O, biabırçı video-söhbəti paylaşmıram, ancaq 61 yaşlı qadına qarşı cavan bir şəxsin törətdiyi cinsi təcavüz faktı, gec — yəni hadisədən 8 ay sonra, iyul ayında üzə çıxsa belə — mütləq şəkildə tam və obyektiv araşdırılmalıdır. Günahkar şəxs istintaqa cəlb olunmalı, məhkəmə qarşısına çıxarılmalı və qanunla nəzərdə tutulan cəzasını almalıdır.
Hadisənin bu qədər gec araşdırılmasının səbəbi kimi isə qadının yaşlı, kimsəsiz və müdafiəsiz olmasından istifadə edilməsi ehtimal olunur. Görünür ki, təcavüzdə şübhəli bilinən şəxsin yaxınları müxtəlif yollarla prosesi uzatmağa, məsələni ört-basdır etməyə çalışıblar.
Eyni zamanda, burada yerli hüquq-mühafizə orqanlarının və hətta tibbi ekspertiza qurumlarının fəaliyyəti də suallar doğurur. İşin “ötür-ötür”, “get-gəl”lə uzadılması, vaxtın bilərəkdən və ya səhlənkarlıq səbəbindən itirilməsi ehtimalı istisna deyil. Halbuki, seksual xarakterli cinayətlərdə vaxt amili son dərəcə vacibdir — araşdırma gec başladıqca, mühüm sübutlar, bioloji izlər və digər dəlillər itə bilər.
Belə hallarda artıq əsas ümid zərərçəkənin ifadəsinə, mümkün şahidlərin mövcudluğuna, şübhəlinin etirafına və əgər varsa, fiziki zədələrin qeydə alınmasına qalır.
Hazırda isə əsas sual budur: bu gecikmə qəsdənmi baş verib, yoxsa səhlənkarlıq və ya başqa səbəblərləmi? Ümid olunur ki, prokurorluğun nəzarəti altında aparılan araşdırma yalnız təcavüz faktını deyil, eyni zamanda işin bu qədər gecikməsinin səbəblərini də tam şəkildə üzə çıxaracaq.
