İranın hava hücumundan müdafiə sistemləri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsini vurub və qırıcıya ciddi ziyan dəyib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
“Bu gün səhər saat 2:50-də İranın mərkəzi üzərində İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin müasir hava hücumundan müdafiə sistemi tərəfindən düşmən ABŞ ordusuna məxsus F35 qırıcı təyyarəsi vurulub və ciddi şəkildə zədələnib. Bu qırıcı təyyarənin taleyi məlum deyil və araşdırılır; qəzaya uğrama ehtimalı yüksəkdir”, – deyə İİKK-nın bəyanatında bildirilir.
İranın dövlət televiziyasının verdiyi məlumata görə, bu, İranın hava hücumundan müdafiə sistemlərinin Amerikanın F-35 qırıcı təyyarəsini ələ keçirdiyi ilk haldır.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, Amerikanın F-35 Lightning II qırıcı təyyarəsi İran üzərində döyüş tapşırığını yerinə yetirdikdən sonra ABŞ bazasına təcili eniş edib.
Komandanlığın sözçüsü Tim Hokinsin sözlərinə görə, təyyarə İran hava məkanında döyüş tapşırığı yerinə yetirərkən vurulub və Yaxın Şərqdəki ABŞ bazasına enməyə məcbur edilib. O, enişin normal olduğunu və pilotun vəziyyətinin sabit olduğunu qeyd edib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
