CəmiyyətGündəmQalmaqal

Avropa Məhkəməsi Xədicə İsmayıla görə Azərbaycanı bu dəfə də 12 min avro cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın Azərbaycana qarşı şikayəti üzrə qərar qəbul edib. Məhkəmə onun barəsində tətbiq edilən ölkədən çıxış qadağasının Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu müəyyən edib.

Qərar aprelin 7-də elan olunub.

İş Xədicə İsmayılın həbsdən şərti azadlığa buraxıldıqdan sonra üzərinə qoyulan ölkədən çıxış qadağası ilə bağlıdır.

Jurnalist 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi – xüsusilə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bundan əlavə, ona 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maliyyə vəzifələri tutmaq qadağası qoyulmuşdu.

2016-cı ilin mayında Ali Məhkəmə bu hökmü qismən ləğv edib. Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları aradan qaldırılıb, qanunsuz sahibkarlıq ittihamının bir hissəsi qüvvədən düşüb. Bununla belə, jurnalist qanunsuz sahibkarlıq və vergidən yayınma üzrə təqsirli bilinib.

Ali Məhkəmə cəzanı 3 il 6 ay müddətinə endirib və onu şərti 5 il sınaq müddəti ilə əvəzləyib. Həmçinin Xədicə İsmayıla 2 il müddətinə müəyyən vəzifələri tutmaq qadağası tətbiq olunub. Qərara əsasən, o, yaşayış yerini dəyişmək istədikdə əvvəlcədən icra orqanına məlumat verməli idi.

2016-cı ilin iyununda icra məmuru ilə ilk görüşü zamanı jurnalistə bildirilib ki, sınaq müddəti ərzində onun ölkədən çıxışına qadağa qoyulub.

Xədicə İsmayıl 2016-cı il iyunun 19-da Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bu qadağanın ləğvini tələb edib. O, beynəlxalq təşkilat və QHT-lərdən konfranslara dəvətlər aldığını və bu tədbirlərdə iştirakın onun jurnalist fəaliyyəti üçün vacib olduğunu vurğulayıb. Həmçinin o, anasını ürək əməliyyatı üçün Türkiyəyə aparmaq istədiyini və bununla bağlı tibbi sənədlər təqdim etdiyini bildirib.

Binəqədi Rayon Məhkəməsi 2016-cı il iyunun 28-də müraciəti rədd edib. Məhkəmə hesab edib ki, jurnalistin ölkədən sərbəst çıxışına icazə verilməsi onun davranışına nəzarəti çətinləşdirə və cəzanın məqsədi olan “islah olunma” prosesinə mane ola bilər. Həmçinin qeyd olunub ki, onun geri qayıdacağına təminat yoxdur.

Xədicə İsmayıl bu qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi 2016-cı il avqustun 15-də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Daha sonra Ali Məhkəmə də həmin il, dekabrın 8-də də eyni mövqeni təkrar edib.

2019-cu ildə jurnalist yenidən məhkəməyə müraciət edərək sınaq müddətinin yarıdan çoxunun başa çatdığını əsas gətirib məhkumluğun götürülməsini və səyahət qadağasının ləğvini istəyib. Lakin həm birinci instansiya, həm apellyasiya, həm də Ali Məhkəmə bu müraciəti təmin etməyib.

Xədicə İsmayıl AİHM-ə müraciət edərək ölkədən çıxış qadağasının onun hüquqlarını pozduğunu bildirib. O, xüsusilə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə (ölkəni tərk etmək hüququ), eləcə də 8-ci (şəxsi həyat), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitələri) və 18-ci maddələrinə istinad edib.

AİHM əvvəlcə hökumətin şikayətin vaxtında verilməməsi ilə bağlı etirazını rədd edib və işi mahiyyəti üzrə araşdırıb.

Məhkəmə qeyd edib ki, jurnalistə tətbiq edilən səyahət qadağası onun ölkəni tərk etmək hüququna müdaxilə təşkil edir.

Strasburq məhkəməsi qəbul edib ki, belə məhdudiyyətlər müəyyən hallarda ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması kimi legitim məqsədlər daşıya bilər. Lakin bu tədbirin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığı ayrıca qiymətləndirilməlidir.

Məhkəmə vurğulayıb ki, şəxsin məhkum olunması və ya reabilitasiya olunmaması avtomatik olaraq onun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz; yerli məhkəmələr məhdudiyyətin proporsionallığını qiymətləndirməyib; qadağanın niyə zəruri olduğu konkret əsaslarla izah edilməyib; jurnalistin xaricə səfərinin onun üzərinə qoyulmuş öhdəlikləri necə poza biləcəyi göstərilməyib; onun təqdim etdiyi arqumentlər – peşə fəaliyyəti və ailə vəziyyəti – ümumiyyətlə nəzərə alınmayıb.

AİHM qeyd edib ki, yerli məhkəmələr avtomatik və formal yanaşma nümayiş etdirərək fərdi halları araşdırmayıb və ictimai maraqla fərdi hüquqlar arasında balans qurmayıb.

Bu səbəbdən məhkəmə belə nəticəyə gəlib ki, tətbiq edilən səyahət qadağası demokratik cəmiyyətin tələblərinə uyğun olmayıb.

AİHM yekdilliklə qərara alıb ki, Xədicə İsmayılın ölkəni tərk etmək hüququ pozulub (Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi). Məhkəmə digər şikayətlər üzrə ayrıca qərar çıxarmağa ehtiyac görməyib.

AİHM jurnalistə 10 min avro maddi və mənəvi zərərə görə, 2 min avro isə hüquqi xərclərə görə kompensasiya təyin edib.

Qərara əsasən, Azərbaycan hökuməti bu məbləği üç ay ərzində ödəməlidir. Ödəniş gecikdirildiyi halda üzərinə əlavə faiz hesablanacaq. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Plastik əməliyyat etdirən insanlar problemlərlə üzləşəcəklər

redaktor

AAYDA-nın əməkdaşı jurnalistə hücum etdi: “Əcəb edirik” – VİDEO

redaktor

Bakıda məşhur klinikada ölüm faktı – FƏALİYYƏTİ DAYANDIRILDI + FOTO

admin