Xalq Zauru, Xoşqədəmi, Laləni, Elgizi sevir. Onlar da bu sevgiyə görə xalqa minnətdarlıq edir. Bəs bu sevgi qazanmaq üçün nə ediblər? Xalqın istədiyini veriblər. Mental təfəkkürlü topluma, elə bu təfəkkürdən dolayı yaşanan problemləri real obrazların təqdimatında nümayiş etdiriblər.
Tükəzban xalanın çəpərdən boylanıb, Gülnisəni yaxına çağırıb, Fatmanisənin qızının qeybətini qılmasına ehtiyac yoxdur. Tükəzbanın dedi-qodu aclığını yuxarıda adı çəkilən aparıcılar evin içərisinə gətirir. Fatmanisənin qızı, qaynanasıyla, əriylə yaşadığı problemləri, Əfsələddin kişi gəlininin qonşu Mirabbasın oğluyla çıxardığı oyunları, Əntiqə arvadın əri Ramiz tərəfindən şiddətə, xəyanətə qalmasını on milyonluq xalqın qarşısında danışması, mentalitetlə qidalanan o xalqın ac ruhunu qidalandırır. “Çörəyi ver çörəkçiyə” misalındakı kimi, xalq ona əppək verənlərin mükafatını hər zaman verir. Bu verilişlərin içərisində sadəcə Xoşqədəmin verilişindəki axtarış rubrikası, şəffaf hüquq, məhkəmə sistemi olmayan ölkəmizdə bir növ çarəsiz adamlar üçün yardım rolunu oynayırdı. Amma aparıcı öz verilişini yalnız axtarış rublikasına sərf edə bilməzdi. Çünki 2 saatın içərisini doldurmaq lazım idi. Yazıq bəzən müraciət olmayanda dost-tanışa, problemli adam qismində rol verib, efirə çıxarırdı.
Əslində aparıcıların bir günahı yoxdur. Dükançı dükanda oturub, əhalinin istədiyini ona satıb, öz çörək pulunu qazandığı kimi, Zaur, Xoşqədəm, Elgiz, Lalə də xalqın istədiyini ona satıb, öz çörək pulunu qazanır. Bəs günah kimdədir? Bizdə. Biz onlardan maarifçi düzəltməyə çalışırıq, məcburi şəkildə bu missiyanı onların çiyinlərinə yükləyirik. Onların belə bir missiyası, öhdəliyi, borcu yoxdur. Əgər yollarını dəyişib, bu yola keçsələr, acından öləcəklər.
Xalq Manafı, Şəbnəmi, Vəfanı, Kəmaləni, Nəfəsi sevir. Onlar xalqın, böyük çoxluğun zövqünə xitab edir. Bu zövq sahiblərini əyləndirir. Onların toylarını şən keçirir. Bu səbəbdən xalq onların mükafatı verir. Kütləyə xidmət edən adam sahəsindən, peşəsindən asılı olmayaraq, heç zaman çörəksiz qalmır. İnsan niyə işləyir, niyə pul qazanır? Ehtiyaclarını ödəmək üçün. Bəs ehtiyaclar neçə yerə ayrılır? İki yerə – Təməl ehtiyaclar. Evdə ət olmayanda nə edirsiniz? Qəssaba gedib, ödəniş edib, ət alırsınız. Niyə gül dükanına yox, qəssaba gedirsiniz? Çünki əti qəssab kəsir, qəssab satır. Ömrünün birinci yarısında ən böyük arzusu evlənmək olan, ikinci yarısında övladının toyunu arzulayan azərbaycanlının təşkil etdiyi toy məclisinin ciddi musiqiyə, bəstəkar mahnısına yox, ora toplaşanların ruhunun Manafa, Şəbnəmə, Vəfaya, Nəfəsə ehtiyacı var. Sən elit zövqünen zirvəsində Üzeyir Hacıbəylini ideallaşdırdığın kimi, çoxluq da manafları, şəbnəmləri, nəfəsləri ideallaşdırıb. Çoxluğun ehtiyacı onların daha çox məhsul satmasına, varlanmasına, ideallaşdırılmasəna xidmət edir.
Kütlə öz ideallarını heç vaxt zəif, gücsüz, müti, kasıb görmək istəmir. Bu səbəbdən də ortaq ehtiyacları paylaşan kütlə bu ehtiyacı ödəyəni birləşib, bütə çevirir, ona sitayiş etməyə başlayır. Adını qeyd etdiyim adamlar ictimai yerdə görüləndə, çoxluq onların üzərinə şəkil çəkdirmək üçün hücum çəkdirdiyi kimi.
Bəzən varlə adamlar tənqidçiləri çaşdırırş Elə bilirlər ki, bir adam varlə olanda zövqlü, intellektual olur. Yox, əzizlərim, belə bir şey yoxdur. Mən də arzu edərdim ki, bizim öıkədəki, xaricdəki iş adamları öz hesablarına tələbə, elm və yaradıcılıq fondları təsis etsinlər. Bu yaxında bir iş adamına zəng etmişdim. Soruşdum , sizin bölgənizdə bir elmi tədbir etmək istəyirəm, kimə müraciət edə bilərəm? Dedi ki, məndən Məkkəyə, Kərbəlaya, Məşhədə getmək üçün kimə müraciət edə bilərəm de, sənə adamlar deyim, elm layihəsini bilmirəm.
Ölkədəkiləri bildik, bəs xaricdəki ioş adamları? Məsələn, Rusiyada 3 000 000-a yaxın azərbaycanlı var. Bu adamlar öz mənəvi ehtiyaclarını necə ödəyirlər? Manaf, Nəfəs, Vəfa, Şəbnəmlə. Onların bütün toy mərasimlərinin başında bu cür ifaçılar olur. Onların ehtiyacı budur. Nə maarifçilik, nə mədəniyyət, nə mənəvi zənginlik? İnsanlar ehtiyaclarına və maraqlarına uyğun hərəkət edirlər. Varlı və ya kasıb olmasından asılı olmayaraq, intellektin, mədəniyyətim dəyərli olduğunu anlamayan adamdan dəstək, diqqət ummaq absurddur. Rusiya bazarlarında göy, meyvə, paltar satıb, varlanan adam maddi tərəfdən elit görünə bilər, amma o adamın mənəvi dünyası İlber Ortaylıya yox, Manafa ehtiyac duyur.
Qeyd etdiyim adlar simvolikdir, bu qəbildən bütün adları təmsil edir…
