Bu günlərdə ölkə prezidenti dövlət qulluqçularının maaşlarını açıqladı. Məsələn, baş nazir 17 min 160 manat, Mərkəzi Seçki Komissiyasının sədri 12 min manat.
– Deputat Elman Nəsirov da hələ 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı demişdi ki, vətəndaşlar 2026-cı ildə daha yaxşı yaşayacaq:
“2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir.”
– “Fakt Yoxla” sosial büdcədə 213 milyon artımın özlüyündə vətəndaşların həyat şəraitini daha yaxşıya doğru dəyişdirib-dəyişdirmədiyini yoxlamışdı. Həmin analizi sizə təqdim edirik.
– 2026-cı ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait 2025-ci ilin dövlət büdcəsinə nisbətən 1,3 faiz artımla 17 milyard 145 milyon manat olub.
– Bununla belə, Azərbaycanda olan inflyasiya göstəriciləri bu artım faizindən çoxdur ki, bu da sosial xərclərin real göstəricilərdə artmadığını, inflyasiya nəzərə alındıqda əksinə azaldığını göstərir.
– 2024-cü ildə 4.9%-lik inflyasiya qeydə alınıb. Mərkəzi Bankın 2025-ci ilin rəsmi inflyasiya proqnozu isə 6%-dir. 2025-ci ilin rəsmi inflyasiya proqnozunu nəzərə almaqla 2026-cı ildə sosial xərclər azı 17 milyard 947 milyon manat olmalı idi ki, real ifadədə artım olsun.
– Həmçinin, 2026-cı ildə bəzi vergi növləri üzrə sahibkarların və sadə vətəndaşların xərclərini artıracaq yeni artımlar da nəzərdə tutulur:
– Qeyri-neft özəl sektorda çalışan muzdlu işçilərin aylıq əməkhaqqı 8 min manata qədər olduqda tətbiq edilən gəlir vergisi güzəşti ləğv olunur.
– Yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları da artırılacaq.
– Hökumət 2026-cı ildən etibarən torpaq mülkiyyətinə sahib fermerlər üçün sosial sığorta yükünü artırmağı planlaşdırır.
– Həmçinin, gələn ildən qeyri-rəsmi çalışanlar və işsiz statusu ala bilməyənlər tibbi sığortanı da özləri ödəməli olacaq.
– “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia faktlarla manipulyasiyadır. Belə ki, Azərbaycanda 2026-cı il üçün sosial xərclərdə real ifadədə azalma, əhalinin vərgi və ödənişlərində isə artımlar gözlənilir.