DünyaSiyasət

ABŞ-İsrail cütlüyü İranla müharibədə öz təkəbbürünün qurbanına çevrilib

“Blitskriq” planı iflasa uğradıqdan sonra onların davranışında hələ ki bir strategiya görünmür: sanki İrana mümkün qədər çox ziyan vurmaqla, dəhşətli dağıntı törətməklə, onminlərlə adam öldürməklə möcüzə baş verəcəyinə və İran hakimiyyətinin təslim olacağına ümid edirlər.

İranın isə bu müharibədə çox soyuqqanlı və sistemli davrandığı görünür: sanki bir plan üzrə cütlüyü çıxılmaz vəziyyətə salmağa çalışır və mərhələ-mərhələ buna nail olur.

İran cütlüyün ona qarşı hava müharibəsi aparacağına hazırlaşıb. Məncə, onun müharibə planı 2 paralel strategiya üzrə qurulub:
▪️ cütlüyün müdafiə potensialını zəiflətmək;
▪️ cütlüyün hücum potensialını zəiflətmək.

Cütlüyün müdafiə potensialını zəiflətmək üzrə

12 günlük müharibənin təcrübəsindən məlumdur ki, cütlüyün müdafiə sistemi aşağıdakı kimi təşkil olunmuşdu:
▪️ Körfəz ölkələrindən İsrailədək eşelonlaşdırılmış radarlar şəbəkəsi – bunlar İrandan çıxan raket və dronları ilk andan qeydə alır və müvafiq müdafiə sistemlərinə ötürürlər.
▪️ Körfəz ölkələrindən İsrailədək HHM qurğuları (“Patriot”, THAAD, “Arrow” və s.)
▪️ Gəmilərin HHM qurğuları
▪️ Körfəz ölkələrinin aviabazalarında yerləşdirilmiş təyyarə və helikopterlər (dronlarla mübarizə üçün).

İran müharibənin ilk günlərindən radarları hədəf aldı. Radarların vurulması cütülüyü “kor” edir. Raket və dronun İrandan buraxılmasını vaxtında aşkar etmək onları zərərsizləşdirmək ehtimalını artırır. Məsələn, vaxtında aşkar edilən raket/dron İsrailə çatanadək başqa ölkələrin səmasında yerüstü və ya gəmi HHM qurğularından, təyyarə və ya helikopterlərdən vurula bilər. 12 günlük müharibədə İranın raket/dronlarının 90%-i belə vurulurdu, onların yalnız 10%-i İsrailə çata bilirdi. İsrail üçün də onları vurmaq nisbətən asan idi, çünki hədəf 30 dəqiqəyədək müddətdə izlənilir və onu vurmaq üçün hazırlıq görülürdü. Radarların çoxu vurulandan sonra İsrail hava hücumundan gec xəbər tutur. Hücuma hazırlığa 30 dəqiqə yox, məsələn, 9 dəqiqə vaxtı qalır. Vaxt azlığı isə müdafiənin effektivliyini azaldır. İsarilin radarları da vurulduqca onun müdafiə qabiliyyəti kəskin aşağı düşür.

İran paralel olaraq Körfəz ölkələrinin və İsrailin HHM qurğularını sıradan çıxarır. Artıq mətbuatda 4 THAAD-ın sıradan çıxarılması haqda məlumatlar yayılıb. ABŞ C.Koreyadakı yeganə THAAD qurğusunu da Yaxın Şərqə gətirməyə məcbur olub. Neçə “Patriot”un məhv edilməsi haqda məlumat yoxdur, amma onların da sayı azalıb. ABŞ-ın Polşanın “Patriot”unu istəməsi buna misal ola bilər (Polşa imtina etdi).

HHM qurğularını sıradan çıxartmağın bir yolu da onların raketlərinin tükədilməsidir. İran ilk günlər çoxsaylı ucuz dron və raket atmaqla bahalı və məhdud saylı HHM raketləri ehtiyatının azalmasına nail oldu. Raket ehtiyatı azaldıqca cütlük hansı hədəfi vurmaq məsələsində seçim etməyə məcbur olur və raketləri hər obyektin yox, yalnız ən qiymətli obyektlərinin qorunmasına sərf edir.

Aydındır ki, ən çox HHM raketi İsrailə verilib. İran onların da tükədilməsinə çarə tapıb. HHM qurğusu 1 hücum obyektinə qarşı standart olaraq 2 raket buraxır, vura bilməsə, 3-cü, 4-cünü də buraxa bilər. İran onları sürətlə tükətmək üçün kaset başlıqlı raketlərdən istifadə edir. Raket atmosferdə 80-dək başlığa parçalanaraq zərbə endirir. 80 başlığı zərərsizləşdirmək üçün 100-dən çox müdafiə raketi tələb olunur. Deməli: 1) bu çoxsaylı raket sərfinə səbəb olur; 2) başlıqlardan azı yarısı vurulmur.

Gəmilər bu dəfə müdafiədə, 12 günlük müharibədən fərqli olaraq, effektiv olmadı. Çünki AZQ-nin biri (“Gerald Ford”) əməliyyatda iştirak edə bilmədi, digəri isə (“Abraham Lincoln”) Körfəzdən çox uzağa çəkilməyə məcbur oldu. Qırmızı dənizdə isə bu dəfə ABŞ-ın hərbi gəmisi yoxdur.

Təyyarə və helikopterlər dronlara qarşı istifadə olunur, lakin onların da effektivliyi azalıb, çünki həm radarların azalması İranın hava hücumu haqda məlumatları gecikdirir, həm də İran İsrailə qədər regionda mövcud olan bütün aviabazalarını zərbə altında saxlayır.

Cütlüyün hücum potensialını zəiflətmək üzrə

Hava müharibəsində cütlüyün iki əsas hücum silahı var:
▪️ yerüstü və gəmi raket qurğuları,
▪️ təyyarələr.

Bunlar zərərsizləşdirilərsə, cütlük havadan hücum edə bilməyəcək.

İsrailin uzaq mənzilli (öz ölkəsindən İrana çata biləcək) raketləri yoxdur. ABŞ-ın isə M142 HIMARS (təkərli) və M270 (tırtıllı) raket sistemləri vasitəsilə yerdən İranı vurmaq imkanı var. Bu sistemlər raketin növündən və modifikasiyasından asılı olaraq 70-300 km (ən yeni modifikasiya 500 km) məsafədən hədəfi 3-10 və 1-2 m dəqiqliklə vura bilirlər. Yəni onlar ABŞ-ın hərbi bazaları olan Körfəz ölkələrindən və İraqdan İranın azı 200 km dərinliyinədək ərazilərindəki obyektləri hədəf götürə bilərlər. Düzdür, qurudan daha uzaq məsafəyə (1500+ km) tomahavk raketi ata bilən qurğu da ola bilər, lakin bu qurğu yenidir və ümumi sayı birrəqəmlidir. İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarını, həmçinin bu sitemlərini vurmaqla, hərbi kontingentini qaçırtmaqla onların effektivliyini minimuma endirə bilib.

Gəmilərdən zərbə məsafəsi 1600-2500 km olan tomahavk qanadlı raketləri atılır. İran gəmiləri sahillərindən 1000 km uzaqlaşdırmaqla onların effektivliyini (uzaq məsafə onların vurulma, radioelektron boğulma ehtimalını artırır) və İran dərinliyini vurma imkanını azaldıb.

Ən təhlükəli hücum təyyarələr vasitəsilə olur. Hazırda İrana zərbələrin mütləq çoxunu məhz təyyarələr vurur. Çünki onların özləri də çoxdur (500+), sursatları da. Həm də İran sərhədlərinə daha yaxın gələ bilir və sürətli manevr edə bilirlər. Onlarla mübarizə üçün İran belə taktika seçib. İlk növbədə İran sərhədləri yaxınlığında yerləşən bütün aviabazaları dron-raket zərbəsi altında saxlayaraq, hərbi aviasiyanın oralarda saxlanmasına imkan verməməyə çalışır. Eynisini aviadaşıyıcı gəmiyə qarşı da etdi və indi “Abraham Lincoln” İrandan 1000 km aralıda mövqe tutub. Təyyarələr İrandan uzaqlaşdıqca onların hücum əməliyyatlarında iştirak etməsi üçün aviatankerlərlərə ehtiyacı yaranır. İran isə aviatankerləri sıradan çıxartmaqda davam edir. Mətbuatın verdiyi məlumata görə artıq azı 11 aviatanker sıradan çıxıb. Bu da aviahücumların intensivliyini və effektivliyini azaldır.

Beləliklə, yaxın 2 həftədə nələri görə bilərik:
▪️ Cütlüyün müdafiə imkanları tükənəcək (HHM qurğuları azalacaq, HHM raketləri tükənəcək, radarları seyrələcək);
▪️ Cütlüyün hücum imkanları məhdudlaşacaq (aviatankerləri azalacaq, zərbə təyyarələrinin resursları tükənəcək, hücum raketləri tükənəcək).

Belə olduğu təqdirdə İran ABŞ-a deyə bilmərəm, amma İsrailə ölümcül zərbələr endirə bilər. Xatırladıram ki, İran hələ ən müasir hipersonik raketlərini çox xəsisliklə istifadə edir.

Yəni zaman cütlüyün xeyrinə işləmir. 2 həftə ərzində ya cütlük özü üçün fəlakətlə nəticələnmə ehtimalı böyük olan quru əməliyyatına başlamalıdır, ya da ABŞ müharibədən “möhtəşəm qələbə” ilə qaçmalıdır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb?

admin

Ərdoğan: Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması vacibdir

redaktor

Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi

admin