Hörmüz boğazından neft məhsullarının daşınması ilə bağlı çətinliklər enerji idxalçısı olan dövlətlərdə yalnız benzin qiymətlərinin yüksəlməsi deyil, bəzi hallarda yanacaq qıtlığı ilə də müşahidə olunur. ABŞ-da benzinin 1 qalonun qiyməti mart ayının geridə qalan günlərində hər qalon üçün 2.81 dollardan orta hesabla 3.98 dollaradək yüksəlib. Bəzi ştatlarda isə benzinin hər qalonu 4.6 dollara təklif edilir. Qeyd edək ki, 1 qalon 3.78 litrdir.
Avropa İttifaqında (Aİ) isə 1 litr benzinin orta qiyməti 1.78 avroyadək yüksəlib. Bəzi üzv ölkələrində qiymət artıq 2 avroya çatıb. 2025-ci ildə 336.7 milyard avro enerji məhsulları idxal edən Aİ-də son hadisələr bazarda volatilliyinn güclənməsi ilə yanaşı, yanacaq qıtlığına da səbəb ola bilər. Ötən il Aİ yanacaq üçün neftin 15.1 faizinni Birləşmiş Ştatlardan, 14.4 faizini Norveçdən və 12.7 faizni Qazaxıstandan idxal edib.
Dünya enerji məhsullarınn 20 faizinin keçdiyi Hörmüz boğazı vasitəsi ilə Avropa İttifaqı neft istehlakının 6.2 faizini reallaşdırır. Qlobal ortalama ilə müqayisədə ittifaqın boğazdan asıllığı nisbətən az olsa da bir sıra dövlətlərin benzin ixracatını məhdudlaşdırılması “köhnə qitənin” bazarına təsirsiz ötüşməyə bilər.
Göründüyü kimi, dünya neft bazarı yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bir sıra inkişaf etmiş dövlətlərdə sadəcə qiymət sıçrayışlar deyil, həmçinin benzin doldurma məntəqələrində uzun növbələr də müşahidə edilə bilər.
