Ailəsi hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş deputatNazim Bəydəmirlinin daha geniş xəstəxanaya köçürülməsini istəyir. Bu barədə onun xanımı Fəridə Bəydəmirlinin ölkə başçısına müraciətində bəhs edilir.
O vurğulayır ki, ərinin sağlamlığında çox ciddi problemlər yaranıb, “daha geniş xəstəxanada yatırılıb ciddi müalicə olunmalıdır”.
F.Bəydəmirli istəyir ki, əri ev dustaqlığına buraxılsın.
Bu açıqlamaya rəsmi qurumların münasibəti bəlli deyil.
27 mart
Nazim Bəydəmirli Müalicə Müəssisəsinə yerləşdirilib
Keçmiş deputat Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bu barədə onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb.
Amma o qeyd edib ki, hələlik, həyat yoldaşının səhhəti ilə bağlı məlumat ala bilməyib.
Məsləyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən də münasibət almaq mümkün olmayıb.
Nazim Bəydəmirlinin həbsdə səhhəti qəfil pisləşib
Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin qəfil pisləşdiyi bildirilir. Bu haqda bu gün, martın 26-da onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb. O, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə də müraciət edərək vurğulayıb ki, hal-hazırda Qaradağ rayonu13 nömrəli Cəzaçəkmə Müəssisəsində olan N.Bəydəmirlinin səhhəti qəfil pisləşdiyindən təcili yardım çağırılıb hospitalizasiya olunmalıdır.
Bu açıqlamaya sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
N.Bəydəmirlinin ailəsi bundan əvvəl də onun səhhəti ilə bağlı narahatlıqlarını bəyan edib.
N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı “uydurma” adlandırıb. Ona 8 il həbs cəzası kəsilib.
N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü “ekologiya məhbusu” adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri ərazidəki qızıl zavodundan axan su vasitəsilə kənddəki gölün zəhərləndiyini bildirir və bunun da əhaliyə mənfi təsir göstərdiyini vurğulayaraq etiraz aksiyası keçirmişdilər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar həbsə göndəriliblər.
Həmin qızıl zavodunun işi dayandırılsa da, sonradan rəsmi komissiya yenidənqurma və modernləşdirilmə ilə bağlı müəyyən tövsiyələr verməklə onun fəaliyyətini mümkün sayıb. İstismarçı “Anglo Asian Mining” şirkəti üzərinə yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin gerçəkləşdirilməsi tələbləri də qoyulurdu.
Müəssisənin son durumu ilə bağlı yaxın tarixdə ictimaiyyətə açıqlama verilməyib.