Paşinyanın Putinlə görüşündən belə qənaətə gəlmək olar ki, SSRİ-ni bərpa eləmək istəyən Rusiya prezidentinin heç MDB-ni də əldə saxlamağa da gücü çatmayacaq. Erməni baş nazirin Rusiya prezidentinə meydan oxuyurmuş kimi davranışı yaxın gələcəkdə bu ölkənin MDB-ni, KTMT-ni və Aİİ-ni tərk edəcəyini düşünməyə əsas verir. Hələlik isə başqa bir keçmiş sovet respublikası MDB-ni tərk etməklə bağlı qərarını qətiləşdirib.
Moldova Parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib. Kommunistlər və Sosialistlər buna qarşı səs versələr də, qanun layihəsi arqıq qəbul edilib və imzalanmaq üçün Prezident Maia Sanduya göndəriləcək.
Moldova Xarici İşlər Nazirliyi iqtisadiyyat və ya vətəndaşlar üçün faydalı olan bəzi MDB müqavilələrinin qüvvədə qalacağını, lakin yalnız ölkənin Avropa kursuna zidd olmadığı təqdirdə qüvvədə qalacağını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi bu yanaşma ilə razılaşmadığını bildirib. Amma necə deyərlər, qatar yola düşüb…