2020-ci ilin ortalarına doğru baş verən proseslər bizi o qədər gərginlikdə saxlayırdı ki, əsəblər dözmür, hər an partlamağa hazır bomba kimi özümüz də, cəmiyyətimiz də gözləməkdə idik.
Amma biz bu müharibəyə qəflətən rast gəlməmişdik.
30 ilə yaxın davam edən işğal rejimini zaman ötdükcə daha ciddi şəkildə milli qürurun bərpası üçün ictimai çağırışları və tələbələri zərurətə çevirdi.
İlk dəfə məğlub xalq sindromunu Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstanda üzləşdiyi erməni təxribatına verdiyi cavabı ilə sındırmış, onun azad edilməsi prosesi isə bütöv bir nəslin düşmənə qarşı savaşının əsas hadisəsinə çevrilmişdi.
Daha sonra isə uzun illər unudulmayacaq bir qəhrəmanlıq hekayəsi – Mübariz İbrahimov şəhidliyi sübut etdi ki, düşmən zəif və qorxaqdır.
Mübariz ibrahimov, Ramil Səfərov yeni bir nəsil yetişdirdi, azadlıq arzusuna təşnə, ürəyi vətənin zorlanmış torpaqlarını düşmənin rüsvayçı işğalından azad etmək istəyi.
İl 2014, ay avqust: bir şənbə sabahı iş yerimizdə ağır xəbər alırıq, düşmən atəşkəs rejimini pozub, 13 Azərbaycan əsgəri şəhid olub. Vüsal Tağıyevlə işi atıb, Tərtərə yollanırıq…
Qapanlı kəndində gecə saatlarında bombalar yağır, bir nəfər belə olsa, kəndi tərk etmir. Gecə çox şey yaşanır, xatirələri belə ağırdır… Ümidsiz və ağır xəbərlərə Bakıya qayıdırıq.
İl 2016, ay aprel…
Sonuncu müharibəyə aparan ilk döyüşlər və təcrübələr… Bu dəfə daha ciddi nəzarət edilən ərazilərdən keçib yenə Tərtərə çatırıq, geceni yenə bombardman altında, Sahin Aliyev bizi evində qonaq edir. Sabah üçün ilk işimiz yenidən Qapanlı kəndinə getmək olur, amma kəndin girişində hərbi polis bizi qaytarır, inad edərək yoncaliq sahədən kəndə daxil olmağa çalışırıq və həbs edilirik. Qarşısıalınmaz maraq bizi ciddi qanun və hərbi rejimi pozmaqla da olsa, bura çəkib gətirir. Sözügedən gün eyni ərazidə – ermənilərin nəzarətində olan ərazidən ukraynalı xanım jurnalist canlı yayımla döyüş içəridə Azərbaycan ərazisinə daxil olmağa çalışır və o da həbs edilir.
Amma orda olmaq, o anları yaşamaq istəyi sadəcə ramedilməz səviyyəyə çatır.
92 şəhid və üzün müddətli pauza.
İl 2020.
Pandemiya bir müharibə kimi bizi heç bir zaman yazmadıgimiz həyat şərtləri ilə üz – üzə qoyur. Hər kəs artıq yeni bir dövrün başlandığının fərqindədir. Dünya heç bir zaman olmadığı qaydasını, nizamnini yaşayır: pərdələr enir, sərhədlər bağlanır və qapalı dünya nizamı meydana çıxır…
Azərbaycada isə ritorika daha da yüksəlir, Ermənistanın yeni baş naziri ipə – sapa yatmır, Şuşada rəqs edir, sərxoş olur, Azərbaycan haqqında təhqirləri bol – bol səpir, müdafiə naziri yeni ərazilər iddiasına qapılır və bir səhər Tovuzda…
….
Bakıya dönürük.
14 iyul günüdür, yolboyu əsgəri konvoylar üzü Bakıdan bölgələrə tərəf nizami qaydada hərəkət edir.
İki gündü ki, Tovuz döyüşləri başlayıb, ölkənin qərb zonası ilk dəfədir ki, hərbi əməliyyatlarının platformasına çevrilir.
Mövzu artıq Qarabağ deyil: Araz və Kür çayları arasında yerləşən Azərbaycan ərazilərinin Yevlaxa qədər işğalı planı dövrəyə soxulub.
Tikan üstündəyəm, hər ağızdan bir avaz gəlir,
Cəbhədə itkilər haqda danışırlar, yüksəkrütbəli hərbçilərimizin şəhid olması barədə şayiələr yayılır.
Abuzər Əbilova zəng edirəm, general məsələsi barədə sual verirəm:
Aldığım cavabla sarsılıram: General Polad Həşimov şəhid olub.
Ağlamaq tutur məni, maşının yan şüşələrini yumruqlayiram, avtomobildə əyləşənlərin əksəriyyəti gəncdir, sosial şəbəkələrdən məlumat alırlar. Bu balaca maşındakı hər kəs kiçik bir Azərbaycan olur, qisas hissi ilə alışır…
14-15-ə keçən gecə Bakı savaş yürüşlərinə oyanır.
Yüz minlərlə insan sel olur, üzü müqəddəs məkana – Şəhidlər xiyabanına yol alır.
Ali Baş Komandan bəyanat verir: Azərbaycan düşməni cəzalandıracaq. Xalqın istəyi mütləq reallaşacaq.
Payız qapidadir …
Məsələn, dünən artıq Ömər aşırımi qarla örtülüb. Qarabaga payızdan etibarən qış gəlir. Əksəriyyət düşünür ki, üzü qışa doğru əməliyyat ola bilməz.
Səbrimiz tükənir, aldığımız bütün informasiyalar müharibəyə an qaldığı yondədir.
Kəndimizdə belə səngərlər və sığınacaqlar qazılıb və hər kəs gözləyir. ..
27 sentyabr günü…
Qeyri – iş vaxtına təsadüf edir, internet imkanlarım zəif, xəbər məkanı ilə heç bir kontaktim yox, daxili sıxıntılarım üst səviyyədə.
Sübh tezdən telefon heç bir Sosial şəbəkəyə daxil olmur. Müharibəyə görə internetin məhdudlaşdirilmasindan xəbərsiz, artıq təhəmmul edə bilmirəm.
İşə yollaniram, Facebook bloklanib, yutub zəif açır, saytlar isə müharibə xəbəri barədə müxtəlif məlumatlar verir.
Məcbur qalıb televizoru qoşuram, Azərbaycan Televiziyası titrdən elan edilir ki, bir azdan hərbi qərargahın brifinqi olacaq:
Hikmət Hacıyev və Anar Eyvazov ekranda görünür: bir neçə kəlmə, bir neçə söz və həmin o məşhur mətn: “Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.
Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatları davam edir”…
Kəndlərin adına çatanda xüsusi bir diqqətlə dinləyirəm, adlar bitər – bitməz boş ofisdə, boş zalda var səsimlə qışqırıram, yaşadığım hisslərin heç bir ifadəsi və adı, ya da izahı yoxdur. Qururdan danışa bilmirəm, zəng edirəm atama, təbrik etməyə çalışıram, dilim söz tutmur…
Boşluq içərisindəyəm, dəhşətli sükut sinirlərimi didir -dagidir.
İnanılması çox çətin: son 300 il ərzində tarixini yalnız məğlubiyyət səhifələri ötmüş ölkənin ən şanslı və qürurlu vətəndaşlarından biri kimi tarixin qızıldan parlaq səhifələrinə şahidlik edirəm…
Qarşıda isə bizi daha böyük qələbələr gözləyir(di).
Allah şəhidlərimizə rəhmət eləsin…
Əziz Əlibəylinin “Xatirələr əmanətdir” adlı yazısı
