Bir çox İranpərəst dostlar önümüzdəki payız aylarında ABŞ-da keçiriləcək ara seçkilərində Demokratların qələbə qazanmasına ümid bağlayıblar. Təəssüflə onların bu ümidlərini qırmalı olacağam.
Əziz “xumuş-qafalılar”, boş-boş arzulara qapılıb, sonra xəyal qırıqlığına uğramayın. Növbəti ara seçkilərində Demokratlar qələbə qazansa belə, Trampı impiçment etmək düşündüyünüz qədər asan məsələ deyil.
Xatırladım ki, Donald Tramp ömrünün ilk prezidentlik dövründə 2 dəfə (2019 və 2021-ci illərdə) impiçment olunub. Amma Nümayəndələr Palatasının qəbul etdiyi bu qərar Senatdan keçməyib, hətta Tramp bu ittihamlardan bəraət alaraq yaxasını qurtara bilib. Bilirsinimi, niyə?
Çünki Konqresin daxili Nizamnaməsinin “İmpiçment Səlahiyyəti” maddəsinin 2-ci və 3-cü bəndlərinə görə, Prezidentin, yaxud istənilən seçilmiş şəxsin vəzifə səlahiyyətlərini əlindən alınması üçün onun məsələsinə əvvəl Nümayəndələr Palatasında baxılır. “Dövlətə xəyanət, rüşvətxorluq və ya digər ağır cinayətlər”də günahlandırılan vəzifəli şəxsin impiçmenti qərarının Nümayəndələr Palatasından keçməsi üçün sadə səs çoxluğu tələb olunur. Amma daha sonra bu qərar Senatın müzakirəsinə çıxarılır. Senatda isə bu qərarın təsdiqlənməsi üçün ən azı 2/3 səs çoxluğu lazımdır. Konqres seçkilərində isə Demokratların 2/3 səs çoxluğu ilə qələbə qazanması sadəcə nəzəri olaraq mümkündür. İndiyə qədərki təcrübələr istər Nümayəndələr Palatasında, istərsə də Senatda partiyaların yalnız 1 neçə nəfərlik üstünlük qazandığı görünüb.
Daha aydın ibarə ilə desək, Trampın impiçmenti üçün 100 nəfərlik senatorların ən azı 67-si onun əleyhinə səs verməlidir. Bu isə, rəhmətlik nənəmin sözü olmasın, “dəvənin quyruğu yerə dəyəndə” baş verə bilər.
