Rusiyaya sən demə kələk gəlməyən qalmadı. Putinə qulaq asanda adam şaşırır: böyük, fövqəl, güclü dövləti ağıllı və bacarıqlı rəhbəri, bərkgedən geosiyasətilə hər gün necə axmaq yerinə qoya bilirlər? Adam özü etiraf edir.
İndi də Pekin Moskvanı aldadıb: Trampın Rusiya neft-qazına sanksiyaları azaltması və Çinə satmağa icazə verməsilə udan sən demə yenə də Rusiya yox, Çin olub.
Qazın qiymətlərindəki dalğalanmalar Çinin cibinə işləyib. Pekin Rusiyadan 1000 m3-i 250$-a aldığı qazı Asiya bazarında 850$-a satır. Və 3 dəfə baha qiymətə satdığı qazın bir partiyasından təqribən 40 mln. dollar qazanır.
Burda bir haşiyə çıxım: vaxtilə Moskva da eyni üsulla dəllallıq edirdi, Türkmənistandan 27$–a aldığı qazı 65$-a Çinə satırdı, elə birbaşa Türkmənistan-Çin boru xəttilə.
Çin daxili bazarında qaza tələbatın azalmasından onu xaricə çıxarmaqla sərfəli ticarət qurur.
Əsas alıcılarsa Hindistan, Tailand, Cənubi Koreya, Yaponiya və Filippindir. ABŞ-İsrail-İran müharibəsi, Hörmüz boğazının bağlanması Asiyada qazın qiymətini 85% bahalaşdırıb.
Odur ki, dəllaldan dəllala halaldır.
