Qəribə şəkildə Tramp İran məsələsində hələ ki, “neft” adı çəkməyib. O, Yaxın Şərqdə müharibə aparan digər prezidentləri tənqid edərək müharibələrə qarşı çıxırdı. Ancaq Tramp müharibələrə əxlaqi səbəblərlə yox, bu müharibələrin fayda gətirib gətirməməsi səbəbilə qarşı çıxırdı. Onun fikrincə, yalnız faydasız, nəsə qazandırmayan müharibələr lazımsızdır.
Bu baxımdan bir çox analitik sual verir ki, “Tramp üçün bu dəfəki fayda nədir?”
Tramp hələlik təmkinli olsa da, Ağ Evin Milli Enerji Şurasının direktoru Jarrod Agen “Fox Business”-ə müsahibəsində açıq şəkildə bu faydanı ifadə edib: “İstədiyimiz şey İranın neft rezervlərini terroristlərin əlindən almaqdır”.
Hazırkı vəziyyət İrandakı rejimin sadəcə hava zərbələri ilə devrilə bilməyəcəyini göstərir. ABŞ-ın özü də bu reallığı yavaş-yavaş qəbul edir. Təsadüfi deyil ki, bu səbəblə quru müdaxiləsi fikri bir neçə gündür aktiv formada müzakirə edilir.
Ancaq ortaya sual çıxır, haradan və necə?
Bu barədə ən ağlabatan təxmin İranın körfəzdəki neft mərkəzi olan Xarq adasıdır. Qurudan 30 km məsafədə yerləşən ada İran neftinin xarici bazarlara satışının 90%-nin həyata keçirildiyi yerdir. Adanın gündəlik ixrac potensialı 3 milyon (20 fevral üçün) bareldir. İranın digər limanları iri tanker gəmilərin yanaşması üçün əlverişli deyil. Bu səbəblə Xarq adası strateji məntəqəyə çevrilib.
Adanın neft saxlama potensialı 30 milyon barreldır. Hal-hazırda adada 18 milyon barrel neftin olduğu deyilir. Adaya İranın ən böyük neft hövzələri olan Əhvaz, Marun və Qaçsarandan borularla neft daşınır.
Ən son məlumatlar göstərir ki, İran adanın yükünü şaxələndirmək üçün kiçik limanlar və dəmiryolu vasitəsilə neft ixrac yolları yaratmağa çalışıb. Lakin hazırda bu yollar Xarq adasının potensialı ilə müqayisə olunacaq dərəcədə deyil. JP Morgana inansaq, adanın ələ keçirilməsi İranın neft ixracını tamamilə, hasilatı isə 2 dəfə azaldacaq.
Analitiklərin fikrincə, əgər ABŞ ada üzərində tam nəzarəti təmin edərsə, İrandakı istənilən rejimə ciddi təsir imkanlarına malik olacaq. Sadə məntiq, neft satılmırsa, ölkəyə pul gəlmir, pul yoxdursa da, maaş verilmir. Ehtimal olunur ki, ABŞ-ın İran donanmasını hədəf alması yaxın gələcəkdə bu cür hərbi əməliyyata hazırlıq xarakteri daşıyır. Deyəsən Tramp ancaq adanı əldə edərsə, sakitləşəcək.
