13 C
Bakı
18 Mart 2026 13:41
DünyaSiyasət

“Adam domino daşlarını özü yıxıb, sonra rəqibinə deyir ki, “gəl bunları birlikdə düzəldək” Elman Fəttah

Hətta Fürer belə müharibəyə müttəfiqlərsiz başlamamışdı. Trump isə öz kefi ilə müharibəyə başlayıb sonra müttəfiqlərindən, hətta ən qatı rəqiblərindən qalib gəlmək üçün kömək istəyir.

Hörmüz boğazını qan çanağına döndərib, sonra başqalarından kömək istəməsi onun xarici siyasətindəki bir neçə ziddiyyətli məqamı üzə çıxarır. “Özü yaratdığı problemi həll etməyə çalışaraq” Çindən kömək istəməsi bir növ strateji məsuliyyəti ötürməkdir. Onun məntiqi belə işləyir:

-“Mən İranı sıxıram ki, mənimlə yeni bir müqavilə bağlasın (ABŞ-ın marağı).”

-“Bu sıxılma nəticəsində İran boğazı bağlayırsa, bu, ən çox nefti ordan alan Çinin problemidir.”

-“Niyə Çinin neft yolunu açmaq üçün mən tək çalışmalıyam? Qoy Çin gəlsin, mənim yaratdım gərginliyin nəticələrini özü təmizləsin.”

Burada ən ironik məqam Çin faktorudur. Tramp bir tərəfdən Çini iqtisadiyyatını məhv etməyə çalışdığı bir “düşmən” kimi görür. Digər tərəfdən, Çini Hörmüzə dəvət etməklə ona bölgədə hərbi və siyasi “ayaq yeri” vermiş olur. Bu, ABŞ-ın onilliklərdir apardığı “Çini Orta Şərqdən kənarda tutmaq” strategiyasına tamamilə ziddir.

Niyə belə edir?

Tramp üçün “dollar” strateji nüfuzdan daha önəmlidir. Çinin orada hərbi güc qazanması Trampı Vaşinqtonun klassik diplomatlarını narahat etdiyi qədər narahat etmir. Onun üçün əsas odur ki, Amerikanın resursları “başqalarının neftini qorumağa” getməsin.

Adam domino daşlarını özü yıxıb, sonra rəqibinə deyir ki, “gəl bunları birlikdə düzəldək, çünki sənin yolunun üstünə tökülüblər”. Bu, praqmatizmin ən ifrat və bəlkə də ən abırsız formasıdır.

Bu məqam Trampın siyasətindəki ən böyük strateji paradoksdur. Guya “qənaət etmək” istəyir, digər tərəfdən isə milyardlarla dollarlıq xərclərə və qlobal bazarların alt-üst olmasına səbəb olan hərbi müdaxilələr edir.

Bunu anlamaq üçün Trampın “iqtisadi məntiqi” ilə “geopolitik qumarı” arasındakı fərqə baxmalıyıq.

Tramp müharibəni investisiya kimi görür. Onun düşüncəsinə görə, əgər İrana milyardlarla dollar xərcləyib zərbə vursa və rejimi çökdürsə (və ya yeni bir sazişə məcbur etsə), gələcəkdə onilliklər boyu Orta Şərqdə saxlamalı olduğu ordunun xərcindən qurtulacaq. Yəni, Tramp, öz aləmində “indi böyük ödə, gələcəkdə xilas ol” məntiqi ilə hərəkət edir. Halbuki ABŞ körfəz ölkələrinə məhz İran təhlükəsi var deyə 100 milyarlarda dollarlıq hərbi sursat satır.

Digər tərəfdən Trampın “qənaət” dediyi şey ABŞ xalqının və ya federal büdcənin qənaəti deyil, daha çox pulun hara axmasıdır. Xarici ölkələri qorumaq üçün pul xərcləmək onun üçün “itki”dir. Lakin ABŞ-ın hərbi-sənaye kompleksini (Lockheed Martin, Boeing və s.) işlətmək, yeni bombalar və təyyarələr sifariş etmək onun üçün daxili iqtisadiyyatı canlandırmaq deməkdir.

Hörmüzdə problem çıxması qlobal iqtisadiyyata zərbədir, amma, ABŞ artıq dünyanın ən böyük neft və qaz istehsalçılarından biridir. Qiymətlərin qalxması Amerikanın şist nefti istehsalçıları üçün milyardlarla dollar qazanc deməkdir. Tramp bununla “mənfəəti Amerikaya, ziyanı isə (neft asılılığı olan) Çinə və Avropaya” yönəltmək oyununu oynadığına inanır.

Onun Çindən kömək istəməsi əslində bir növ şantajdır. “Mən bu problemi yaratmışam və mən bu müharibəni apara bilərəm. Amma sən (Çin) bu neftə möhtacsan.”

Xülasə, Trampın siyasəti hansısa liderin, diplomatın deyil, kazino sahibinin məntiqinə bənzəyir. O, masaya böyük pullar qoyur (Amerikan gücü). Məqsədi masadakı bütün oyunçuları (İran, Çin, Avropa) müflis edib, sonda tək qalib olmaqdır.

Bu qədər riskli oyunda Amerika həqiqətən qalib gələcək, yoksa bu “milyardlıq qumar” ABŞ-ın iqtisadi hegemonluğunun sonunu gətirəcək?

Trampın bu “qumarı” Çini bölgəyə gətirməklə Amerikanın 80 illik Orta Şərq hegemonluğuna balta vurmuş olmurmu?

Göründüyü kimi bu, çox böyük riskdir və bu taktika (strategiya yox) ABŞ-ın onilliklərdir qurduğu “Petrodollar” sisteminin təməllərinə baltalayır, Amerikanın “uzunmüddətli qlobal hegemonluğu” ilə birbaşa toqquşur.

Power Vacuum

1. Geosiyasətdə himayədar ehtiyacı heç vaxt cavabsız qalmır. Əgər Tramp “mən artıq Hörmüzü qorumuram, Çin gəlsin qorusun” desə, bu, Çinə tarixdə heç vaxt sahib olmadığı bir fürsəti qızıl sini də təqdim etməkdir. Çin bölgəyə girsə, Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, BƏƏ) ilə hərbi-strateji ittifaqlar quracaq. Bu, ABŞ-ın Orta Şərqdəki 80 illik “yeganə ağa” statusunun sonu deməkdir.

2. ABŞ-ın qlobal gücü dolların neft ticarətində yeganə valyuta olmasına söykənir. Əgər təhlükəsizliyi Çin təmin edirsə, Səudiyyə Ərəbistanı və digər neft nəhəngləri niyə nefti hələ də dollarla satsınlar? Çin öz valyutası olan Yuan ilə ticarəti tələb edəcək. Bu isə ABŞ iqtisadiyyatı üçün Trampın “qənaət” etmək istədiyi milyardlarla dollardan qat-qat daha böyük bir maliyyə fəlakəti yarada bilər.

3. Müttəfiqlərin İnamsızlığı.

Trampın bu “mən yaratdım, sən təmizlə” yanaşması Yaponiyanı, Cənubi Koreyanı və Avropanı ABŞ-dan uzaqlaşdırır. Onlar görürlər ki, ABŞ artıq etibarlı tərəfdaş deyil, hər an onları “təhlükəsizlik xərcləri” adı ilə tək qoya bilər. Bu inamsızlıq həmin ölkələrin də Çinlə daha sıx anlaşmasına yol açır.

Trampın Çinə əlini daşın altına qoy deməsi evdəki xərcləri azaltmaq üçün evin mühafizəsini ən böyük rəqibinə tapşıran və sonra həmin rəqibin evə sahiblənəcəyini düşünməyən səfehin hərəkətinə bənzəyir. Trampın məntiqi “Amerika bir şirkətdir” məntiqidir. Şirkət müflis olanda bağlanır, sonra yenidən dirçələ də bilər. Amma dövlətlər və imperiyalar geri çəkiləndə yerlərini başqalarına verirlər və bir daha geri qayıda bilmirlər.

Allah ABŞ-ın üzünə baxıb. Çin hələlik bu boyda məsuliyyəti üzərinə götürməyə hazır deyil. Yoxsa, Trampın avantürası sayəsində ABŞ bu coğrafiyada bütün maraqlarını bir andaca itirərdi.

Elman Fəttah

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Consondan Netanyahu barədə şok açıqlama – “Tualetimə cihaz qoydu”

redaktor

Daha bir müharibə başlayır? – Kim Çen Indən mühüm açıqlama

redaktor

“Sülhməramlıların Qarabağda qalması əhəmiyyətsizdir” – Rusiya rəsmisi

redaktor