ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı diqqət çəkən yeni iddia irəli sürülüb.
Məlumata görə, hücumlar zamanı mülki yaşayış məntəqələrini hədəf alan zərbələrdə döyüşdə sınaqdan keçirilməmiş raketlərdən istifadə edilib.
“Nyu-York Tayms” qəzetinin silah mütəxəssislərinə və vizual analizlərə əsaslanan xəbərində bildirilir ki, hücumların ilk günü – 28 fevral tarixində ABŞ qüvvələri Lamerd ərazisində yerləşən hərbi obyekt yaxınlığındakı idman zalı və məktəbi hədəfə alıb. İddialara görə, bu hücum zamanı yeni hazırlanmış və hələ döyüş şəraitində sınaqdan keçirilməmiş ABŞ istehsalı ballistik raketlərdən istifadə olunub.
Qəzetin məlumatına əsasən, Lamerdə baş verən iki hücumun videogörüntüləri və hadisədən sonrakı kadrlar təsdiqlənib. Jurnalistlər və sursat üzrə mütəxəssislərin qiymətləndirməsinə görə, partlayışların xarakteri və dağıntılar PrSM tipli qısa mənzilli ballistik raketlə uyğunluq təşkil edir.
Xəbərdə qeyd olunur ki, sözügedən raketin prototip sınaqları ötən il başa çatdırılıb. ABŞ Mərkəzi Komandanlığı isə martın 1-də hücumların ilk 24 saatı ərzində bu raketin buraxılış görüntülərini yayıb. ABŞ rəsmilərindən biri də Lamerdə istifadə edilən raketin məhz bu tip olduğunu təsdiqləyib. (AzPolitika.info)
