Tridranqar mayakı (isl. Þrídrangaviti) Storidranqur qayasında (Vestmannaeyyar arxipelaqı) yerləşir və İslandiyanın cənub-qərb sahillərindən yeddi kilometr aralıdadır.
Mayakın binası su səviyyəsindən 30 metr hündürlükdə, projektor isə 34 metr yüksəklikdə yerləşir. Hər 30 saniyədən bir verilən işıq siqnalı 17 kilometrdən görünür.
2009-cu ildə fotoqraf Arni Sebergin “Morgunblaðið” qəzetində dərc olunan fotosu Castin Biber tərəfindən paylaşılaraq Tridranqar mayakına marağın kəskin artmasına səbəb oldu. Onun populyarlığına səbəb mənzərəli yerdə tikilməsi, son dərəcə əlçatmazlığı və tikintisinin heyrətamiz tarixi olub.
Storidranqur açıq dənizdə yerləşən üç sıldırım qayadan ən hündürüdür — su səviyyəsindən 36,5 metr. Onun zirvəsində mayak 1938–1939-cu illərdə tikilib. Yerinin əlçatmaz olması səbəbindən tikintidə heç bir texnikadan istifadə etmək mümkün deyildi, bütün işlər alpinist Arni Torarinssonnun rəhbərliyi ilə əllə aparılırdı. Vestmannaeyyar icmasının dəniz quşlarının yumurtasını toplayan və buna görə də qayaya dırmanma təcrübəsi çox olan yerli sakinlər də işə cəlb edildi.
Əvvəlcə qayaya qalxmaq lazım idi və bu, yalnız sıldırım, sürüşkən divarlara görə deyil, həm də daimi külək və dalğalar səbəbindən çətin idi — qayaya yaxınlaşıb möhkəmlənmək belə mümkün olmurdu. Əl burğuları (drel) və çəkiclər vasitəsilə qayaya qarmaqlar vurulur, sonra zəncir çəkilirdi. Bir gün ərzində cəmi bir neçə hissə quraşdırmaq mümkün olurdu və beləliklə, tədricən yuxarıya doğru dolama yol yaranırdı. Zirvəyə yaxın isə vəziyyət daha da çətinləşdi — tutacaq və dayaq demək olar ki, yox idi. Nəticədə alpinistlərdən biri kiçik çıxıntı üzərində diz çökdü, digəri onun çiyinlərinə çıxdı və yalnız üçüncüsü uçurumun kənarına çata bildi.
Qayanın zirvəsində o qədər güclü külək əsirdi ki, gündə yalnız bir neçə saat işləmək mümkün idi. Buna görə də elektrik olmadan, tam əl əməyilə aparılan tikinti iki il çəkdi. Mayak 1939-cu ilin payızına hazır oldu. İşıqlandırma sistemi Danimarkadan gətiriləcəkdi (o zaman Danimarka və İslandiya şəxsi uniya yaratmışdılar: İslandiya müstəqil dövlət idi, lakin Danimarka kralı həm də İslandiya kralı idi). Lakin ökə işğal olunduğundan projektor Böyük Britaniya tərəfindən təmin edildi və mayak 5 iyul 1942-ci ildə istismara verildi.
1940-cı illərin sonunda mayak avtomatlaşdırıldı, 1950-ci illərdə isə helikopter meydançası tikildi. 1993-cü ildə onun enerji təchizatı günəş enerjisinə keçirildi.
