DünyaSiyasət

Putinin “fatehliyi” Rusiya mərkəzli avrasiyaçılığı dağıdır

Dörd il əvvəl, 2022-ci ilin martında Rusiyanın “ildırımsürətli müharibə”planı Ukrayna xalqının rəşadətli müqaviməti sayəsində iflasa uğradığı günlərdə Putinin ”fateh”liyinin Rusiya, İran və Çinə çox baha başa gələcəyini müəyyən etmək mümkün idi.

Bu gün bəşəriyyətin bir hissəsinin təəccüb, digər bir hissəsinin qorxu, üçüncü bir hissəsinin sevinclə müşahidə etdiyi proseslər Putinin “fatehliyinin” nəticəsidir. İranın başına bunların gələcəyi 2022-ci ilin martında məlum idi. Ancaq “siyasi konyuktura”nın dəyişmədiyində israr edən “lider”ləri bütün bunlara inandırmaq mümkün deyildi.
ABŞ-ın Karakasda xüsusi əməliyyat həyata keçirərək Rusiya və Çinin müttəfiqi Venesuela diktatoru Nikolas Maduronu həbs etməsi, İsrailin çox arxeyin şəkildə İran səmasını tam nəzarətə alaraq Pekin və Moskvanın müttəfiqinə ölümcül zərbələr vurması 24 fevral 2022-ci ildən əvvəl əsla mümkün deyildi. Bu mənada 24 fevral 2022-ci il bəşəriyyətin son 300 illik tarixinin ən böyük dönüş nöqtəsidir.

Martın 15-dən 16-na keçən gecə Moskva Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladığından bəri ən kütləvi dron hücumuna məruz qalıb. Heç şübhəsiz ki, bu son deyil. Ukraynanın Rusiya şəhərlərinə, o cümlədən paytaxt Moskvaya hücumları sürətli şəkildə artacaq.
İsrail İran dövlətini “öldürüb” dəfn etmək üçün mollaların önünə qoyacaq. Molla rejimi isə İranın taleyindən asılı olmayaraq uzun müddət mövcudluğunu saxlayacaq. Çünki, molla hakimiyyəti siyasi rejimdən əvvəl, zehniyyət məsələsidir.

Ayətullah Şirazi Qacar Dövlətinin ən güclü hökmüdarı Nəsirəddin şahın ingilis iş adamı Talbot ilə müqaviləsini baykot etmək üçün verdiyi fətva “qüdrətli” şahın hökmündən daha güclü oldu. Ayətullah Şirazinin Allahın adı ilə verdiyi fətvada hökm edilirdi ki, hər hansı şəkildə olursa-olsun tənbəki və tütündən istifadə etmək İmam-zamanla müharibə etmək hökmündədir. İmam-zamanla müharibə edən şəxs kimi görünməkdən qorxan Nəsirəddin şah tez-tələsik müqaviləni ləğv etdi. Bu hadisə 1891-cü sonlarında baş verib. İranda teokratiyanın bərqərar olma tarixi də əslində həmin vaxtdan hesab olunmalıdır. Buna görə də heç kim molla rejiminin İranın məğlubiyyəti, hətta dağılması ilə yox olacağını düşünməməlidir. Üstəlik də, molla rejimi yalnız İranla da bağlı deyil.

Talibanın Əfqanistanı 14 əsr əvvələ qaytarması, Rəcəb Tayyip Ərdoğanın “Nas var” deyərək bank faizlərini iqtisadi qanunların ziddinə aşağı salaraq Türkiyənin 128 milyard dollar vaiyuta ehtiyatını havaya sovurması İrandakı teokratik rejimlə birbaşa bağlı deyil. Molla hakimiyyəti zehniyyət məsələsidir və onu F-35-lərlə məğlub etmək mümkün deyil. Bu zehniyyətə ancaq bütün dövrlərin ən böyük Azərbaycanlısı Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yolla, çağdaş mədəniyyətə sahiblənməklə qalib gəlmək olar.
İran, Türkiyə və Rusiya mediasının təbliğatına, molla rejiminin bütün dünyada və o cümlədən Azərbaycandakı tərəfdarlarının bütün çırpıntılarına baxmayaraq İranı fəlakətdən heç kim xilas edə bilməz. Aylar öncə yazmışdım ki, əsas vəzifəmiz Güney Azərbaycanın İranın dağıntıları altında qalmasının qarşısını almaq olmalıdır. Bu vəzifəni həyata keçirmək isə çox çətin olacaq. Çünki, 2022-ci ilin martında Putinin necə fəlakətli səhvə yol verdiyini görməyənlərin meydan suladığı cəmiyyət böyük vəzifələrin öhdəsindən gəlmək iqtidarında deyil. Əksinə, Azərbaycanın hər iki hissəsindən olan ictimai rəy liderlərinin əksəriyyətinin fəaliyyəti Güney Azərbaycana böyük zərər vurur. Ancaq tamamilə ruhdan düşmək də olmaz.

Ümid edirəm ki, ABŞ-la Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, Yaxın Şərqin sepergücünə çevrilməkdə olan İsrailin güclü Azərbaycanın yaranmasında həyati maraqlarının olması Güney Azərbaycana yönəlik təhdidləri aradan qaldırmağa imkan verəcək.

Putinin “fatehliyi” Çin, Rusiya və İranı sarsıdaraq son 300 ildə Avrasiyada hakim olan nizamı dağıtmağa başlayıb. Dağılan nizamın yaradacağı dalğa Rusiya mərkəzli avrasiyaçılığın məhsulu olan bütün dövlətləri vuracaq. Dörd il öncə, 2022-ci ilin martında Rusiyanın qalib ola bilməyəcəyinə inanmayanlar Rusiya mərkəzli avrasiyaçılığın dağılmasının yaradacağı dalğanın bir çox ölkələri xəritədən siləcəyinə də inanmaq istəmir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Makron İrana meydan oxudu

redaktor

Zelenskinin səfəri ölkəmizi Rusiya-Ukrayna qarşıdurması meydanına çevirəcək – Erməni deputat

redaktor

Qurban Yetirmişli: Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

redaktor