10 C
Bakı
20 Mart 2026 01:58
DigərSiyasət

Milli Məclisin sədri əvvəllər 3500 manat maaş alırdısa, indi 17 min manat alacaq

Hər siyasi sistem legitimliyini kimdən alırsa, onu da mükafatlandırır. Bu günki maaş artımları da bu formulun, yəni “görünən dağın” təsdiqidir. Demokratik sistemlər legitimliyi xalqdan aldıqları üçün xalqın güzəranı və fikri onlar üçün hər zaman önəmli olur. Avtoritar və totalitar sistemlər üçünsə, bu sistemləri ayaqda saxlayanlar, onları qoruyanlar, onların hakimiyyətinin davamlı olması üçün dəridən-qabıqdan çıxanlar önəmlidir.

Bu gün bir sıra rəsmi vəzifəli şəxslərin maaşları 3-5 qat artırılıb. Əgər MSK rəhbəri daha əvvəl 3 min manat maaş alırdısa, indi 12 min manat alacaq. Milli Məclisin sədri əvvəllər 3500 manat maaş alırdısa, indi 17 min manat alacaq. Digər vəzifəliləri demirəm hələ. Artım və rəqəmlər olduqca yüksəkdir.

Bəs, hansı yaxşı əməllərinə görə? Götürək, MSK sədrini. Ölkədə illərdir ki, seçki saxtakarlığı, qanun pozuntuları kimi halların şahidiyik. Təkcə son 3 seçkidə onlarla pozuntu və saxtakarlığa şəxsən özüm şahidlik etmişəm. Əvvəlkiləri hələ demirəm. Mediada yayımlanan isə yüzlərlə, minlərlə belə faktlar var. Bu günə qədər nə bir reaksiya verilib, nə də gördüm deyən olub. İçi mən qarışıq, az qala hər kəs bu cür saxtakarlıq yuvası bir vəzifənin ləğv olunmasını gözlədiyimiz halda, adamın maaşı 4 dəfə yüksəldilib.

Bir yandan icra hakimiyyətlərində çalışan şəxslər, müəllimlər işdən çıxarılır, inklüziv məktəblər əlavə xərclərin qarşısını almaq üçün ləğv edilir. Camaatın əlilliyini, pensiyasını əlindən alırlar. Hara baxırsan “optimallaşdırma” adı altında nədənsə kəsirlər, nəyisə azaldırlar. Bu tərəfdə də varlığı ilə cəmiyyətə heç bir töhvə verməyən, əksinə ürəkbulandırmaqdan başqa işə yaramayan rəsmi vəzifələrin maaşlarını artırırlar.

Görünür, siyasi hakimiyyət öz mövcudluğunun dayağı hesab etdiyi şəxsləri bu formada mükafatlandırır. İqtisadi vəziyyət pisləşirsə, normal siyasi sistemlər ilk növbədə cəmiyyəti və əhalinin güzəranını düşünür. Anormal sistemlər isə MSK, icra hakimiyyətləri kimi anormallığı qoruyub saxlayan və davam etdirənləri.

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Endokrinoloq ürək sağlamlığı üçün sağlam bitki yağlarının adlarını açıqlayıb

redaktor

Öz qəbrini qazan molla rejimi

redaktor

Mixəyin 5 faydası

redaktor