DünyaSiyasət

Vacib qeyd

ABŞ prezidenti Donald Tramp dünən İranla müharibəni bitirmək istəməsinə eyham vuran bir açıqlama vermişdi. Mən də onun fikirlərini dəyərli Facebook dostlarımla bölüşmüşdüm. Dostlardan biri isə sanki ABŞ/İsrail – İran savaşının sifarişçisi mənəm kimi, paylaşımımın altına bu sözləri yazıb: “Bəs onda siz jurnalistlərin halı noolacaq?)”.

Dəyərli dostlarım, bu ölkədə, bəlkə də regionumuzda ABŞ-İran müharibəsini ən az arzulayan mənəm və bu barədə fikirlərimi müxtəlif media orqanlarına verdiyim açıqlamalarda, qələmə aldığım yazılarda dəfələrlə dilə gətirmişəm. Məsələn, Moderator.az-ın 01 Noyabr 2019-cu il tarixli buraxılışında dərc olunan müsahibəmdə belə deyirəm: “ABŞ və sionizm bizim ikinci vətənimiz bildiyimiz İranı parçalamaq istəyirlər. Bu istəyin bizə dəxli yoxdur. Biz İranı ortaq dövlətimiz bilirik və onun parçalanmasını qətiyyən istəmirik. Vahid Azərbaycan deyəndə də əsla və əsla ordakı param-parça edilmiş ostanlıqların İrandan ayrılıb bizə birləşməsini nəzərdə tutmuruq. Bizim düşüncəmizdəki Vahid Azərbaycan İranın demokratikləşməsi və ordakı soydaşlarımızın milli azadlığa qovuşmasıdır. Bu baş verərsə, İran bütünlüklə Azərbaycan olacaq. Hansı ağılsız özündən bir parçanın ayrılmasını istəyər?”.

Ondan sonra verdiyim bütün yazılı və sözlü müsahibələrimdə də eyni fikirləri təkrarlamışam.

Ən əsası, əzizlərim, biz jurnalistlər hadisələrə, açıqlamalara baxıb bəzi analizlər veririk. Analizlərimiz səhv və ya doğru çıxa bilər. Amma o bizim arzu və istəklərimizi əks etdirməz. Yəni bizlər sizlərdən fərqli olaraq arzu və istəklərimizlə deyil, anladığımız həqiqətlərlə hesablaşırıq. Bəzən analizlərimizin heç vaxt istəmədiyimiz nəticələrini də paylaşır, ölkəmizi və regionumuzu gözləyən təhlükələrlə xalqımızı tanış edirik və bunu etməliyik.

Deyə bilərsiniz ki, bəs onda nə üçün son İran-ABŞ savaşı başlamamışdan əvvəl mən rəsmi Tehranı Vaşinqtonun tələbləri ilə razılaşmağa çağırırdım? Çünki bilirdim ki, bu müharibə baş verərsə, qüvvələr nisbətində xeyli geri qalan İran ABŞ-ın hava zərbələri altında tamamilə əziləcək, enində-sonunda ağ bayraq qaldırmalı olacaq. Nəticədə onminlərlə, bəlkə də yüzminlərlə insan öləcək, ölkənin hərbi potensialı sıfırlanacaq, iqtisadiyyatı darmadağın dağılacaq və İran böyük ehtimalla, 100 il geri düşəcək. Təəssüflər olsun ki, SEPAH və radikal dini rəhbərliyin şəxsi mənafeyi, hakimiyyəti əldən vermək istəməməsi sayəsində mənim bu qorxularım reallaşmaq üzrədir. ABŞ və İsrailin cəmi 10 günlük amansız hücumları sayəsində onlarla generalını, yüzlərlə zabitini, minlərlə əsgərini, gəmi və HHM sistemlərini, iqtisadi potensialını, ən əsası, siyasi liderini itirən İran tamamilə çöküş mərhələsinə gəlib çıxıb. Boş inadkarlığı onun daha çox əzilməsi, çarəsiz vəziyyətə düşməsi ilə nəticələnə bilər. Mən isə bu arzulamırdım və İranın böyük güzəştlər hesabına olsa belə, danışıqlar masasına oturmasını arzulayırdım. İranın tutduğu mövqe isə artıq bu potensialını itirməsinə gətirib çıxardı və indi Donald Tramp demişkən, masada oturmaq üçün əlində heç bir kartı (kozırı) belə qalmayıb. Məhz bu səbəbdən də bəzi ərəb ölkələrinin vasitəçiliyini geri çevirən ABŞ/İsrail cütlüyü onu son nəfəsinə qədər tükəndirmək istədiklərini gizlətmirlər.

İranın bu cür ağır vəziyyətə düşməsi bəlkə bəzi qardaş ölkələrə sərf edə bilər. Zira onlar yüzillərdir İranla rəqabətdədirlər və qonşuluqlarında güclü İran istəmirlər. Bəs biz necə, tarixi torpaqlarımız olan, hər kəssəyinə babalarımızın qanı qarışmış İranın tamamilə məhvini istəməliyikmi? Mənim fikrimcə, yox. İran zamanında bəzi siyasi islahatlara getsə və öz ərazilərində yaşayan xalqlara muxtar, yaxud mədəni hüquqlar versəydi, ABŞ-la danışıqlarda uzlaşmaçı mövqe tutsaydı, böyük ehtimalla bu ağır mənzərə də ortaya çıxmazdı. İndi kimdir İranı ən çox düşünən – sizin kimi yaxın bildiklərinizin qoltuğuna içi boş qarpız verənlər, yoxsa mənim kimi onun mövcudluğunu istəyənlər?

Yeri gəlmişkən, Donald Trampın məni sevindirən və bunun paylaşımını etməyə həvəsləndirən dünənki sülhpərvər bəyanatının ömrü cəmi yarımsaat sürdü. Yarımsaatdan sonra yenidən ortaya çıxan Tramp “tam qələbə qazanmayana qədər hücumları dayandırmayacağını”, – bəyan edərək bütün ümidlərin altını üstünə çevirdi. Odur ki, siz də İranın ABŞ üzərində qələbə çaldığına çox sevinməyin. İstəməsəm də deməyə məcburam ki, bu xəmir hələ çox su aparacaq.

Son olaraq bunu da diqqətinizə çatdırım ki, İranla ABŞ arasında danışıqların baş tutması, yeri gələndə bəzi ağır güzəştlərə gedilməsilməsinin vacibliyini təkcə mən yox, İranın islahatçı qanadı da istəyir. Siz bu mənada İranın ən radikal SEPAH generalları ilə eyni cərgədəsiniz.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – FOTO

redaktor

Putin Əliyevdən nə xahiş edib? – Erməni KİV-dən MARAQLI İDDİA

redaktor

Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad etdi

redaktor