“Epşteyn koalisiyası” İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini də öldürdü. Kollektiv Qərb İranda korrupsiyalaşmış rejimi və diktataturanı aradan qaldırmaqla bu ölkəyə güya “Ali Mədəniyyət” gətirəcək.
Laricaniyi günahım qədər sevməm.
İnanmıram ki, bizdə onu sevən, sayan tapılsın.
İranın ekspansiv, Azərbaycan əleyhinə siyasətin “beyni” hesab edilən, Türk düşməni birini necə sevmək olardı?
“Ali Mədəniyyət”i isə alkoqolik, təcavüzlə suçlanan, narkoman, əyyaş və aliment “qaçaqçısı” Pit Heqset gətirəcək güya, eləmi?
Qərbin “Aşağı Mədəniyyət”in nümayəndəsi olaraq gördüyü Laricaninin isə
Aryamehr Texnologiya universitetindən kompüter elmləri və riyaziyyat üzrə bakalavr;
Tehran universitetindən Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcəsi var;
İmmanuel Kant haqqında kitabın müəllifi;
Kantı fars dilinə tərcümə edən adam idi…
Qərbin liberal narrativi Pit Heqseti avtomatik olaraq “mütərəqqi dünyanın elçisi” olaraq təqdim edir.
Əli Laricani kimi fundamental Qərb fəlsəfəsinə (Kant) dərindən bələd olan, riyazi və analitik təhsilli bir intellektualı isə “geridə qalmış” və “Aşağı Mədəniyyət” etiketi ilə damğalanır.
Burada meyar bilik və əxlaq deyil, geosiyasi mənsubiyyətdir!
Pit Heqset Qərb siyasətində “post-truth” (həqiqət sonrası) dövrünün məhsuludur. Burada intellektual dərinlik yerinə ön plana çıxardılan mediatik xarizma, şoumenlik, “şok” bəyanatlar və “sistem əleyhinə” imicdir.
Heqsetin ziddiyyətli keçmişinə rəğmən “demokratiya qoruyucusu” kimi təqdim edilməsi Qərbin öz dəyərlərini necə “gözə soxmağının” göstəricisidir.
Bu isə beynəlxalq siyasətdə əxlaqi legitimliyin tamamilə itdiyini göstərir. Qərb artıq “yaxşı” tərəf kimi deyil, daha güclü və daha manipulyativ olan “Şər” kimi çıxış edir.
Laricaninin aradan götürülməsi, əslində İranın intellektual mərkəzinin və rasional danışıqlar apara biləcək qanadının zəiflədilməsi deməkdir.
Mənim Heqset-Laricani təsvirimdə ironik bir təzad var.
Və fəlsəfə tarixçisi olan birinin, elmdən, fəlsəfədən və etikadan xəbəri olmayanlar tərəfindən “mədəniyyətsiz” elan edilməsi tragikomediyadır.
Deyəsən, Qərblə Şərq rolları dəyişir…
