Aktyor Tofiq Hüseynov yəqin ki, xatirinizdədir. Dünyadan köçməsindən bir neçə ay qabaq onu ön fasadı xəyalət kimi ucalan “Respublikanski” xəstəxanasının boz, çılpaq daşlarla örtülü həyətində gördüm. Karıxmış halda titrəyərək dodaqlarını gəmirir, dodaqaltı deyinirdi. Dərhal qət etdim ki, ona yanaşıb halını xəbər almalıyam. Arıq, qansız barmaqları olan əlini uzadıb salamımı aldı. Onun görünüşü, əsas da üzü məni çox sarsıtmışdı. Üzü saralıb-solmuş, ifadəliliyini itirmişdi. Belə aktyor siması olmazdı. Dedi, günlərdir bu xəstəxanaya gəlib-gedirəm. Müalicəyə pul tapa bilmirəm, dava-dərman od qiymətinədir. Soruşdum ki, bəs peşənizdən heçmi bir şey qazanmırsınız? Dinmədi. Şişkin, kədərli gözlərini anlaşılmaz uzaqlığa zillədi. Dodaqları şüursuz hərəkətlə titrədi. Baxışlarındakı kədərdən uzaqlaşmaq üçün üzümü çevirib onun yanından uzaqlaşdım…
Sənətin istənilən növündə belədir: insan öz peşəsiylə özünü dolandıra bilməyirsə, acınacaqlı həyat yaşayır. Kasıblıq, pulsuzluq, pis gün-güzəran onun xoşbəxtliyini zəhərləyir.
Aktor daimi və gərgin səylərinin bəhrəsini görməyəndə səhnə onun üçün əsl cəhənnəmə çevrilir.
Yazıçı öz qələmiylə öz maddi təminatını qura bilməyəndə çarəsizlik hissi onu süstləşdirir.
Rəssam öz əsərlərini münasib qiymətə sata bilməyəndə, fasiləsiz uğursuzluqlara məruz qalanda bezir, yorulur və bir də fırçasını əlinə almaq istəmir.
