Hər gün kimlərsə sosial şəbəkələrdə və televiziyalarda ABŞ-ın İrana canlı qüvvə yeridəcəyi təqdirdə dəhşətli itkilər verəcəyindən danışır. Misal olaraq da ABŞ-ın İraqda və Əfqanıstanda məğlubiyyətindən danışırlar. Bəs bilirsinizmi ABŞ İraq və Əfqanıstanı işğal edərkən nə qədər itki verib? Yəqin ki, çoxunuz bilmirsiz.
2003-cü ildə ABŞ İraqı 20 günə işğal etdi (20 mart – 9 aprel). İraqın paytaxtı Bağdad şəhəri tutulana qədər ABŞ-ın döyüşlərdə canlı qüvvə itkisi 65 nəfər idi. Ümumiyyətlə, döyüşlərdə, helikopter qəzaları və digər qəzalar, səhvən öz hərbçilərini atəşə tutma və s. bu kimi itkilərlə birlikdə 130 nəfər itki verdi. Bu itkilərin 35 nəfəri Bağdadı tutarkən verilib, təsəvvür edin, şəhər döyüşlərində. İraq ordusu isə hərbçilər və digər təhlükəsizlik qüvvələri ilə birlikdə 45 min itki verdi.
Bir dəfə Facebook-da birinin statusuna bu barədə yazdım ki, ABŞ İraqı işğal edərkən döyüşlərdə 65 nəfər itki verib. Dedi ki, “nolsun, ABŞ koalisiya ilə İraqı işğal etdi.” Bəs 30-dan çox koalisiyada olan ölkələrin itkisi bilirsiniz nə qədər idi? 20 nəfər. Böyük Britaniyadan başqa ciddi qoşun gətirən yox idi.
O vaxt Səddam Hüseynin Məhəmməd Səid əl-Səhhaf adlı bir sözçüsü vardı. Hər gün açıqlamalar verirdi ki:
“Amerika qüvvələri ağır itki verib, geri çəkilir.”
“İraq ordusu uğurla döyüşür, düşmən geri çəkilir.”
Hətta ABŞ ordusu paytaxt Bağdada girəndə açıqlama verdi ki:
“ABŞ ordusu heç bir şəhərə girə bilməyib.”
İndi Səddamın sözçüsü kimi açıqlamaları kimlərdən eşidirsiniz? O vaxt hətta İraq televiziyası bir çobanı efirə də çıxarmışdı. Guya bu igid tüfənglə F16 qırıcı təyyarəsi vurmuşdu. Yəqin xatırlayarsınız.
ABŞ-ın İraqda ən çox itki verdiyi illər isə 2004–2007-ci illər idi. Bu illərdə İraqda partizan müharibəsi başladı, şiə-sünni toqquşmaları oldu, Əl-Qaidənin hücumları gücləndi və itkilər artdı.
18 dekabr 2011-ci ildə ABŞ ordusu İraqdan tam çıxanda itkilərinin sayı 4 431 nəfər idi. Digər 30-dan çox ölkə də 500 nəfər itki vermişdi. Onun da 179 nəfəri Böyük Britaniyanın itkisi idi.
Bəs ABŞ Əfqanıstanı neçə günə işğal edib və nə qədər itki verib? Yəqin bu barədə də danışanda elə bilirsiniz onminlərlə itkisi olub, çünki sizə heç vaxt kimin nə qədər itki verdiyini demirlər. Desələr sizdə sual yaranar ki, bu necə məğlubiyyətdir?
2001-ci ilin 7 oktyabrında ABŞ və koalisiya qüvvələri Əfqanıstanı işğala başlayıb və paytaxt Kabil şəhərinə 37 günə çatıb. Talibanla bu 37 günlük döyüşlərdə ABŞ ordusu 14 nəfər əsgərini itirdi, 50 nəfər yaralanıb. Koalisiyanın digər ölkələri isə 3 nəfər əsgərini itirib.
ABŞ ordusu Əfqanıstanda döyüşdüyü 20 il ərzində isə 2 400 nəfər itki verdi. Bunun da hamısı hərbçi deyildi, 1 900 nəfəri döyüşlər zamanı verilən itkilər idi. Bu döyüşlərdə Talibanın itkiləri isə minimum 55 000 nəfər hesab olunur.
İndi də əmin olun ki, İrana da canlı qüvvə yeritsə, aşağı-yuxarı eyni itkilərlə, ərazinin də imkan verdiyi şərtlərə uyğun olaraq İranı nəzarətə götürəcək. Bəziləri isə “İranı başqa dövlətlə səhv salmayın” sözünü unudub, beynəlxalq hüquqdan, ABŞ işğalından-zaddan danışacaq.
Keçək təzədən Əfqanıstana
Bəs ABŞ Əfqanıstanda məğlub olmadısa nə oldu? Sadəcə məqsədinə çata bilmədi. Bu ölkədə rəsmi rəqəmlərə görə 2 trilyon dollardan çox pul xərclədilər, seçkilərlə hakimiyyət formalaşdırmağa çalışdılar, məktəblər, xəstəxanalar, dövlət binaları tikildi, enerji sistemini quruldu. Ancaq ölkə rəhbərliyinə gələn bütün hakimiyyətlər korrupsioner oldu, öz maraqlarını, tayfa maraqlarını güdənlər oldu. Xalqın da “Taliban” beyni dəyişmədi. Tikilən xəstəxananı, məktəbi partladan başları dəyişmək mümkün deyildi. ABŞ-ın başqa hansı dərin maraqları vardı, çata bilmədi, əhəmiyyətini itirdi, deyə bilmərəm. Heç maraqlı da deyil.
İraqa gəldikdə isə, bundan əvvəlki yazılarımdan birində İraq haqda qeyd etmişəm. İraq dövləti düzgün yol tutub, seçkilər keçirilir, hakimiyyətlər dəyişilir, neftdən gələn gəlirlərlə İraq dövləti sürətli olmasa da, ən azı inkişafa doğru gedir. Ən azı bu yazıda trolluq edəcək adamlardan yaxşı yaşayırlar, daha çox maaş alırlar, başqa ölkələrə bir qarın çörək üçün üz tutmurlar.
Belə faktları ortaya qoyanda dərhal Rusiyanın troll fabrikinin ölkəmizdəki aktiv nümayəndələrinin dərhal misal çəkdiyi məsələ olur: ABŞ Vyetnamda məğlub oldu. Bəli, əziz trollar və normal vətəndaşlar. ABŞ Vyetnamda məğlub olub, ağır itkilər verib və ABŞ cəmiyyətinin də təzyiqi ilə geri çəkilib. Amma bu müharibə 50-60 il əvvəl olub. Bəlkə də ABŞ elə bu müharibədən sonra ciddi dərslər çıxarıb, ordusunu daha da gücləndirib, orduda texnoloji yeniliklər yüksək səviyyədə tətbiq edilib ki, ən azı iki ölkənin paytaxtını 14-65 nəfər itki verməklə tuta bilib.
