Səhərdən onun messenger-nə durmadan təbriklər gəlir. Əvvəl düşündüm ki, yəqin onun həbsdə olduğunu bilməyən virtual dostuluğundakı adamlardır. Sonra gözümə tanıdığım dostların adları sataşdı və bu, məni çox təsirləndirdi düzü. Azər özü indi bu təbrikləri oxuya bilməsə də və dostları bunu bilə-bilə yenə də ona mesaj göndərirlər…
Qatı bir cinayətkar kimi dörd divar arasına qapadılaraq, hətta otağındakı işığı belə yandırıb-söndürmək hüququndan məhrum edilən Azər 51-ci yaşını Umbakının həyat əlaməti olmayan boz düzəngahındakı həbsxanada ciddi rejimdə qarşılayır. İndi gördüyü yeganə rəng səmadakı mavi rəngdir. Bu gün zəng günü idi. Onun rəngsiz həyatına rəng qatmaq üçün zənginə doğum günü mahnısına gur səs verməklə, dördümüz də bir ağızdan mahnı oxuyub onu təbrik etməklə cavab verdik. Uşaqlarla bir-bir təbrik edib gələn doğum gününü beşimiz də bir yerdə – azadlıqda keçirməsini arzuladıq.
Azər zahirən sərt və soyuqqanlı görünsə də, əslində çox böyük və yumşaq qəlbli atadır. Ailədə münasibətləri elə qurub ki, mən həmişə elə bilmişəm ki, son söz ona aiddir, amma uşaqlar elə biliblər ki, son söz mənə aiddir. Bunu çox sonralar, uşaqlar böyüyəndən sonra özləri açıq dedilər. Bir dəfə dedilər ki, sənin könlün razı olmayana atamız “hə” deməz. İndi də mənə təsir etmək, nəyəsə razı salmaq üçün həbsxana üzərindən ataları ilə danışırlar. Elə mən də “əvvəlcə görək atanız nə deyir, ondan sonra” deyib cavab verirəm.
Ötən on beş ay bizim ailə üçün çox çətin oldu. Amma önəmli olan odur ki, ailə olaraq heç birimiz ümidsizliyə qapılmadan hərə öz etməli olduğu işi gördü. Azərin universiteti yüksək qiymətlə bitirdi və ixtisasına uyğun yaxşı iş tapdı, Dəniz məsuliyyətini toparlayıb kollecə hazırlaşdı və ilk sərgisini keçirdi, Altan dördüncü sinfi əlaçı kimi bitirdi. Biz bilirik ki, Azər enerjini, gücü bizdən alır. Eynən də biz ondan. Hərçənd uşaqlar artıq bir aydan çoxdur ki, ataları ilə görüşə bilmirlər, amma buna baxmayaraq optimistdilər. Hətta Altan o qədər optimistdir ki, indidən yayda keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı planlar qurur. Həmişə yarışlara atası ilə baxıb komandalara mərc qoyurdular.
Allah bütün ataları övladlarının başının üstündən əskik etməsin, övladları da atasız qoymasın, uşaqlığın sevincini doya-doya yaşasınlar.

