“Heç vaxt görmək imkanımız olmayan Nəsimi, Babək, Beyrək və digər qəhrəmanları bizimlə sanki canlı gördüyümüz insanlar kimi tanış edən böyük sənətkar Rasim Balayev rəhmətə getdi. Bir neçə saat idi ki, onunla bağlı olan yazılarla, xatirələrlə tanış olub birlikdə keçirdiyimiz xoş anları xatırlayırdım. Nə isə yazmaq fikrim də yox idi, çünki onun haqqında xoş olan hər şey artıq yazılmışdı. Bu yazılar içində mahiyyətləri heç bir yandan 5 qəpik olmayanların ona dil uzatması məni bu yazını yazmağa məcbur etdi”.
Bu fikirləri hüquqşünas Aslan İsmayılov Rasim Balayevin vəfatı ilə bağlı səsləndirib.
“Bəli, son illər həm keçmişdə, həm də yaşadığımız dövrdə xalqımızı ləyaqətlə təmsil edən və onun ucalması üçün bacardığı hər şeyi edən böyük şəxsiyyətlərə dil uzatdıqlarına görə çoxlu “tanınmışlar” peyda olub və nə yazıq ki, onları oxuyanlar və paylaşanlar da az deyil. Hesab edirəm ki, bu gün etdiklərinin adını tənqidi fikir qoyanlar bu xalqa ən böyük düşmənçilik edən yaramazlardır. Ən dəhşətlisi də odur ki, heç doğmalarına da bir fayda verməyən, həyatda heç bir sahədə müsbət nailiyyətləri olmayan (mənfiləri boldur) bu gün bu üsulla dolanışıq yolu da tapıblar.
Gördüyünüz şəklin çəkilməsini Rasim müəllim təklif edib, mənim duracağım yeri də zarafatla o seçib. İlk dəfə həmin məclisdə onunla rəhmətlik, böyük sənətkar, böyük insan Fuad Poladov vasitəsilə tanış oldum. Rasim müəllimin sənəti və yaradıcılığı ilə tanış olsam da, məhz həmin gündən onunla çoxlu görüşlərimiz oldu. Həmin münasibətlərdə Rasim müəllimin təkcə böyük sənətkar yox, həm də böyük insan olduğunun şahidi oldum. O, çox tanınmışlardan fərqli olaraq iqtidarla iqtidarçı, müxalifətlə müxalifətçi kimi olmurdu. O, hamı ilə özü olurdu və buna görə də çox əziyyət çəkirdi, çünki Azərbaycanda imkanı olan hər tərəf hamını özləri kimi görmək istəyir. Heç kim müstəqil mövqeyi olanı qəbul etmək istəmir.
Bir bədbəxtçilik də ondadır ki, cəmiyyət, xüsusilə müxalifət nümayəndələri tanınmışları dar ağacında, məhkəmə qarşısında, həbsxanada, ya da dilənçi kimi görmək istəyir. Bu azmış kimi, onların övladlarına da eyni münasibət bəsləyirlər. Kiminsə övladının öz savadına, bacarığına görə nailiyyəti olursa, hökmən onu hakimiyyətə bağlamaq istəyib adını “satılmış” qoyurlar. Məhz belə yanaşmaya görə çoxlu sayda istedadlı, tanınmış şəxslər susmağa üstünlük verirlər. Bir çoxlarını da zorla hakimiyyətə sığınmağa məcbur edirlər.
Rasim Balayev hakimiyyətin, müxalifətin, ümumilikdə cəmiyyətin imkan verdiyindən də artıq ziyalı oldu. Onun aldığı adlar, orden və medallar öz istedadı və zəhməti sayəsində olub.
Allah rəhmət eləsin”. (Bakupost.az)
