10 C
Bakı
11 Mart 2026 16:47
DünyaSiyasət

İran müharibəsində Moskvanın mövqeyi

Müharibənin ilk günlərindən ərəb ölkələri anladılar ki, ABŞ-ın hərbi bazaları İran raket-dron yağışından çətir rolunu oynamır, əksinə, onlar üçün maqnit rolunu oynayır.

İran ərəb ölkələrindəki hərbi bazaları sıradan çıxartdıqdan sonra ABŞ-ın və müttəfiqlərinin iqtisadi maraqlarına zərbə vurmaq üçün hədəflər seçməyə başladı. Şeyxlər artıq ABŞ-dan kömək gözləmirlər, çünki ABŞ-ın özünə kömək lazımdır. ABŞ elə bataqlığa girib ki, ya batmalıdır, ya da biabırçılıqla qaçmalıdır.

Tramp İran müharibəsi bataqlığından qaçmaq üçün müxtəlif bəhanələr uydurur, İranın bütün hərbi gücünü və rəhbərliyini məhv etdiyini bildirir, müxtəlif ölkələr vasitəsilə İrana atəşkəsə getmək barədə mesajlar göndərir… amma İran danışıqları rədd edir və atəşkəsə razı olmur.

İsrail husilərlə müharibədəki kimi Trampın gözlənilmədən müharibədən qaçaraq, onu İranla tək qoya biləcəyini nəzərə alaraq, müharibədə eskalasiyanı yüksəldir və Trampı çıxılmaz vəziyyətə qoyur. Tramp müharibədən sifətini saxlamaqla çıxmaq istəyir, Netanyahu isə elə vəziyyət yaradır ki, həmin vəziyyətdə Trampın müharibədən çıxması qorxaqlıq kimi görünsün.

Məsələn, Trampın İrana danışıqlar barədə vasitəli təklifləri məlum olan kimi 8 mart gecəsi İsrail Tehran və ona bitişik Kərəc şəhərinin azı 5 böyük neft anbarına aviazərbələr endirdi. Məqsəd İranı Körfəz ölkələrinin neft anbarlarına analoji zərbələr endirməyə təhrik etmək idi. Bu halda dünyada neft qiymətləri kəlləçarxa qalxar, əlacsız Tramp isə nəinki Körfəzdə, bütün Qlobal Qərbdə nüfuzunu itirərdi. Deməli, Tramp “əski parçasına” dönməmək üçün İranı tam məhv etmədən regiondan çıxmamalı idi. İran oyunu başa düşərək, bu təxribata dərhal cavab vermədi. İranı emosional hərəkətə təhrik etmək üçün növbəti gün Ərəb dənizində onun Çinə gedən iki neft tankeri partladıldı. Mətbuat bunu ABŞ-ın etdiyini yazdı, amma mən güman edirəm ki, bu da İsrailin “əl işi” idi.

9 mart səhəri İran Bəhreyndə yerləşən “Bapco Energies” neft emalı zavoduna (NEZ) raket-dron zərbəsi endirdi. Zavodda yanğın 2 gün davam etdi və fəaliyyəti dayandırıldı. Bu NEZ ölkədə ən vacib zavoddur və gündə 267 min barel neft emal edir, ABŞ HDQ-nin 5-ci donanması üçün əsas yanacaq mənbəyidir.

Bəhreyndəki NEZ-ə zərbə vurmaqla İran cavab verməkdə tərəddüd etmədiyini göstərdi. Bu hadisə ilə bağlı Britaniyanın “The Guardian” qəzeti SEPAH-ın sözçüsünə istinadən yazmışdı: “Əgər neft qiymətlərinin 200 dollar/barel-dən yuxarı olmasına dözə bilirsinizsə, oyuna davam edin”.

Lakin İran ağılla cavab verir, eskalasiya nərdivanı üzrə pillə-pillə qalxır, birdən-birə 3-4 pillə qalxmır, yəni emosiyalarla hərəkət etmir, eskalasiyanı idarə edir. Göründüyü kimi, o cavab zərbəsi ilə yalnız bir hədəfi vurdu, digərlərini özü üçün ehtiyatda saxladı. Bu ona şeyxlərlə danışıqlar qapısını açıq saxlamağa imkan verir.

Tramp Administrasiyası İran neft anbarlarına İsrailin onlarla razılaşdırmadan zərbə endirdiyini bildirib və mətbuata ötürülən məlumatlara görə ABŞ İsrailin bu “özfəaliyyətindən” narazı qalıb, bir daha təkrarlanmamasını tələb edib. Məsələni Netanyahu ilə müzakirə etmək üçün Uitkof və Kuşner Tel-Əvivə getməli idilər, lakin sonra səfər təxirə salındı. Ya Netanyahu Trampın İranın neft strukturuna zərbə endirməmək şərtini qəbul etməyib, ya da bəzilərinin dediyi kimi, Netanyahu kimisə qəbul etmək halında deyil.

Ərəb şeyxləri üçün isə bütün bunlar maraqlı deyil, onlara enerji infrastrukturunun məhv olmayacağına təminat lazımdır. Körfəz ölkələrinin iqtisadi vəziyyəti neft-qaz gəlirlərindən çox asılıdır. Hörmüz boöazının bağlanması bir yana, növbəti raket zərbəsinin hansı NEZ-ə vurulacağını heç kim bilmir, vurulmayacağına da təminat verən yoxdur.

Müharibənin arzuolunmaz istiqamətdə getdiyini və ABŞ-ın aciz qaldığını görən Körfəzin bütün şeyxləri martın 2-dən Moskvaya üz tutaraq, Putinlə telefon danışıqlarına və onun İrana təsir göstərməsi, zərbələrin dayandırmasında kömək etməsini xahiş etməyə başladılar. Putinin onlara nə cavab verməsi haqda dəqiq məlumat yoxdur, amma Rusiyanın xarici işlər naziri Lavrovun Kremlin rəsmi mövqeyini ifadə etdiyini nəzərə alaraq, onun mövqeyinə baxaq.

Bu haqda MKİ-nin (CİA) keçmiş zabiti, kəşfiyyat analitiki və ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə İdarəsinin keçmiş müşaviri Larri Conson öz Substack hesabında yazırb:

“Martın 5-də Moskvada keçirilən dəyirmi masa zamanı Sergey Lavrov İsrail və ABŞ-ın qəfil hücumuna cavab olaraq İranın hərbi əməliyyatlarına son qoymaqla bağlı Putinin müdaxiləsini tələb etmək üçün görüşə gələn Fars körfəzi ölkələrinin səfirlərinə müraciət etdi. Tədbir Ukrayna böhranı, rəqəmsal təhdidlər və beynəlxalq informasiya təhlükəsizliyi mövzularına yönəlməli idi, lakin Lavrov Yaxın Şərqdə münaqişənin gərginləşməsinə əhəmiyyətli vaxt ayırdı.

Körfəzi ölkələri səfirləri gərginliyi azaltmaq və ərazilərində yerləşən ABŞ-la əlaqəli obyektlərə raket-dron hücumlarını dayandırmaq üçün Rusiyanı İrana təzyiq göstərməyə çağırdılar. Lavrov qeyri-adi qətiyyət nümayiş etdirərək, tənqidi cavab verdi və məsələyə birtərəfli yanaşmanı qətiyyətlə rədd etdi. Lavrov çıxışına davam edən münaqişə nəticəsində Körfəz ölkələrində mülki şəxslərin itkisi və mülki infrastruktura dəyən ziyana görə təəssüf etdiyini bildirməklə başladı. Lakin o dərhal Fars Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasının (FKDƏŞ) məsələyə seçkili yanaşmasını tənqid etdi. O, səfirlərdən soruşdu: “ABŞ və İsrailin İrana qarşı təcavüzkar müharibəsini və ya konkret olaraq Minabda 170 məktəbli qızın öldürülməsinə görə ABŞ və İsraili qınamısınızmı?”

Sonra o, onların ikili mövqeyini vurğulayaq bildirdi ki, siz müharibənin təşəbbüskarlarını (ABŞ və İsrail) qınamadan yalnız İrana təqziq göstərməyə çalışırsınız – belə bir tələbi qəbul etmək ilkin təcavüzü qəbul etməyə bərabərdir. Lavrov ABŞ və İsrailin davam edən əməliyyatlarının İranla ərəb qonşuları (Fars körfəzi dövlətləri) arasında düşmənlik yaratmaq məqsədi daşıdığını bildirdi və qeyd etdi ki, bu hərəkətlər İran-ərəb münasibətlərin normallaşması üzrə son zamanlar yaranan müsbət tendensiyanı (məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşma və BƏƏ ilə İran arasında qarşılıqlı əlaqə) sabotaj etmək cəhdidir.

O, vahid, balanslaşdırılmış beynəlxalq reaksiyanın tərəfdarıdır: bütün (təkcə İranın yox) hərbi əməliyyatların dərhal dayandırılması, siyasi/diplomatik nizamlama və bütün Körfəz dövlətlərinin qanuni təhlükəsizlik maraqlarının qorunması. O, səfirlərə xatırlatdı ki, Rusiya 20 ildən çoxdur Fars körfəzində kollektiv təhlükəsizlik konsepsiyasını təbliğ edir və bu istiqamətdəki səylərinə görə FKDƏŞ -ə minnətdarlığını bildirdi.

Sonda o, FKDƏŞ və digər ölkələri gərginliyin azaldılması çağırışlarına qoşulmağa və BMT-nin qərəzli qətnamələrinə (məsələn, Bəhreyn tərəfindən təklif edilən və yalnız İranı pisləyən istənilən layihəyə) qarşı çıxmağa çağırdı. Lavrov FKDƏŞ-ə xəbərdarlıq etdi ki, Rusiya onlardan Körfəz dövlətlərinin üzləşdiyi iqtisadi fəlakətə görə İsrail və ABŞ-ı məsuliyyətə cəlb etmələrini gözləyir.”

Beləliklə, Rusiyanın mövqeyi:
Körfəz ölkələri müdafiə olunan İrana yox, təcavüz edən ABŞ və İsrailə təzyiq göstərməlidirlər;
Yaxın Şərq ölkələrinin təhlükəsizliyinə ABŞ yox, region ölkələrinin qarşılıqlı maraqlarını nəzərə alan kollektiv təhlükəsizlik sistemi təminat verə bilər (yəni ABŞ-ı qovun getsin);
Körfəz ölkələri BMT-də ABŞ-ın maraqlarına yox, regionun kollektiv maraqlarına səs verməlidirlər;
Körfəz ölkələri onlara dəymiş ziyana görə ABŞ və İsrailə qarşı təzminat iddiaları irəli sürməlidirlər.

ABŞ Yaxın Şərqdən könüllü çıxmalı idi… amma belə getsə, döyə-döyə qovulacaq.

Şəkildə: ABŞ-ın 5-ci donanmasının qərargahına zərbə, Bəhreyn

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İnsult keçirdi, ayılanda başqa dildə danışmağa başladı – FOTO

redaktor

Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər

redaktor

Rusiyanın nəyi olmasa da, təbliğatı güclüdür.

admin