DünyaSiyasət

İran səmasına ABŞ-İsrail təyyarələri daxil olurmu?

ABŞ-İsrail cütlüyü açıq-aydın deməsə də sözlərindən belə çıxır ki, onlar İran səmasında hökmranlıq edir. Əhalimizin də çoxu belə düşünür. Həqiqətənmi belədir? Gəlin bu məsələni araşdıraq.

12 günlük müharibə zamanı İsrail İran səmasına hakim olduğu barədə nağıl danışırdı. İndi İsrail təbliğatına ABŞ da qoşulub. O vaxt bu təbliğatın yalan olduğunu əsaslandırmışdım.

İndi isə daha geniş yazmaq istəyirəm. Əvvəl onu deyim ki, məndə cütlüyün təyyarələrinin İran səmasına girməsini nə təsdiq, nə də inkar edən əyani sübutlar (foto, video) yoxdur. Buna görə də məntiqə əsasən təhlil edəcəm.

Əgər cütlüyün aviasiyası İran səmasına girirsə, niyə indiyədək internetdə onların nə fotoları, nə də videoları var? Gurultusundan və hava izindən hamı onları görməli idi.

Müasir dövrdə hamının smartfonu var. Təkcə ABŞ (İsraili demirəm) aviasiyasının, Pentaqonun məlumatına görə, 10 mindən çox uçuşundan biri on milyonlarla telefon kameralarından birinə necə düşə bilməyib?

Niyə indiyədək təyyarədən düşən bombaların foto və ya videosu yoxdur? Ən azı jurnalistlər bunu çəkə bilərdilər ki, bu varvarlığı dünyaya göstərsinlər.

Niyə cütlük təyyarələrinin İran səmasında uçmasını təsdiq edən bir foto və ya video paylaşmır? Təyyarələrin hamısında, yəqin ki, videoregistrasiya sistemləri var. Bundan yaxşı təbliğat şansı ola bilər?! Çək və paylaş ki, biz İran səmasında istədiyimizi edirik! Təyyarədən bombaların düşməsini çək.

Aviasiya 2 növ sursatdan istifadə edir – raketlər və aviabombalardan. Raketlərlə adi aviabombaları müqayisə edək:
Pilot raketlə yüzlərlə km məsafədən hədəfi vura bilir, adi aviabomba ilə isə hədəfi vurmaq üçün onun üstündən uçmalıdır.

Raketlər qırıcı və qırıcı-bombardmançı təyyarələrin, adi aviabombalar isə bombardmançı və qırıcı-bombardmançı təyyarələrin sursatıdır.
Qırıcı-bombardmançı təyyarədə aviabombalar qanadları altında quraşdırılmış asqılardan asılır, bombardmançı təyyarələrdə isə aviabombalar həm asqılardan asıla bilir, həm də gövdənin daxilində daşınır.

Qırıcı, qırıcı-bombardmançı təyyarə bir uçuşda raketin (bombanın) ölçüsündən, çəkisindən və asqıların sayından asılı olaraq, 2-16 raket (bomba) daşıya bilir, bombardmançı təyyarə isə bir uçuşda yüzlərlə aviabomba daşıya bilər.
Raketlər adi aviabombalardan bəzən on min dəfələrlə bahadır.

Beləliklə aviabombalar həm çox ucuzdur, həm də 1 uçuşa daha çox daşına bilər. Deməli, uçuş sayını dəfələrlə azaltmaqla daha çox obyekti bombalamaq olar. Məntiqlə İranın səmasına daxil olan təyyarələr məhz adi aviabombalar atmalıdırlar. Həm də qırıcı-bombardmançı yox, məhz bombardmançı təyyarələrdən istifadə etməlidirlər. Bu məqsədlə qırıcı-bombardmançı təyyarələrdən istifadə etmək axmaqlıqdır, çünki onlar az sayda bomba daşıyırlar.

Amma nə ABŞ, nə də İsrail adi aviabombalardan istifadə etmir. Niyə? Məntiqlə ona görə ki, İran səmasına daxil ola bilmirlər. Onlar aviahücumlar zamanı minlərlə JASSM, Popeye, Spike, aeroballistik raketlərlərdən istifadə ediblər. Artıq hava-yer tipli bir çox raket növləri üzrə ehtiyatları tükənmək üzrədir. Bəs aviabombalardan heç istifadə etməyiblər?

Bu suala cavab vermək üçün aviabomba növlərini aydınlaşdıraq:
yuxarıda adi aviabombalar dediyim sərbəstdüşmə bombaları. Təyyarə hədəfin üstündən və ya yaxınlığından uçduqda onları buraxır və bombalar sərbəstdüşmə təcili ilə yerə düşürlər. Bunlar çox ucuz və saysız-hesabsızdır. Arsenallarda hətta 70 illik ehtiyatları qalıb, demək olar ki, pulsuzdurlar, çünki əksəri istismar müddəti bitdiyi üçün onsuz da utilizasiya edilməlidir.

“ağıllı” aviabombalar. Bu bombalar sərbəstdüşmə təcili ilə yox, idarə olunaraq səmada süzür və 250 km-dək məsafədə müəyyən olunmuş hədəfə zərbə endirə bilirlər. Adi aviabombalardan fərqi budur ki, onlara qanadlar, “beyin” və mühərrik əlavə olunub.

Ağıllı aviabombalar raketlərdən ucuz, adi aviabombalardan bahadırlar. Lakin onların zərbə məsafəsi raketlərdən azdır. Buna görə də cütlük uzaq məsafələrə yalnız raketlərlə, nisbətən yaxın məsafələrə əsasən ağıllı bombalarla zərbələr endirir. Cütlük indiyədək İranda heç bir sərbəstdüşmə bombasından istifadə etməyib.

Adi aviabomba sərbəstdüşmə təcili ilə düşdüyündən onu adi gözlə görmək olur (müharibə kinolarından görmüsünüz, yəqin). Həm də onlar təyyarədən tək-tək yox, toplu halında buraxılır – təyyarə hərəkət etdiyindən onlar bir-birindən müəyyən məsafələrdə düşərək partlayırlar. İranda partlayışlar haqda çoxsaylı videokadrlar var. Hansında göydən düşən bomba görmüşünüz? Bütün kadrlarda yalnız qəflətən partlamanı görürük – bu tipik raket hücumu görüntüsüdür. Həm də həmişə çoxlu partlayışları (bombalamadakı kimi) yox, konkret 1-2 nöqtədə partlayışı görürük – bu isə ya raket, ya da ağıllı bomba hücumunun nəticəsidir.

Strateji bombardmançı təyyarələr də hələlik yalnız “ağıllı” bombalardan istifadə edirlər.

Beləliklə, nəticə çıxardaq: ABŞ-İsrail təyyarələri hələ də İran səmasına daxil ola bilməyiblər.

Lakin bu o demək deyil ki, onlar heç vaxt daxil olmayıblar – belə hallar ola bilər. Hansı hallarda?
▪️ Sərhəd zonasında hansısa bir HHM sistemi sıradan çıxarılarsa, bir və ya bir neçə təyyarə müvəqqəti olaraq İran sərhədindən 100 km-dək dərinliyə daxil ola bilər. Sonra İran həmin boşluğu doldurur deyə bu mümkün olmayacaq.
▪️ HHM sistemini test etmək məqsədilə hansısa təyyarə İran hava sərhədində 100 km-dək nüfuz edə bilər. Bu, adətən, kəşfiyyat məlumatlarından sonra baş verir.
▪️ Hansısa təyyarə naviqasiya sisteminin nasazlığı nəticəsində (bunu İran REM sistemi də edə bilər) İran səmasına daxil ola bilər və s.

İran müharibəsində belə halların olub-olmadığı haqda dəqiq məlumatım yoxdur, amma 3 apreldə vurulan F-15-in test və ya naviqasiya sisteminin pozuntusundan baş verdiyini ehtimal edirəm.

İnternetdə yalnız bir dəfə – müharibənin ilk günlərində cütlüyün təyyarəsi adı ilə video paylaşılmışdı, amma o da İrana məxsus MiQ təyyarəsi idi.

Dünən pilotu xilasetmə məqsədilə İran səmasına daxil olan təyyarə və helikopterlər böyük risk etmişdilər. Onlar İranın sərhədinə yaxın əraziyə daxil olmuşdular. Bunu etmək üçün, yəqin ki, əvvəl onlar həmin zonanı qoruyan HHM sistemini ya məhv etmiş, ya da “boğmuşdular” – helikopterlər bunu edə bilirlər. Həm də onlar alçaqdan uçurdular ki, digər HHM-lərin radarlarına düşməsinlər. Bu səbəbdən də helikopterlərin ikisi də PZRK ilə vurulmuşdu. Yeri gəlmişkən, A-10 təyyarəsi də PZRK ilə vurulmuşdu, çünki o da radarlara düşməmək üçün alçaqdan uçurmuş.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Sansiya-sanksiya gözləntilərinə qapanıb dəyişiylik xəyalları quran sadəlöv çövrə ayılsın”.

admin

Rusiya ilə yeni toqquşmaya hazırlıq: nüvə də nəzərə alınıb

redaktor

Rusiyanın puç olan qaz ümidləri: Avropanın “donması” gələn ilə qaldı – TƏHLİL

admin