15 C
Bakı
31 Mart 2026 12:39
DünyaGündəmMuharibəSiyasət

AP: Körfəzdəki müttəfiqləri Trampın İranla müharibəni davam etdirməsini istəyirlər

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla, Birləşmiş Ştatların Körfəzdəki müttəfiqləri prezident Donald Trampı İrana qarşı müharibəni davam etdirməyə çağırırlar. Onların arqumentinə görə, ABŞ və İsrailin bir aydan çoxdur gedən bombalama kampaniyası Tehranı yetərincə zəiflətməyib. Bu haqda “The Associated Press” ABŞ, Körfəz və İsrail rəsmilərinə istinadla yazır.

Agentlik qeyd edir ki, Səudiyyə, BƏƏ, Küveyt və Bəhreyn rəsmiləri qapalı söhbətlərində bildiriblər ki, İran rəhbərliyində əhəmiyyətli dəyişiklik olmayınca hərbi əməliyyatın bitməsini istəmirlər.

Bu arada Tramp İranın zəifləmiş rəhbərliyinin münaqişəni bitirməyə hazır olduğunu iddia edir. Digər yandan isə tezliklə razılaşma əldə olunmasa, eskalasiya ilə hədələyir.

Tramp bazar günü – martın 29-da jurnalistlərə Körfəz ölkələrinin İranla savaşdığını deyib. Körfəzdə ABŞ bazaları yerləşir və ABŞ həmin bazalardan İrana zərbələr endirib. Amma onlar müharibəyə qoşulmayıblar.

Körfəz ölkələrinin mövqeyində fərq

Körfəzdən bir diplomatın dediyinə görə, BƏƏ ən sərt mövqedən çıxış edir, Trampın quru işğalına göstəriş verməsinə çalışır. Küveyt və Bəhreynin də bu variantı dəstəklədiyi bildirilir.

Tarixən İranla Qərb arasında vasitəçi rolunda çıxış edən Oman və Qətər isə diplomatik həll tərəfdarıdır, – agentlik yazır.

Diplomatın sözlərinə görə, Səudiyyə ABŞ-yə deyib ki, müharibəni başa çatdırmaq “yaxşı saziş” ilə nəticələnməyəcək, İranın ərəb qonşularının təhlükəsizliyini təmin etməyəcək. Səudiyyə müharibənin İranın nüvə proqramına son qoymasını, ballistik raket arsenalını məhv etməsini, Tehranın proksi qruplara dəstəyini dayandırmasını istəyir.

Ağ ev bu məlumata şərh verməkdən imtina edib. Dövlət katibi Marko Rubio isə martın 30-da deyib ki, ABŞ və Körfəzdəki ərəb müttəfiqləri İranla bağlı mövqelərini uyğunlaşdırır. “ABC News”a müsahibəsində Rubio deyib ki, İrana nüvə silahı əldə etməyə heç vaxt icazə verilə bilməz.

Tramp İranla müharibəni bitirmək istəyir?

“The Wall Street Journal” qəzeti isə yazır ki, Tramp köməkçilərinə Hörmüz boğazı, əsasən, qapalı qalsa belə, İranla müharibəni bitirmək istədiyini deyib. Qəzet bunu administrasiya rəsmilərinə istinadla yazıb. Məlumata görə, Tramp və köməkçiləri belə bir qənaətə gəliblər ki, Hörmüzün açılması missiyası prezidentin müharibə ilə bağlı dörd-altı həftəlik qrafikini uzada bilər. Ona görə də prezident daha çox İranın raketləri və donanmasını vurmağa fokuslanıb.

İsrailin baş naziri Binyamin Netanyahu martın 30-da deyib ki, İranla müharibə məqsədlərinin yarısından çoxuna çatıb. “Amma bununla bağlı qrafik cızmaq istəmirəm”, – o əlavə edib.

AP Trampın ölkəsində ictimai dəstəyi qazanmağa çalışdığını yazır. Yaxın Şərq münaqişəsi artıq 3 mindən çox insanın həyatına son qoyub, qlobal iqtisadiyyatı silkələyib.

“Reuters” qeyd edir ki, neft və yanacağın bahalanması ABŞ-də ev təsərrüfatlarına təsir göstərməyə başlayıb, Tramp və onun respublikaçı partiyası üçün noyabr aralıq seçkisi öncəsi başağrısına çevrilib. Martın 30-da ABŞ-də benzinin qallonunun (4.5 litr) pərakəndə satışı son üç ildə ilk dəfə olaraq 4 dolları keçib. Neftin bareli isə 101 dollardan yuxarıdır.  (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

redaktor

Gecədən islatdığınızın noxudun suyunu içsəniz…

redaktor

Güclü külək bəzi meteohəssas insanlar üçün əlverişsiz olacaq

redaktor