İsrail və ABŞ arasında fikir ayrılıqlar böyüyür. Mossad iranlılara çağırış edir: son döyüş tezliklə başlayacaq.
İsrail İranda yerləşən “Cənubi Pars” qaz yatağına zərbə endirib. Bu obyekt dünyanın ən mühüm enerji mənbələrindən biri hesab olunur.
İran cavab olaraq Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı obyektinə hücum edib. Bu addım beynəlxalq enerji bazarları üçün ciddi risklər yaradıb.
Tramp dərhal bəyan edib ki, bu əməliyyatdan əvvəlcədən xəbərdar olmayıb və Qətərin də bu hadisəyə heç bir aidiyyatı yoxdur. Tramp İranın bu addımını “əsassız və ədalətsiz” adlandıraraq sərt xəbərdarlıq edib. O bildirib ki, əgər İran Qətərə qarşı yeni hücumlara əl atarsa, ABŞ İsrailin iştirakı ilə və ya onsuz, “Cənubi Pars” qaz yatağını tamamilə məhv edə bilər.
Təhlil edək
Əvvəlcə qeyd etmək lazımdır ki, ABŞ İsrailin İranın qaz obyektinə zərbə endirəcəyindən xəbərdar idi. Lakin İranın cavab olaraq Qətərin qaz obyektinə hücumu Trampı qəzəbləndirdi. Qətər isə ABŞ-a qəzəbləndi, çünki Vaşinqton İsrailin hücumunun qarşısını almadı və nəticədə Qətər cavab zərbəsinə məruz qaldı.
İran Qətərin dünyanın mayeləşdirilmiş qaz istehsalının təxminən 20%-ni təmin edən ən böyük qaz obyektinə zərbə endirdi. Buna görə Tramp bu eskalasiyanın zərərini azaltmağa çalışır: o, ABŞ-ın hücumdan xəbərsiz olduğunu bildirir və İrana nəticələrlə hədələyir.
Mövcud vəziyyət yalnız hərbi eskalasiya ilə deyil, həm də ABŞ və İsrail arasında strateji hədəflər fərqləri ilə diqqət çəkir.
Vaşinqtonun əsas məqsədi, daha doğrusu “minimum proqramı” İranın hərbi və hərbi-sənaye potensialını zəiflətmək, nüvə proqramını sıradan çıxarmaqdır. Bu prosesin nisbətən qısa müddətdə başa çatdırılması gözlənilir.
İsrailin məqsədləri isə daha genişdir. İsrail İran rejiminin dəyişdirilməsi və ya ən azı maksimum dərəcədə zəiflədilməsi üçün çalışır.
İstənilən halda həm Vaşinqtonda, həm Tel-Əvivdə, həm də Tehranda bir həqiqəti qəbul edirlər, prosesin həlledici mərhələsi havada yox, yerdə olacaq. Ümumi təsvir üçün Mossadın 3 gün qabaq iranlılara müraciətini xatırlayaq: “Son döyüş tezliklə başlayacaq, biz sizinlə göydə, yerdə və ürəklərdəyik”.
