10 C
Bakı
20 Mart 2026 21:03
DünyaSiyasət

Trampın “İran ovçuları”na zərbəsi

Niyə son zamanlar ABŞ-ın ən elit anti-terror idarələrində İran üzrə mütəxəssislər işdən çıxarılır, niyə ABŞ-ın hərbi müdaxiləsinə 3 gün qalmış FTB-nin əks-kəşfiyyat idarəsindən 12 nəfər işdən uzaqlaşdırıldı və kimlər Trampı İrana hərbi müdaxilədən çəkindirməyə çalışır?

İran mövzusu uzun illərdir ki, ABŞ-da Respublikaçılar Partiyası daxilində ən mübahisəli məsələlərdən biri olaraq qalır.

Bir tərəfdə ənənəvi olaraq aktiv xarici siyasəti müdafiə edən neokonservatorlar dayanır. Onlar İranı Yaxın Şərqdə əsas təhlükə kimi görür və problemi həll etmək üçün hərbi müdaxiləni mümkün variant hesab edirlər.

Digər tərəfdə isə son illərdə, Trampın ətrafında güclənən izolyasionistlər var. Onların mövqeyi ABŞ-ın xarici münaqişələrdə iştirakının azaldılması, müttəfiqlik öhdəliklərinin yenidən nəzərdən keçirilməsi və İsrailin ABŞ xarici siyasətinə təsirinin zəiflədilməsindən ibarətdir.

Uzaqdan başlayaq

2023-cü ildə Trampa qarşı prezident postunu tərk etdikdən sonra məxfi sənədləri qanunsuz saxlamaqla bağlı cinayət işi qaldırıldı. Diqqət mərkəzində Mar-a-Laqo iqamətgahından götürülmüş materiallar idi.

ABŞ mediasının yaydığı məlumatlara görə, həmin sənədlər arasında ABŞ-ın İrana hərbi müdaxiləsinin mümkün ssenarilərinə dair materiallar da ola bilərdi. Bu məlumatlar rəsmi şəkildə tam açıqlanmasa da, belə planların mövcudluğu ABŞ-ın hərbi-siyasi aparatında bu məsələlərin yüksək səviyyədə işlənildiyini göstərir.

Qeyd etmək vacibdir ki, bu cür planların mövcudluğu istisna hal deyil. Onların hazırlanması ilə Pentaqon, kəşfiyyat qurumları və analitik mərkəzlərin peşəkar kadrları məşğul olur. Bu isə yalnız hərbi aspektlərdən ibarət məsələ deyil, kompleksli nəhəng işdir: sanksiya təzyiqi, xarici agentura ilə mübarizə, maliyyə axınlarının izlənməsi, kölgə sxemlərinə qarşı əməliyyatlar və s.

ABŞ-da İrana qarşı sistem formalaşdırılıb. Bu sistemə FTB və ABŞ Ədliyyə Nazirliyinin aşağıdakı sahələr üzrə ixtisaslaşmış bölmələri daxil idi:

– Əks-kəşfiyyat;

– Terr*rla mübarizə;

– İxrac nəzarəti;

– Sanksiya rejiminin icrası.

Ayrı-ayrı qruplar ABŞ ərazisində iranlı agentlərin aşkarlanması, həmçinin Tehrana bağlı maliyyə vəsaitlərinin və aktivlərin, o cümlədən tankerlərin müsadirəsi ilə məşğul olurdu.

İndi isə keçək ən maraqlı məsələyə

Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra güc strukturlarında nəzərəçarpacaq kadr dəyişiklikləri, daha doğrusu böyük ixtisarlar başladı. Bu proses Ədliyyə Nazirliyinin terr*rla mübarizə bölmələri, əks-kəşfiyyat və ixrac nəzarəti şöbələri,
İrana qarşı sanksiyalarla məşğul olan strukturlara da toxundu.

Məlumatlara görə, bəzi bölmələr əməkdaşlarının əhəmiyyətli hissəsini, hətta yarısını itirdi.
Xüsusi diqqət çəkən hadisə isə 25 fevralda, İrana hücuma 3 gün qalmış FTB-də baş verdi. Bu zaman Yaxın Şərq, xüsusilə İran üzrə ixtisaslaşmış təxminən 12 əks-kəşfiyyat əməkdaşı işdən çıxarıldı. Onların arasında İran təhdidlərinə qarşı fəaliyyət göstərən xüsusi mərkəzdə çalışan şəxslər də var idi.

İndi məntiqli sual yaranır, hərbi əməliyyata 3 gün qalmış, belə əvəzedilməz peşəkarların vəzifədən uzaqlaşdırılması nə dərəcədə məntiqə uyğundur?

Güc strukturlarında təmsil olunan izolyasionistlər Trampın hakimiyyətə gələn gündən İran üzrə ixtisaslaşmış peşəkarlara “ov” elan edərək, neokonservatorları zəiflətməyə, Trampı İsraildən uzaqlaşdırmağa və hərbi müdaxilənin ehtimalını azaltmağa çalışırdılar və bunu 1 ildən çoxdur ki sistemli şəkildə edirdilər.

Məxfi sənədlər işi, kadr dəyişiklikləri və Respublikaçılar Partiyası daxilindəki fikir ayrılıqları göstərir ki, ABŞ-ın İrana münasibətdə siyasəti yalnız xarici siyasət məsələsi deyil, həm də dərin daxili siyasi mübarizə predmetidir.

 

Kamran Cəfərov
Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” Çempionlar Liqasının “pley-off”una yüksəldi.

admin

Ukraynanın “boz kardinalı” istefa verib

redaktor

Kreditlərin də faizləri artır?

redaktor