10 C
Bakı
25 Mart 2026 10:42
DünyaSiyasət

İran münaqişəsi Azərbaycanla Ermənistanın yaxınlaşmasına töhfə verə bilər?

Fevralın son günündən bəri ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişənin fəsadları təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da hiss olunub.

Martın 5-də Naxçıvana dronların buraxıldığını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldı. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Bildirilir ki, dronlardan biri orta məktəbin yaxınlığına düşüb.

Azərbaycan prezidenti İlham Əliyev hücuma görə birbaşa İranı günahlandırsa da, İran rəhbərliyi məsuliyyəti öz üzərinə götürməyib, lakin hadisənin araşdırılacağını bildirib.

Azərbaycanın uzun illər müharibə şəraitində olduğu Ermənistan da İranla quru sərhədi bölüşür. Bu ana qədər Ermənistanda İrandakı münaqişənin fəsadlarına rast gəlinməsə də, bu ölkə də səhvən açılan raket atəşi və ya qaçqın axını kimi hadisələrdən sığortalanmayıb.

Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının mətni yalnız ötən ilin avqustunda Vaşinqtonda paraflanıb. Həmin vaxtdan bəri iki ölkə arasında sülh prosesində irəliləyişlər müşahidə olunsa da, münasibətlərin normallaşmasını demək hələ tezdir.

Bəs qonşu ölkədə baş verən, Azərbaycan və Ermənistan üçün eyni dərəcədə risklər yaradan münaqişə iki ölkənin yaxınlaşmasına töhfə verə bilər?

San-Dieqo Universitetinin dosenti, konfliktoloq Filip Qamağelyan və siyasi elmlər üzrə araşdırmaçı Şücaət Əhmədzadə “Caucasus Edition” nəşri üçün birgə yazılarında bu suala cavab axtarıblar.

Təhlilçilər bu kontekstdə Azərbaycan və Ermənistanın müstəqillikləri dövründə ilk dəfə olaraq bir-birini düşmən kimi görmədiklərinə diqqət yetirir. Onlar bildirir ki, iki ölkə artıq “kağız üzərində də olsa, düşmənçiliklərinə son qoymağı seçiblər”.

“Lakin kağız kövrəkdir. Vaşinqton prosesi bəyannamə və paraflanmış razılaşmanı ortaya qoydu, lakin yekun müqavilə hələ imzalanmayıb. Sərhəd qismən mübahisəli olaraq qalır, demarkasiya tamamlanmayıb və hər iki cəmiyyət siyasi razılaşmaların dərhal aradan qaldıra bilməyəcəyi bir tarixə şahid olub. Sülhün bir forması mövcuddur, lakin onun institusional təməlləri zəif olaraq qalır. Eyni zamanda, belə qeyri-müəyyənlik, daxili təzyiq və gərgin sərhəd boyunca sürətli qərarlar qəbul etməyə məcbur edən ciddi bir xarici şok bu kövrək sülh arxitekturasını daha da gərginləşdirə bilər. Qonşuluqdakı müharibə, şübhəsiz ki, belə bir şokdur. Lakin böhranlar normal siyasətin nadir hallarda icazə verdiyi əməkdaşlıq üçün də imkanlar yarada bilər”, – onlar qeyd edir.

Qamağelyan və Əhmədzadə bu yöndə ilk olaraq Azərbaycan və Ermənistan arasında İrandan gələcək təhlükələri önləmək üçün gündəlik koordinasiya mexanizminin yaradılmasını təklif edir. Onlar xatırladır ki, hazırda iki dövlət arasında kommunikasiya rəsmilər arasındakı vaxtaşırı təmaslardan ibarətdir.

“İndi tələb olunan isə daha strukturlaşdırılmış bir ünsiyyətdir. İki hökumət arasında birbaşa rabitə kanalları olan, təyin olunmuş elçilər və ya böhran koordinatorları hadisələrin baş verdiyi anda idarə olunmasına kömək edə bilər. Bu genişmiqyaslı və sürətli münaqişədə koordinasiya “ad hoc” olaraq qala bilməz. Hərbi sahədə koordinasiya eyni dərəcədə vacibdir. Hər iki ölkə hava hücumundan müdafiə sistemləri idarə edir və hər ikisi İran ərazisindən hava məkanına daxil olan obyektləri müəyyən etmək və izləməkdə maraqlıdır. Bu gün Naxçıvana hücum edən pilotsuz təyyarənin ardınca sabah Ermənistanın cənubunda raket qalıqlarına da rast gəlinə bilər”, – onlar əlavə edir.

Ekspertlər vurğulayır ki, münaqişə Azərbaycanla Ermənistan arasında quru əlaqələrinin açılmasına da rəvac verə bilər. İki ölkə arasında sərhəd 30 ildən çoxdur bağlı olduğuna görə Azərbaycandan quru yolu ilə Naxçıvana getmək istəyənlər məcburən İrandan keçməlidir.

“Bu böhran uzun müddətdir nəzəri olaraq qalmış alternativlərə yenidən baxmaq üçün bir fürsət yarada bilər. Biri Araz çayı boyunca Ermənistan ərazisindən keçən marşrutun açılmasıdır. Digəri isə Laçın, Sisian və Naxçıvanı şimaldan birləşdirən yolun açılmasıdır. Hər iki variant humanitar potensialına baxmayaraq, siyasi cəhətdən bloklanmış olaraq qalıb. Əgər Ermənistan humanitar əsaslarla Naxçıvana və Naxçıvandan malların və mülki şəxslərin keçidini asanlaşdırsaydı, bu jest logistika dəyərindən daha böyük əhəmiyyət kəsb edə bilərdi. Bu, Vaşinqton çərçivəsinin şərait tələb etdikdə real əməkdaşlıq yarada biləcəyini nümayiş etdirərdi. Belə bir jest böyük ehtimalla qarşılıq tələb edərdi. Azərbaycan buna cavab olaraq Ermənistana birbaşa fayda verən praktiki iqtisadi addımlar, məsələn, elektrik enerjisi mübadiləsini genişləndirmək, təbii qaz tədarükünü artırmaq və ya sərhəd boyunca icmalar üçün məhdud sərhəd ticarət tənzimləmələrinin açılması ilə cavab verə bilər. Bu cür kiçik tədbirlər siyasi öhdəlikləri hər iki cəmiyyət üçün real dividendlərə çevirməyə başlaya bilər”,– onlar qeyd edir.

Qamağelyan və Əhmədzadə sonda 1999-cu ilin İzmit zəlzələsinin də

Türkiyə və Yunanıstan arasında əməkdaşlıq imkanları yaratdığını xatırladır.

“Bir şeyə ortaq şəkildə məruz qalanda adi siyasətin qapalı saxladığı əməkdaşlıq üçün imkanlar yarana bilər. Vaşinqton Bəyannaməsi bir çərçivə yaratdı və İrandakı müharibə indi həmin çərçivənin real böhrana tab gətirə biləcəyini və ya ən vacib anda praktiki əməkdaşlığın təməli ola biləcəyini sınayır”, – onlar bildirir.  (ToplumaTV)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Ayətullah Xamnəi: Siz kimsiz?! Sizə nə!

redaktor

Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

admin

Vensin Bakıya səfəri: Azərbaycanın gözləntiləri və hesablamaları

redaktor