İrandan Türkiyəyə atılan 4-cü ballistik raketin də zərərsizləşdirilməsi regionda yeni təhlükəsizlik reallığını göstərir. Bu hadisə fonunda əsas sual emosional deyil, strateji olmalıdır: cavab verilməlidirmi?
Mənim qənaətimə görə, Türkiyə hazırkı mərhələdə birbaşa hərbi qarşıdurmadan maksimum dərəcədə yayınmalıdır. Bunun əsas səbəbi zəiflik deyil, əksinə — texnoloji transformasiya mərhələsində olmasıdır. Türkiyə son illərdə müdafiə sənayesində ciddi sıçrayış edib, lakin bu üstünlüklərin böyük hissəsi hələ tam kütləvi istehsal və sistemli tətbiq mərhələsinə keçməyib.
Başqa sözlə, zaman Türkiyənin xeyrinə işləyir. Bu mərhələdə müharibəyə daxil olmaq, hələ tam oturuşmamış texnoloji üstünlükləri riskə atmaq deməkdir. Halbuki strateji səbr bu üstünlükləri daha da möhkəmləndirə və gələcəkdə daha effektiv güc balansı yarada bilər.
Eyni yanaşma Azərbaycan üçün də keçərlidir. Regional təxribatlara dərhal emosional reaksiya vermək əvəzinə, uzunmüddətli güc balansı və geosiyasi nəticələr nəzərə alınmalıdır.
İran isə daxili və xarici təzyiqlər fonunda tədricən zəifləyən aktor təsiri bağışlayır. Belə şəraitdə tələskən hərbi eskalasiya əks tərəfin maraqlarına xidmət edə bilər.
Nəticə etibarilə, bu mərhələdə ən rasional strategiya — təmkin, vaxtın düzgün idarə olunması və texnoloji üstünlüyün tam formalaşmasını gözləməkdir.
Strateji səbr bəzən ən güclü cavabdır.
