12 C
Bakı
28 Mart 2026 22:48
CəmiyyətGündəmMədəniyyət

Kəramət Böyükçöl və meyxana: sənət, kütlə və ictimai çəki

Kəramət Böyükçöl bir neçə ildir ki, müxtəlif fəaliyyət növlərinə qarşı tənqidi fikirlər səsləndirir. Söz atdığı cəbhələrdən ən çox səs-küy yaradanı meyxana olub. Və bu qarşıdurma zaman-zaman davam edir.

Məlum məsələdir, meyxananın bəlli bir izləyici, dinləyici kütləsi var. Və bu auditoriya öz sevdiyi fəaliyyət növünün müdafiəsinə qalxır, bu da təbii ki, gündəmə çevrilir.

Meyxanayla bağlı müzakirələr onun sənət olub, olmamasıyla bağlı yaransa da əslində nəticələr başqa yerə gətirib, çıxarır.

Məsələ burasındadır ki, bu günə qədər meyxana cəbhəsi, bu cəbhəni tənqid edən adama tutarlı bir arqument gətirə bilməyib. Səbəb çox sadədir – Kəramət haqlıdır. Niyə?

Tənqidə qarşı verilən cavablar aşağısı-yuxarısı belə olub: “Kəraməti ANS-in verilişindən qovublar. Onu susdurmaq üçün ağzının üstündən yumruq vurmaq lazımdır. Kəramət özü nə yazır ki, meyxanaya söz atır?! Meyxana sənətdir, dəf kimi də sənətdir. Kəraməti söhbətə çağırmışıq, gəlməyib, məlumdur ki, nə yolun yolçusudur”.

Meyxanaya qarşı fərqli cəbhələrdən çıxış edənlər də olub: “Sənət də deyil, folklor da deyil. Qazi Bürhanəddin filan qoşmasında belə deyib. Folklora aid filan nümunədə qurbağanı gör, necə təsvir ediblər”.

Meyxanaçıların cavabı: “Meyxana bir dəryadır. Bu dəryada üzməyən, suyunun dadını bilməyən onun haqqında danışa bilməz. Meyxana anlayışı irfani kəlimədir, “Əbcəd” əlifbasına görə meyin və xananın rəqəmsal mənaları var. Fizuli də istifadə edib”.

Məsələ bundan ibarətdir ki, Kəramət haqlıdır. Ona görə haqlıdır ki, izlədiyi, gördüyü, dinlədiyi meyxanaların heç bir ictimai çəkisi yoxdur. Şərt deyil ki, sən Sabir obrazına bürünüb, satirik şair olasan. Amma sənin məşğuliyyətin şifahi də olsa, arxanda böyük kütlə var və sən həm simanla, həm də fəaliyyətinlə bir ictimai çəkiyə sahib olmalısan.

Bilirəm, kimlərsə deyəcək ki, bu da özünü reklam etmək üçün vasitə axtarır, meyxanadan xəbəri yoxdur.

Meyxanadan, meyxana məclislərindən xəbəri olan, meyxananı yüksək səviyyədə deməyi bacaran və onun şöhrətindən də, qazancından da imtina etmiş biri olaraq deyirəm bunları.

İndi də kimlərsə deyəcək ki, uğur qazanmamısan, ayrılmısan. Xeyr, uğur qazandığım ərəfədə uzaqlaşmışam. Halbuki hər gün məclislərdə, meyxana meydanlarında yaxşı da pul qazanırdım. Bəs niyə uzaqlaşdım? Özümü o mühitdə görmək istəmədim, məqsədlərim vardı, paralel getdiyim yol vardı, iki yol bir-birinə zidd idi. Və boş bir işlə məşğul olduğumun fərqində idim. Bir neçə gün öncə bir dostumla müzakirə edirdik, niyə uzaqlaşdın, dedi. Dedim ki, fəaliyyət yalnız toylarda mövcud olduğu üçün kütlə sənətidir. Sən davamlı alqış almalısan. Alqış üçün kütlənin kodlarından istifadə etməlisən. Bu kodlardan istifadə edirdim, alqış alırdım, sonra özümü saxtakar hesab edirdim. Çünki mənim paralel izlədiyim yol kütləyə qarşı, ona tənqidi yanaşan yoldur.

Birmənalı olaraq, meyxana sənət deyil. Bunun üçün mübahisə etmək yox, sənətşünaslığın əsaslarını öyrənmək lazımdır. Meyxana pisdirmi? Xeyr. Bu, oxuma-yazma bilməyən bədəvi ərəblərdən gələn, bizdə sistemləşən folklor nümunəsidir. Amma möcüzə deyil. Bu qədər qabartmağa, möcüzəvi nəsnə kimi təqdim etməyə ehtiyac yoxdur. Ətrafına böyük auditoriya yığmasının bir neçə səbəbi var:

1. Yaxın Şərq xalqları həqiqətin yalnız göydən gəldiyinə inanır. Ədəbiyyatın da, şairliyin də, ilhamın da Allah tərəfindən gəldiyinə inanılır. Meyxana da Azərbaycanda daha çox bir məzhəbi təmsil edən bölgələrdə maraqlı və dəyərlidir. Və üstəlik, ona bir Allah vergisi kimi yanaşılır.

2. Müasir informasiya imkanları fonunda müəyyən inanclı kütlə tərəfindən təbliğ olunur. Eyni zamanda bu kütlənin içərisində eyni dəyərləri paylaşan, kütlənin siması, öndəgedəni, xüsusi rəğbət bəslədiyi adamlar tərəfindən dəstək verilir. İkili yanaşılır – İnancyönümlü və bəzi dəstələrin milli dəyəri kimi.

3. Meyxananın kütləvi dinləyiciləri və izləyiciləri ona əyləncə kimi yanaşır. Hər nə qədər bunu inkar etsələr də, mahiyyət etibarilə belədir. İki nəfərin söz savaşı və birinin digərini üstələməsi təsadüfi olaraq, kütləvi alqış effekti vermir. Əks arqumentiniz varmı? Yoxdur. Minlərlə alqış edən adamlar arasında sorğu keçirsək, əksəriyyəti kitab oxumur, amma meyxana dinləyir. Anlayıram, beyin asan olana qaçır. Mədəniyyət məcburi prosesdir. Amma bu qayda meyxana kütləsi üçün də keçərlidir. Meyxana daha asan qavranılır. Amma əksəriyyətin şüuraltı məqsədi qavramaq deyil, əylənməkdir. Kimsə deyə bilər ki, bəs filan qafiyədə filan qəliz fikri də alqışlayırlar. Küyə gedib alqışlayırlar. Ortada bir ictimai hadisə, tərkib yoxdur. Çoxluq nə zaman ayağa qalxır, nə zaman kütləvi alqış olur? Bir meyxanaçı, digər meyxanaçını deyişmədə üstələyəndə. Deyişmələr də əsasən dayaz hədə-qorxu üzərində qurulur. Meyxananın tempi, abu-havası bunu tələb edir. Şəhidlərdən, dini mövzulardan danışanda da kütlə ayağa qalxır. Çünki onun inanc kodlarına müraciət olunur. Hə, bir də mental kimlik məsələlərində. Məsələn, toy çadırının qurulduğu məkanda deyirsən ki, bu məkanın oğlanları qeyrətlidir, özündən deyəndir və.s. Bunlar hamısı alqışa hesablanan, davamlı müraciət olunan kodlardır.

Zaman-zaman bəzi meyxanaçılar efirlərdə deyir ki, biz başa düşürük, meyxanada da problemlər var, bu meyxananın yox, meyxanaçıların problemidir. Aradan qaldırmağa çalışırıq.

Nəyi aradan qaldırırsan, qardaş? Meyxanadan nə düzəldə bilərsən? Sənin yeganə fəaliyyət və qazanc mənbəyin toydur. Toya isə insanlar əylənməyə gəlir. Eynşteynin “Nisbilik” nəzəriyyəsindən danışacaqsan? Xeyr. Danışsan da səni növbəti toya dəvət etməyəcəklər. Sən axı efirdə çıxıb deyirsən ki, meyxananın xalqı maarifləndirmək və ya ictimai məsuliyyəti çiyinlərinə götürmək öhdəliyi yoxdur. Yoxdursa, niyə meyxananın sənət olmadığını qəbul etmirsən? Maarifçilik tarixinə bax, gör, orada şifahi nəsnə varmı? Mədəniyyət yazılmadan oxuna bilməz. Sən sənin fəaliyyətini tənqid edəni söhbətə çağırırsan, necə maarifçi ola bilərsən? Hər meyxanada azı bir dəfə “Mən haqqı deyirəm, haqq şairiyəm” deyilir. Haqq nədir, sən hansı haqqdan danışırsan? 1400 il öncə Hz. Əli yox, Hz. Əbu Bəkr Ərəbistanda xəlifə olub. Bunu dilə gətirmək haqqı deməkdir? Bunu dilə gətirib, alqış, şabaş aldığın şiə məclisindəki hər kəs bilir. Bu, haqqı demək yox, kütləyə oynayıb, şəxsi mənafeyinə işləməkdir. Auditoriya da bunun fərqində deyil. Küyə gedir.

Sən əgər meyxanaçısansa və sənin tək fəaliyyət çevrən toydursa, kütlənin kodlarına müraciət etməyə, onların maraqlarına xidmət etməyə məcbursan. Heç toyda fəaliyyət göstərməsən də yenə bu fəaliyyəti ayaqda saxlamaq üçün kütlən olmalıdır. Kütlə üçün də kütlənin təfəkkürünə uyğun bəsitlik vacibdir. Meyxananı müdafiə edəcək əsas yoxdur. Əsas olması üçün onu ictimai müstəviyə gətirməlisən. Sən onu yalnız bu məqamda müdafiə edə bilərsən.

Meyxana bir fəaliyyət növüdür, folklor janrıdır. Eynilə aşıq ədəbiyyatı kimi. Amma aşıq ədəbiyyatı meyxana şəklində ortaya çıxmayıb, onun təbliğ etdiyi mövzuları ələ almayıb. Baxmayaraq ki, şifahi xalq ədəbiyyatıdır, tərkib etibarilə müəyyən prinsipləri var. Bəs heca jsnrıns əsaslanan, türkruhlu aşıq ədəbiyyatı bu gün meyxana qədər təsirli və geniş kütləyə xitab edə bilirmi? Xeyr. Çünki ölkənin müəyyən bölgələrində toy məclislərində ortaya çıxır, məhdud bir kütləyə xitab edir. Üstəlik, maddi dəstəyi yoxdur.

Meyxana aşıq ədəbiyyatı qədər tərkib etibarilə möhkəm olmasa da, o da təyinatı etibarilə folklordur. İçini nə ilə doldurmaq meyxanaçılardan asılıdır. Kimsə bunu ortadan qaldıra bilməz, çünki kütlə sevir. Vill Durantın məhşur aforizmi var: “Bütün sivilizasiyalardan yeganə sağ çıxan canlı kütlədir”. Amma sən kütləyə hesabladığın fəaliyyəti ictimai fikrə kökləməyi bacarmalısan. Üstəlik, ciddi maddi dəstəyi var.

Bu gün hər kəs öz başının milçəyini qoruyur. Anlaşılandır. Sən də meyxanaçısan, çörəyini qazanmalısan. Sənə də bu sferada icazə verilib. Amma müasir dövrlə ayaqlaşa bilməyəcəksən. Öncə meyxananın təyinatına bax. “Haqqı demək” ifadəsi haradan yaranıb? Abbasilərə qarşı siyasi gücü olmayanların meyxanələrdə, çayxanalarda nərd oynaya-oynaya şikayətlənməyindən. Bu fəaliyyət Azərbaycanda sistemləşəndən bir müddət sonra da Sovet hakimiyyətinə qarşı satira yönümlü ortaya çıxıb. Elə bir müddət qadağan olunmasının da əsas səbəbi budur. “Meyxana” kəliməsi də öz təməlini Şiraz dövründən alır.

Birinə “meyxananın müdafiə” naziri, digərinə “hazırcavab” adı verməklə olmur bu işlər. Sən özünə şair, fəaliyyətinə ədəbiyyat deyirsənsə, o zaman bu fəaliyyəti təyinatı üzrə sürdürməlisən, ona ictimailik donu geyindirməlisən. Özünütənqidi bacarmalısan. Öncəki illərdə söyüş, təhqir, narkotik təbliğatı, “pristupnıy-mir”in tərifi, meyxananın əsas mövzuları olub. İndi də məzhəb təbliğatı onurğa mövzulardan biridir.

Ortadakı müdafiəçilər də ictimai şüura təsir edəcək, əsaslandıracaq adamlar deyil. Meyxananın kütləsindən əlavə bu kütlənin içərisində az sayda həqiqi xiridarları var. O xiridarların əksəriyyəti indiki meyxanaların çoxunu dinləmir. Niyə? İndiki meyxana texniki baxımdan çox inkişaf edib, amma ictimai çəkisi baxımından öncəki meyxanadan geridə qalır.

2000-ci illərdən öncəki nəslin meyxanaçı kumiri kimi Ağasəlim Çıldaq təqdim olunsa da, əslində Ağasəlim nə meyxana nöqteyi-nəzərindən söz ustadı olub, nə də təyinata uyğun sima. Baxmayaraq ki, meyxananın texniki tərəfi bərbad vəziyyətdə idi, buna baxmayaraq ictimai fikrə yaxınlaşmağa çalışan iki nəfər var idi – Nizami Rəmzi və Elçin Maştağalı.

Nizami Rəmzi yeganə meyxanaçı olub ki, meyxananı küçə ritorikasından çıxarıb, onu mədəniləşdirməyə, milliləşdirməyə və ictimailəşdirməyə xidmət edib. Nizami meyxananı Bakı kəndlərinin və Cənub bölgəsinim sevimlisi olmaqdan çıxarıb, ölkənin bütün bölgələrində ictimai hadisəyə çevirib. Və fəaliyyətinin əsas dövrü Sovet dövrünə təsadüf edir. Həmin dövrdə meyxana qadağan olunmuşdu, ağzını açanın gülləsi əksik deyildi.

Bütün mənzərəni göz önünə gətirəndə Kəramət haqlıdır. Bilirəm, onun haqqında da fikrimin nə olduğunu soruşanlar olacaq. Mənə görə, istedadlıdır, orijinal təhkiyəsi var, amma intellektual deyil. Meyxanasevərlər deyə bilər ki, ədalətsiz yanaşırsan, meyxananın kütlə tərəfindən sevilməsini onun bəsitliyinə, sənət olmamasına arqument kimi gətirirsən, amma Kəramətin sevilməsini gözardı edirsən. Xeyr, etmirəm. Kəraməti sevən kütlə də onun istedadını, təhkiyəsini deyil, sadə dildə, kütlənin başa düşdüyü tərzdə yazdığı statusları və bu statusların, çıxışların sayəsində qazandığı şöhrəti, simanı, yaratdığı qarşıdurmaları, məsxərəni sevir. “Meyxana xoruz döyüşüdür, kütlə bu döyüşü sevir, onu alqışlayır” deyən Kəramət də əslində özüylə, meyxanaçılar arasında “xoruz döyüşü” yaradıb. O da çörəyini belə qazanır. Qazandığı şöhrətin hesabına kitabsız topluma kitab satmağa çalışır. Başqa yolu yoxdur. Bunu etməsə, ac qalacaq.

Hər bir halda sadəcə istedada köklənsə də özünəməxsus, orijinal tapıntıları var. Ən əsası mizahı var. Maraq yarada bilir. Tənqid etdiyi mövqedən fərqli olaraq, üfüqləri genişdir. İstedadının içərisini intellektlə doldurub, ciddi bir ədəbiyyat ərsəyə gətirə bilər. İmkanları var. İzlədiyi yol da maarifçi xəttə yaxın yoldur. Meyxananın mədəniyyət yaratmaq şansı yoxdur, ədəbiyyatın var.

Və onun qarşısına çıxıb, dediklərinin əksinə arqument gətirəcək adam yox səviyyəsindədir. Müdafiə etməyə çalışanlar da müxtəlif zamanlarda öz düşüncə, yanaşma tərziylə onu haqlı çıxardı. Səbəb çox sadədir, ortada bir-iki dolu adam var, onlar da müzakirədən uzaq, sakitliyi sevən adamlardır, yerdə qalan çoxluğun içərisində ictimai çəkisi, fikri, şüuru olan adam yoxdur. Hətta meyxanaçıların və meyxanasevərlərin savadlı, intellektual dediyi adamlar da bu qəbildəndir. Gerçək savadın, intellektin nə olduğunu bilməyən adamlar üçün vurma cədvəlini bilənlər alimdir. Birtərəfli danışmaq doğru deyil, əslində ölkənin ədəbiyyat və incəsənət çevrəsində də savadlı, intellektual adam çox azdır.

Hər şeyi kənara qoyub, maarifçilik tarixinə baxanda, müqayisələr aparanda hər şey aydın olur. Milli maarifçilik xəttinin, tarixinin hansı notlara kökləndiyi, hansı qoldan gəldiyi, hansı ictimai kimliyi, şüuru, ruhu təmsil etməsi önəmlidir. Bunları nəzərə alanda bütün müzakirə və mübahisələrin düyünü açılır.

Hər iki tərəfin üstün və əksik tərəfləri, zərurətləri, bəhanələri, ehtiyacları var, bizim isə ehtiyacımız olan nəsnələr gerçək intellekt, mədəniyyət və ictimai şüurdur. Zaman irəli getdikcə rəqabət çətinləşir. Təməli olan, özü-özünü yarada, yeniləyə bilən mədəniyyətlər digərini yeyir. Vaşinqton Universitetinin 2017-ci ildəki tədqiqatının nəticəsinə əsasən növbəti əsrə mövcud dillərin qırx faizi çıxmayacaq. Oturub, ciddi-ciddi düşünmək lazımdır…

 

Sahib Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Vüsal 300″dən sonra “Buxur” çay evinin sahibi “Vüsal 900” işi araşdırılacaq?

redaktor

“İran bir neçə aya uranı zənginləşdirməyi bərpa edə bilər”

admin

Tanınmış həkim: “Ət yeyən uşaqlar yaddaşsız, böyüklər isə əsəbi, gərgin, yırtıcı olur”

redaktor