Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Avropa İttifaqının iclaslarında aparılan müzakirələrlə bağlı məlumatları mütəmadi olaraq rusiyalı həmkarı Sergey Lavrovla bölüşməsi haqqında nüfuzlu The Washington Post qəzetinin xəbəri seçki ərəfəsində Viktor Orban hökumətinə öldürücü zərbə hesab oluna bilər. Konspiroloji nəzəriyyələrdən, fikirlərdən zəhləm getsə də, o qənaətdəyəm ki, Peter Siyarto Avropa İttifaqının iclaslarında aparılan müzakirələrlə bağlı mütəmadi olaraq Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edərək müzakirələrin gedişi barədə onu məlumatlandırması haqqında The Washington Post-un məlumatı Amerikan “dərin dövlət”inin intiqamıdır.
Bu qənəati yaradan bir neçə məqam var. Birincisi, bu məlumatdan bir gün öncə The Washington Post Orbanın seçicilər arasında nüfuzunu artırmaq üçün Rusiya Xarici Kəşfiyyat Xidmətinin (CVR) saxta sui-qəsd təşkil etmək niyyəti ilə bağlı yaymışdı. İkincisi, Peter Siyarto Macarıstan Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hökumətin əsas simalarından hesab olunur. Siyartonun siyasi karyera yüksəlişi Orbanın dəstəyi sayəsində mümkün olub. Üçüncüsü, Putinə qarşı isti münasibəti ilə fərqlənən Orban Rusiyaya qarşı sanksiyalara ən çox maneə olan şəxs kimi tanınır. Ən son olaraq Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini girov göstərərək Ukraynaya ayırdığı 90 milyard avro faizsiz krediti veto etməklə bloklayan Orban Putin hakimiyyətinə müstəsna xidmət göstərib. Bu kredit olmadan Ukraynanın Rusiya işğalına effektiv müqaviməti mümkün olmayacaq.
Trampın mövqeyinə zidd olaraq Ukraynanın dəstəkləməsini davam etdirən Amerikan “dərin dövlət”inin bütün bunları Orbana bağışlamayacağı gözlənilən idi. Tramp seçki ərəfəsində Orbana dəstəyini davam etdirərkən Amerikan “dərin dövlət”inin sarsıdıcı zərbəsi Ağ Ev sahibini də çətin vəziyyətdə qoyur. Belə görünür ki, Tramp Orbanı dəstəkləmək üçün vitse-prezident Cey Di Vensi aprelin əvvələrində, səsçi günü ərəfəsində Macarıstana göndərmək niyyətindən vaz keçməli olacaq. Əks halda Konqresin və nəhəng dövlət aparatının qəzəbini artırmaqla yanaşı aralıq seçkiləri ərəfəsində rəqiblərinin mövqelərini gücləndirəcək.
The Washington Post kimi nüfuzlu media orqanın Orbanın seçicilər arasında nüfuzunu artırmaq üçün Rusiya Xarici Kəşfiyyat Xidmətinin (CVR) saxta sui-qəsd təşkil etmək niyyəti, eləcə də Peter Siyartonun mütəmadi olaraq Avropa İttifaqının iclaslarında aparılan müzakirələrlə bağlı məlumatları Rusiyanı məlumatlandırması haqqındakı xəbərin əsassız olması İstisna deyil ki, Amerikan “dərin dövlət”inin əlində bu məlumatları təsdiq edən sübutlar var. Çünki, məlumatda Macarıstanın Kiber Müdafiə İdarəsinin keçmiş rəhbəri Ferens Freş də daxil olmaqla bir neçə hazırkı və keçmiş Avropa rəsmisinə istinadlar var ki, bu da sübutların olduğunu düşünməyə imkan verir.
Qarşıdakı günlərdə həmin sübutların yayılması da istisna deyil. Siyartonun özünün jurnalistlərin bu iddialarla bağlı şərh sorğusuna cavab verməkdən yayınması da macar nazirin ifşaedici sübutların olacağından ehtiyyat etdiyini göstərir. Siyarto Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Moskvaya 16 dəfə səfər edib. Eyni zamanda Siyarto hələ 2021-ci ildə Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Siyartonun yaxasına bu ordeni də Lavrov şəxsən taxıb.
Macarsıtan müxalifətinin lideri Peter Madyar Siyarto ilə bağlı yayılan məlumatı şərh edərkən bunu Macarsıtana və Avropaya xəyanət adlandırıb.
Seçicilərin Macarsıtana və Avropaya xəyanəti Viktor Orban hökumətinə bağışlayıb, bağışlamayacağını üç həftədən sonra biləcəyik.
