Bəlkə də bir çoxumuza qəribə gələcək. Turan heç də bizim öz yaşadığımız coğrafiyaya verdiyimiz ad deyi. Başqalarının bizim yaşadığımız coğrafiyaya verdiyi addır.
Turan sözü ilk əvvəl miladdan əvvəl 1-ci minillikdə qələmə alınan Avestada keçir. Sonra Avestadan ilhamlanan Əbülqasim Firdovsi öz “Şahnamə”sində Turandan bəhs edib. Fars əsatirlərinə görə, dünyanın ilk hökmdarı Fəridunun 3 oğlu olub – Tur, İrəc və Salm. Fərudin oğullarından Tura Turanı, İrəcə İranı, Salma isə Rum diyarını verib.
“Şahnamə”yə görə, ali hökmdar Fərudin Çini də Tur qövmünün (dastanda bəzən Turak olaraq keçər) ixtiyarına verib. Yəni, şair bununla demək istəyib ki, İran bizimdir, siz Türküstan və Çinlə yetinin.
Tarixdən bəllidir ki, Firdovsi “Şahnamə”ni yazdığı əsrdə Səlcuqlular İranı tədricən fəthə başlamış, dolayısıyla fars şairinin “qızıldan qiymətli” məsləhətlərinə qulaq asmamışdır. İran adlanan məmləkətin qızıl çağları da məhz türklərin oraya hakim olduğu tarixlə başlamışdır. İndi qalxıb bəzilərinin İranın 3000 illik dövlətçilik tarixindən danışanda adam mat-məəttəl qalır. Avestanın Turan adlandırdığı dövlətin salnaməsini də bu tarixə əlavə edirlər?
Sual edə bilərsiniz: Türklər niyə zəhmət çəkib öz tarixlərini yazmayıb ki, başqaları onu özününküləşdirməyələr?
Bu sualın cavabını Türk dövlət adamları kifayət qədər aydın şəkildə veriblər. Bilgə xaqanın Orxon-Yenisey abidələrindəki hekayəsində bildirilir ki, o, çinlilər kimi oturaq həyata keçmək, qalalar tikmək, şəhərlər salmaq istəyir. Hətta buddizmi belə qəbul etmək fikrinə düşür. Bilgə xaqanın vəziri Tonyukuk isə bu fikrə qarşı çıxır və məsələ qurultayda müzakirəyə çıxarılır. Geniş müzakirələrdən sonra Tonyukukun mülahizəsi üstün tutulur. Bu mülahizəyə görə, oturaq həyata keçilərsə, buddizm qəbul olunarsa, Türklər şəhər qalaları arasına həbs edilə və beləcə Çin əsarətinə düşə, assimiliyasiyaya uğraya bilərdilər.
Yeri gəlmişkən, Çin salnamələrinin iddiasına görə, Bilgə xaqandan hardasa 1500 il əvvəl yaşamış Mete xanın da belə bir əndişəsi olmuş və bu səbəbdən də faktiki olaraq məğlubiyyətə uğratdığı Çini ilhaq etməmişdir. İçərisində əriyib yox olmasınlar deyə.
Sualın digər bir cavabı Atillanın Roma papasına dediyi bu sözdə gizlidir: “Biz Türklər tarix yazmırıq, tarixi yaradırıq”.
Bəli, biz tarixi yaratmaq istədiyimizdən, yazı-pozu işlərini başqalarının öhdəsinə buraxmışıq. Amma bu o demək deyil ki, yazı yazmağı bacarmamışıq. Orxon-Yenisey abidələri Türklərin yazı-pozu işində də çox bacarıqlı olduğunu göstərir. Buna baxmayaraq, başqaları kimi özümüzü birinci və ikincilərin arasına soxuşdurub üçüncü kimi də görünməyə çalışmamışıq. Başqalarından fərqli olaraq, nağıl yox, real hadisələri yaddaşımızda qaldığı qədər yazmışıq.
