başını tam örtməyən, çox vaxt yarı örtünmüş kəlağayılı qadınlar da məhz bu düşüncənin məhlusudur…
Qısası, müqayisə edəndə görürük ki, Sovet rejiminin məhsulu olan kəlağayı stili örtünmə bizə daha yad atributdur, nəyinki hicab forması.
