11 C
Bakı
14 Mart 2026 18:24
DünyaSiyasət

İmperializmin qələbəyə bərabər “məğlubiyyəti”

İran ABŞ üzərində qələbə çala bilərmi?

Məndən bu barədə çox soruşurlar.

Cavabım:

Mən bu ehtimalı istisna etmirəm. Hər halda İran ABŞ-ın 20 illik işğaldan sonra başını götürüb qaçdığı Əfqanistandan gücsüz deyil. Yeri gələndə 20 il vuruşduqdan sonra məğlubiyyətini elan etdiyi Vyetnamdan da güclüdür. Yaxud Yaxın Şərqdə fiaskoya uğradığı Suriya və İraqla da müqayisə oluna bilməz. Məntiqlə, bu ölkələrə uduzan ABŞ-ın əvvəl-axır İranda da məğlubiyyət şərbətini içəcəyinə şübhə yoxdur.

Məsələ burasındadır ki, silah maqnatlarının da ciddi söz sahibi olduğu ABŞ hardasa əbədi qalmaq və ya qalib gəlmək üçün müharibə aparmır. Onun məqsədi silah maqnatlarının kisəsini doldurmaq, dövlət büdcəsindən bu şirkətlərə dodaq uçurdan maliyyələr ayırmaqdır. Sözsüz ki, bu və digər regional məqsədlərini qarşıladıqdan sonra ABŞ şələ-şüləsini toplayıb işğal etdiyi ərazilərdən çıxır. Bunun üçün isə ona “məğlubiyyət” lazımdır. Əks halda, öz ictimai rəyinə “niyə işğal etdiyimiz ərazilərdən çıxırıq” məntiqini izah edə bilməz. Məhz bu səbəbdən də ABŞ uzun sürən müharibərdən adətən “məğlub” ayrılır. Ölkələrdən çıxanda isə darmadağın olunmuş ölkə buraxır, sonra isə verdiyi kreditlərlə onları bərpa edib öz iqtisadiyyatına bağlayır.

Neft və qaz zəngini olan İran da ABŞ-ın tamah saldığı coğrafiyalardandır. Deməli, orda da sonu məğlubiyyətlə bitən uzun müddətli savaşlara girəcək və geridə Əfqanıstan, İraq, Suriya kimi xarabalıqlar buraxıb çıxacaq. Trampdan və ya onun sələflərindən sonra gələn iqtidarlar isə Trampın qabırğasına döşəyə-döşəyə onun axmaqlıqları sayəsində İranda uduzduqlarını “etiraf edəcəklər”. İranın yeni hökumətləri isə eynilə Taliban kimi ABŞ-ın ağır-burnunu əzib yola salmaqları ilə qürrələnəcəklər.

Nəticədə olan İrana olacaq. Uzunmüddətli müharibədə qazandığı “uğurlarla” təsəlli tapan İran xalqı da molla rejimini şeytanlaşdıra-şeytanlaşdıra ABŞ üzərində “böyük zəfərlər” qazanan yeni hakimiyyətlərinin qüdrətindən bihuş olub onun ayaqlarını öpəcəklər. İranın yeni hökuməti də öz növbəsində xalqın qarşısına çıxanda ABŞ və Qərb imperializminin nəsil-nəcabətinə söyəcək, kabinetinə qayıdanda isə Vaşinqtona zəng edib üzrxahlıq edəcəklər. Beləcə, İran öz saatını 100 il əvvələ çəkib indiki vəziyyətə qayıtmaq üçün gecə-gündüz çalışacaq, onilliklər boyu öz yaralarını sarımaqla məşğul olacaq.

Qısası, ABŞ qarşısında məğlub olmaq da, qalib gəlmək də eyni qapıya çıxır. Əsas odur ki, müharibə “yağı” ilə savaş mexanizminin qanlı dişlərini mazlayıb onu işlək vəziyyətdə saxlayasan. Nə yazıq ki, İran rəsmiləri ABŞ və İsrailin bu məkrli siyasətinə sürükləndilər və indi də öz mövqelərindən geri çəkilməməklə əslində Qərb imperializmini sevindirirlər.

Mən bu həqiqəti hələ 15-20 il əvvəl qələmə aldığım bir qəzəlimdə vurğulayaraq deyirdim:

“Kasıbın Haqq savaşı yağdı firon dürməyinə,
Oğuz, onlar çıxarar çünki savaşdan çörəyi”.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

47 təyyarə, 21 gəmi Tayvana yaxınlaşdı

admin

“Ukrayna prezidenti cəsarətli oğlandır…” – Boris Conson

redaktor

İran üç atom bombası hazırlaya bilər – VİDEO

redaktor