20 C
Bakı
20 Oktyabr 2026 17:13
DünyaGündəmSiyasət

Avropa Parlamenti Aİ xaricində deportasiya mərkəzlərinin yaradılmasını dəstəkləyib

Avropa Parlamenti Aİ xaricində deportasiya mərkəzlərinin yaradılmasını nəzərdə tutan “Geri qaytarma haqqında reqlament” layihəsini qəbul edib. Bu barədə “Euronews” məlumat yayıb.

Səsvermə zamanı sənədi 389 deputat dəstəkləyib, 206 nəfər əleyhinə çıxıb, 32 deputat isə bitərəf qalıb.

2025-ci ilin martında təqdim olunan layihə, “The Guardian” nəşrinin yazdığına görə, sığınacaq verilməsindən imtina edilən və ya vizasının müddəti bitən şəxslərin məcburi geri qaytarılması üçün “etibarlı siyasət” formalaşdırmağı hədəfləyir.

Yeni qaydalara əsasən, Aİ-yə üzv dövlətlər qeyri-qanuni miqrantları onların mənşə ölkələrinə deyil, üçüncü ölkələrə də göndərə biləcəklər. Bunun üçün həmin ölkələrlə ikitərəfli razılaşmaların olması və onların ərazisində deportasiya mərkəzlərinin yaradılması tələb olunur.

Sənəd həmçinin qanuni saxlanma müddətinin iki ilə qədər artırılmasını və Aİ-də qalmaq üçün hüquqi əsasları olmayan şəxslər üçün demək olar ki, qeyri-məhdud giriş qadağalarının tətbiqini nəzərdə tutur.

“Euronews”un məlumatına görə, qanunun yekun variantı Avropa Parlamenti ilə Aİ üzv dövlətləri arasında müzakirə olunacaq. Həm deputatlar, həm də üzv ölkələr deportasiya tədbirlərinə uşaqlı ailələrin də daxil edilməsini istəyir. Yalnız müşayiətsiz azyaşlıların bu qaydadan istisna ediləcəyi qeyd olunur.

“Amnesty International” təşkilatının Avropa institutları üzrə ofisinin direktoru İv Geddinin sözlərinə görə, Avropa Parlamenti bu qərarla “Aİ-nin cəza və məhdudiyyət yönümlü tədbirlərini genişləndirməyə” səs verib.

O bildirib ki, sənəd “tələsik şəkildə, lazımi nəzarət və insan hüquqlarına təsirinin ciddi qiymətləndirilməsi aparılmadan qəbul edilib”.

“Bu, miqrasiya siyasətində getdikcə daha sərt və ayrı-seçkili yanaşmaya doğru dəyişimi göstərir. Bunun hüquqi prosedurların qorunması və sübutlara əsaslanan qərarvermə baxımından narahatedici nəticələri ola bilər. Bu təkliflər qeyri-qanuni qalma hallarını azaltmayacaq, əksinə, daha çox insanı həssas vəziyyətə sala bilər”, – deyə o vurğulayıb.

İv Geddi əlavə edib ki, “geri qaytarma mərkəzləri” insan hüquqlarının pozulması baxımından ciddi risklər yaradır və bu cür praktika tamamilə rədd edilməlidir.

“Amnesty International” hesab edir ki, Avropa Parlamentində keçirilən səsvermə reqlamentin qəbuluna qədər Aİ Şurası ilə üçtərəfli danışıqlara yol açır və bu prosesin sürətlə irəliləyəcəyi gözlənilir. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor