Hadisə 2005-ci il aprelin 8-də, Roma papası II İoann Pavelin dəfn mərasimində baş tutub. Qonaqlar təmsil etdikləri dövlətin adı ilə əlifba sırasına görə yerləşdirilirdilər. Nəticədə İran və İsrail prezidentləri yanaşı oturdular.
İran yəhudisi olan İsrail prezidenti Yəzd şəhərində anadan olub. Əvvəlcə adı Musa Qəssab idi, İsrailə köçəndən sonra yəhudiləşdirilərək Moşe Katsava çevrildi. İran prezidenti Məhəmməd Xatəmi də Yəzd ostanının Ərdəkan şəhərində anadan olub (yeri gəlmişkən, həm Xatəmi, həm Mirhüseyn Musəvi kimi İran islahatçıları bəndənizlə eyni gündə, 29 sentyabrda dünyaya gəliblər).
İsrailə qayıdan Moşe Katsav mətbuata açıqlamasında həm Xatəmi, həm də onlardan arxada oturan Suriya prezidenti Bəşər Əsədlə əl tutub görüşdüyünü, İran prezidenti ilə hətta farsca ünsiyyət qurduğunu dedi.
Dəməşq faktı təsdiq etdi, amma bildirdi ki, bu, sadəcə nəzakət jesti olub və Suriyanın İsrailə münasibəti dəyişmir. Tehranda isə faktı qətiyyətlə inkar etdilər.
Moşe Katsavın siyasi karyerasının sonu, məşhur lətifədə deyildiyi kimi, “bir az qanqaraçılıq oldu”. İki zorlama faktı üzrə günahkar bilinən keçmiş prezident 2010-cu ildə 7 il azadlıqdan məhrum edildi, həbsdə 5 il keçirəndən sonra azadlığa buraxıldı.
Şəkildə arxası kameraya olan isə İordaniya kralı II Abdullahdır.
