Azərbaycan prezidenti İlham Əliyevin İranın Naxçıvana dron hücumuna sərt reaksiya göstərməsi bir çox Türkiyə vətəndaşlarında birmənalı qarşılanmadı. Mənə mesaj yazan bir çox Türkiyə vətəndaşları İlham Əliyevin ritorikasını diplomatik nəzakət sərhədlərini aşdığını, bunun yerinə türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan kimi davranması gərəkdiyini bildirirlər.
Bu fikirlə mən də razılaşıram ki, cənab İlham Əliyevin ifadələri olduqca sərt idi və diplomatik çərçivəni aşırdı. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan prezidenti İranın ölkəmizə gül-çiçək göndərməsinə cavab vermirdi. Ölkəmizə hücum edilmişdi və təcavüzkar adekvat cavabı almalı idi. Ən adekvat reaksiya isə hücuma misliylə cavab verilməsidir. Yəni hücuma əks-hücum. Amma İranla sərhədlərimizdə bizim soydaşlarımız yaşadığından Azərbaycanın əks-hücumları SEPAH-a yox, soydaşlarımıza zərbə endirmək kimi dəyərləndirilə bilərdi. Görünür, İlham Əliyev də bu amili nəzərə alıb cavabı sözlə vermək qərarına gəlib. Təbii ki, şifahi cavab da ən üst mərtəbədə olmalı idi.
İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın cavabları arasındakı fərqi də anlamaq lazımdır. Türkiyəyə atılmış raket zərbələri öz hədəfinə çatmamış göydə zərərsizləşdirilmişdi. Üstəlik, o raketin Türkiyəyəmi, yoxsa Aralıq dənizindəki ABŞ hərbi strukturlarınamı atıldığı da mübahisəyə açıqdır. Naxçıvana dron zərbəsi isə hədəfinə dəymiş və haraya atıldığı da ortada idi. Məhz bu səbəbdən də İlham Əliyev türkiyəli həmkarı kimi təmkin nümayiş etdirə bilməzdi.
İlham Əliyevin məlum açıqlamasından sonra İrandan gələn cavablar da Azərbaycanın şüurlu şəkildə hədəfə alındığını göstərir. Belə ki, İlham Əliyevin sərt sözlərinə ilk cavab İran prezidenti möhtərəm Məsud Pezişkiyandan gəldi. Cənab Pezişkiyan İranın qonşu dövlətlərə hücum etmək niyyətində olmadığını və yeni seçilmiş müvəqqəti idarəetmə şurası adından üzr istədiyi bildirdi. Onu da ifadə etdi ki, dost və qonşu dövlətlərə endirilən bu raket zərbələri İran siyasi iradəsinin razılığı alınmadan hərbi qüvvələrin müstəqil qərarları ilə həyata keçirilib.
Yeri gəlmişkən, İran liderinin bu sözləri qonşu ölkədə siyasətlə ordu arasında irtibatın qopduğunun açıq etirafı idi və mövzumuzdan kənar məsələ olduğundan bunun üzərində çox durmaq istəmirəm. Sadəcə onu bildirməyi lazım bilirəm ki, Pezişkiyanın həmin açıqlaması Naxçıvana dron hücumunun əsl səbəbinə aydınlıq gətirir.
Məsələyə Pezişkiyanın nöqteyi-nəzərindən baxanda o da aydın olur ki, İlham Əliyevin dilə gətirdiyi ağır sözlərin ünvanı İran siyasi iradəsi deyildi və İranda da məhz belə qəbul olunub. Əsl hədəf siyasi iradənin nəzarətindən çıxan silahlı qüvvələr, daha açıq təbirlə desək, SEPAH idi. Zənnimcə, SEPAH-ı ipə-sapa yatırmaq üçün qonşu dövlətlərdən gələn bu cür sərt reaksiyalar rəsmi Tehranın da maraqlarına zidd deyil.
İddia oluna bilər ki, Pezişkiyanın sözügedən üzrxahlıq mesajları bizə yox, Fars körfəzi ölkələrinə göndərilmişdi. İlk baxışdan həqiqətən də bu mesaj bütün qonşulara ünvanlanmış kimi görünür. Amma məsələnin bir az dərinliyinə enəndə isə bu ümumiləşdirmənin o qədər də tutarlı olmadığı ortaya çıxır.
Əvvəla, Pezişkiyan elə həmin açıqlamasında öz ərazilərində düşmən qüvvələrə yer verən və İrana hücumlara şərait yaradan ölkələrin bundan sonra da hücumlara məruz qalacaqlarını gizlətməmişdi. Azərbaycandan və Türkiyədən fərqli olaraq körfəz ölkələri ABŞ ordusunun hissələrini öz torpaqlarında barındırır. Deməli, məntiqlə, bu üzrxahlığın onlarla çox da əlaqəsi yox idi.
İkincisi, bu qədər böyük həngamədən sonra İran Dubay aeroporuna növbəti dəfə raket zərbələri endirdi. Bəziləri bunu SEPAH-İran siyasəti ziddiyyətinin bir təzahürü olaraq görə bilərlər. Məncə, bu mülahizədə də həqiqət payı var. Amma onu da istisna etmək olmaz ki, İran siyasi iradəsinin bu üzrxahlığının üzərindən dəqiqələr keçməmiş SEPAH bu addımı rəsmilərin razılığını almadan atmazdı. Bu faktın özü də üzrxahlıq müraciətinin ərəb ölkələrinə ünvanlanmadığını göstərir.
Pezişkiyanın üzrxahlığından sonra SEPAH-dan gələn Azərbaycanla bağlı yeni açıqlamalar da ölkəmizin qəsdən vurulduğunu təsdiqləyir. Məlumata görə, Xatəm əl-Ənbiya qərargahının sözçüsü yerli mediaya açıqlamasında bildirib: “Biz müsəlman ölkəsi və İranın qonşusu olan Azərbaycan Respublikasına bəyan edirik ki, regionda qeyri-sabitliyin yayılmasının qarşısını almaq və öz xalqlarının, eləcə də İranın maraqlarını təhlükəyə atmamaq üçün sionistləri ölkələrindən qovmalıdır.”
Yəqin razılaşarsınız ki, SEPAH tərəfindən tez-tez səsləndirilən və indiyədək təsdiqini tapmayan bu ittihamın yenidən dilə gətirilməsi əslində öz təcavüzkar siyasətlərinə bəraət qazandırmaqdan başqa bir şey deyil.
Bütün bunlar onu göstərir ki, Naxçıvana dron hücumları həqiqətən də SEPAH tərəfindən həyata keçirilmişdi və Azərbaycan bunu qulaq ardına vura bilməzdi. Reaksiya verərkən hansı sözlərdən istifadə edilib-edilməməsi isə sadəcə bir təfərrüatdır. Və mən hesab etmirəm ki, Türkiyənin hər hansı bir aeroportu İran tərəfindən qəsdən vurulsaydı, Ərdoğan əfəndiləri daha yumşaq davranırdı. Üstəlik, Naxçıvan aeroportu sıradan bir obyekt də deyil. Bu, Naxçıvanı Azərbaycana birləşdirən yeganə nəqliyyat xəttidir və İranın sırf Naxçıvan aeroprtunu hədəfə alması həm də simvolik bir anlam daşıyır.
