SƏNƏ YALVARMARAM!
Sevdim sənsiz yazı, min sənsiz qışı,
Özümə agahdır nə pis, nə yaxşı,
Çoxu sənə enir, çoxu barışır,
Sənə YALVARMARAM, a çörək, a su!
Nədir, nə gülürsən barmaqlarıma?
Qorxumsan, gəlirsən barmaqlarıma.
Misram tökülürsə barmaqlarıma
sənə yalvarmaram, a çörək, a su!
Darıxma səni də alan tapılar,
Özünü ayağa salan tapılar,
Sənə salonda əl çalan tapılar,
Sənə yalvarmaram, a çörək, a su!
Bilirəm hamıya təsirin vardır,
Sənin yüz-yüz, min-min əsirin vardır,
Yıxdıqların haqda əsərin vardır,
Sənə yalvarmaram, a çörək, a su!
Yenə də tapıbdır səni darıxmaq,
Asan deyildir ki, sonuma çıxmaq,
Gözünə qoymusan kimləri yıxmaq?
Sənə yalvarmaram, a çörək, a su!
Çörək də yeyirmiş demək insanı!
Nə günə qoyurmuş əppək insanı,
Ruhunu soyurmuş əppək insanın,
Sənə yalvarmaram, a çörək, a su!
Hikmət yalvarmağın atıb daşını,
çörək yaddaşını, su yaddaşını.
Neçə dəfə deyim kəsmə qarşımı,
Sənə yalvarmaram, a çörək, a su!
