Xalqın, millətin kimliyini formalaşdıran, davamlığını və inkişafını təmin edən ən önəmli amil onun mədəni kodudur. Mədəni kod dəyərlər, adət-ənənələr və simvollar sistemidir. Bu özünü dildə, mədəniyyətin bütün sahələrində olduğu kimi bayramlarda, ailə ənənələrində, hətta gündəlik həyatda özünü göstərir.
Doğu Türküstandan Güney Azərbaycanın ən ucqar nöqtələrinə qədər uzanan geniş çoğrafiyada Novruz Bayramı milli bayram olaraq qeyd edildiyi halda Türkiyədə bu bayram kürdlərin bayramına çevrilib. Hər il olduğu kimi bu il də Türkiyədə kürdlər Novruz Bayramını kütləvi şəkildə, təntənə ilə qeyd edərək fərqli toplum olduqlarını, Türkiyə cəmiyyətinin bir hissəsi olmadıqlarını nümayiş etdirdilər.
Türkiyənin ictimai rəyin şəksiz lideri Yılmaz Özdil deyir ki, Novruz türklərin bayramı olsa da, Türkiyənin bayramı deyil. Ardan Zenturk isə bildirir ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanda dövlət səviyyəsində milli bayram olaraq qeyd edilən Novruzu bir ərəblər, bir də Türkiyə qeyd etmir.
Qədim şumer eposu Bilqamıs dastanından ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına qədər yüzlərlə tarix, ədəbiyyat nümunəmizdə Novruz xüsusi yer tutur.
Ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasındakı bu misralar son bir həftədə bütün evlərimizdə gördüyümüz mənzərəydi:
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Türkiyə israrla özünü bu qədim milli ənənədən, kimliyimizi, mədəni kodumuzu formalaşdıran bu milli bayramdan kənarda saxlamağa çalışır. Bunu isə Novruz Bayramının İslama zidd, fars və kürd bayramı olması kimi bəhanələrlə edir. Halbuki, Doğu Türküstandan Azərbaycanın ucqarlarına qədər geniş çoğafiyada Novruz bayramı türklərin milli kimliklərini qorumalarının ən güclü silahı, qoruyucu qalxanıdır.
