İran İslam Respublikasının xarici siyasət strategiyası, 1979-cu il inqilabından bu yana hərbi gücə söykənməyə davam etsə də, digər tərəfdən “inqilabın ixracı” (sudur-e inqilab) doktrinası üzərində qurulmuş mürəkkəb bir hibrid müharibə modelinə söykənir.
Belə bir modellə hədəf ölkələrin suverenliyinə zahirən dəymirlər, birbaşa işğal yolu ilə girmirlər, dini və ideoloji infiltrasiya etməyə başlayırlar. Bir növ paralel dövlət strukturlarının yaradılması və cəmiyyəti beyinyuma metodları ilə ələ keçirməyi hədəfləyir. İranın “dini işğal modeli” bir parazit kimi hərəkət edərək, daxil olduğu dövlət orqanizminin resurslarını mənimsəyir, onun immun sistemini (təhlükəsizlik orqanlarını) sıradan çıxarır və sonda həmin dövləti Tehrandan idarə olunan bir proksiyə çevirir.
İranın dini işğal modelinin təməlini Ayətullah Xomeyni tərəfindən irəli sürülmüş “Vilayəti-Fəqih” (Fəqihin rəhbərliyi) nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyəyə görə, müasir millət-dövlət anlayışı və milli sərhədlər “imperializmin süni məhsulları” hesab olunur və bütün müsəlman ümməti vahid bir rəhbərə – İranın Ali Rəhbərinə tabe olmalıdır. Fikir verin, Bu ideoloji çərçivə ilə digər şiə xalqlarının vətəndaşlıq məsuliyyətini öz dövlətlərindən qopararaq Tehrana bağlamaq üçün bir “teoloji qarmaq” rolunu oynayır.
İşğalın bu ilkin mərhələsində hədəf kütləyə təlqin edilir ki, dini kimlik milli kimlikdən üstündür və “Haqqın ordusu” ilə “Batilin ordusu” arasındakı mübarizədə tərəf tutmaq hər bir möminin borcudur.
Bu, “müstəzafin” (məzlumlar) anlayışı vasitəsilə manipulyasiya edilir; İran özünü qlobal məzlumların hamisi kimi təqdim edərək, hədəf ölkələrdəki narazı təbəqələri öz şəbəkələrinə cəlb edir.
Burda unikal bir metod işə düşür: Vilayəti-fəqh siyasi və dini əsaslar yaradaraq, dövlətlərin milli suverenliyini dini fətvalarla əvəz edir. İkinci mərhələdə inqilabın ixracı üçün coğrafi işğala başlayaraq ərazidə özünə bağlı qruplar yaradır.
Müstəzafin doktrinası ilə hədəfə aldıqları cəmiyyətin kasıb təbəqəsini radikallaşdırmağa başlayırlar. Və əlbəttə ki, anti- sionist və qərb ümumi düşməni həmin cəmiyyətlərlə ortaq düşmənə çevirərək xarici düşmən və təhdid xofu altında Tehran ətrafında birləşmək zərurəti yaranır.
Əlbəttə ki, proses təkcə bununla bitmir. İranın işğal modelinin ən təhlükəli və gizli silahlarından biri Əl-Mustafa Beynəlxalq Universitetidir. Qum şəhərində mərkəzləşən bu qurum əsasən SEPAH-ın Qüds Qüvvələri üçün kadr yetişdirən “ideoloji zavod”dur. Hal-hazırda universitetin 50-dən çox ölkədə filialı var və təxminən 40,000 xarici tələbəni öz bünyəsində cəmləyib.
Davamında metodologiya daha da professionallaşır:
Universitetin beyinyuma mexanizmi elmi əsaslarla hazırlanmış bir neçə mərhələdən ibarətdir. Araşdırmalar göstərir ki, tələbələr “Staircase to Terrorism” (Terrorizmə Aparan Pilləkən) modelinə bənzər bir psixoloji təsirə məruz qalırlar : Əl-Mustafa xüsusilə yoxsul ölkələrdən gələn tələbələrə yüksək təqaüdlər, pulsuz yaşayış, tibbi sığorta və hətta ailələri üçün maliyyə yardımı təklif edir. Bu gənclərin əksəriyyəti Tehranın sistemindən maddi cəhətdən tam asılı düşürlər. Daha sonra tələbələr Qumun qapalı dini mühitinə gətirilir, burada onlar xarici dünyadan və alternativ informasiya mənbələrindən tamamilə təcrid olunurlar. Onlara təqdim olunan kurikulum “cihadın vacibliyi”, “şəhidlik mədəniyyəti” və “Ali Rəhbərə mütləq itaət” üzərində qurulub. Bir çox hallarda “din xadimi” kimi hazırlanan şəxslər əslində SEPAH komandirləri tərəfindən kəşfiyyat toplama, təxribat və silahlı mübarizə üsulları üzrə gizli təlimlər alırlar. Məsələn, Suriyada döyüşən Fatimiyyun və Zeynebiyyun briqadalarının komandirlərinin bir çoxu Əl-Mustafa məzunlarıdır. Məzunlar öz ölkələrinə qayıtdıqda “mədəni katib” və ya “ictimai xadim” kimi fəaliyyətə başlayırlar. Onların vəzifəsi yerli əhalini radikallaşdırmaq, xeyriyyə cəmiyyətləri adı altında maliyyə şəbəkələri qurmaq və dövlətə qarşı üsyan potensialı olan kütlələr yetişdirməkdir.
Faktlar göstərir ki, Əl-Mustafa Universiteti illik 1.75 trilyon tuman xərcləyərək, İdeoloji kadr hazırlığı, casus şəbəkələri fəaliyyəti aparır. İslam Təbliğat Təşkilatı isə ildə 5 trilyon tuman xərcə düşür və Qəqlobal təbliğat, kitab və media nəşrləri işini görür. Əhli-Beyt Dünya Assambleyası Milyonlarla $ xərcləyərək, əsasən transmilli dini şəbəkələrin koordinasiyasını aparır. İmam Xomeyni Relief Foundation Milyonlarla $ “ziyana” işləyərək “Xeyriyyəçilik” vasitəsilə sızma və asılılıq yaratma işini görür.
İranın Livan, İraq və Yəməndəki fəaliyyəti ən qabarıq nümunə qaydasında önümüzə çıxır.
İrandan alınan təlimatlar qruplar dövlətlərdə xaos yaratdılar, dövləti ortadan qaldırdıqdan sonra Hizbullah İsrailə, Həşdi Şabi İŞİD-Ə qarşı yeganə güc kimi özünü əhalinin gözündə guya təsdiq etdi və leqallaşaraq tək güc oldu. Dərhal seçkilərə qatılaraq dövlət qərarlarını veto edəcək siyasi güc əldə etdilər. Və nəhayət, dövlət büdcəsindən pay almağa başladılar. Fantaziyalar sərhədsizdir: Həşdi şabi pulu dövlətdən alır, əmri Tehrandan.
Təsəvvür edirsinizmi? Livanda Hizbullahın ordusu, bank sistemi və telekommunikasiya şəbəkəsi dövlətdən qat-qat güclüdür. Yeri gəlmişkən, Tehranın sosial şəbəkələrdə SEPAH-ın kiber taborları fəaliyyət göstərir və ölkələrin informasiya məkanını dəqiq formadan zəhərləyirlər ( Azərbaycan nümunəsi) Minlərlə bot hesab vasitəsilə saxta gündəm qurmaq və hədəfə hücum etmək, aktorlar, qadınlar və tanınmış şəxslərin fotolarından istifadə edərək, vacib şəxslərin hesablarına sızmaq, Şəhidləri istismar etmək( Qarabağ müharibəsindəki kimi), kliplər çəkmək ( Salam, Fərmandeh)
Azərbaycan İranın ideoloji planlarında itirilmiş ərazi statusunda görünür. 2015-ci ildə Qasım Süleymani tərəfindən yaradılan Qafaz Hizbullahı – Huseyniyyun Azərbaycanın dünyəvi konstitusiya quruluşunu hədəf alır. Qrupun liderləri Tohid İbrahimbəyli və Orxan Məmmədov uzun illər Qumda sığınacaq taparaq Azərbaycan dövləti əleyhinə təbliğat aparmışlar.
Gəncə hadisələri, İnteraz və Salamnyus layihələri uzaq tarix deyil. İranda müəllim və həkimlərə maaş verməyə pul tapmayan hökumət təkcə 2025 – ci ildə müdafiə xərclərinə 25 milyard dollar xərclədiyi deyilir. İranda tibb bacısı 200 dollar aldığı halda Hizbullah döyüşçüsü ayda 1200 dollar maaş alır.