Açıq-açıq yazıram: Azərbaycan və Türkiyənin qoşulacağı müharibələr xaric, heç bir müharibə mənim üçün mövqe sərgilənəcək cinsdən deyil! Bütün müharibələr mənim gözümdə eynidir. Bütün işğalçılar, bütün imperialistlər mənim gözümdə eynidir – bunun adı istər ABŞ, istər İsrail, istər Rusiya, istərsə də NATO olsun.
Rusiyanın Ukraynaya hücumuna da təcavüz deyirəm, Ukraynanın Kurska hücumuna da təcavüz deyirdim, ABŞ və İsrailin İrana hücumu da təcavüzdür. Sual verənlər olacaq ki, bəs İrandan Azərbaycana atılan dronlar nədir? Bu, bir dəfəyə məxsus hadisə olduğu üçün adı terrordur. Rəsmi Bakının mövqeyi də son dərəcə sərt, yerində və doğrudur!
Əlavə olaraq qeyd edim ki, o dronların göndərilməsini İran tərəfi nə qədər təkzib etsə də, günahkar İrandır. Niyə? Onu kimin göndərməsindən asılı olmayaraq, ərazi sahibi günahkardır. Pezeşkianın bütün qonşu dövlətlərdən üzr istəməsi də normal haldır.
Ötən yazıda da qeyd etdim: Naxçıvanda həyata keçirilən terrordan bir gün öncə “Azərbaycan İran sərhədinə qoşun cəmləyir” xəbərləri tirajlanırdı. Səhərisi gün məlum hadisə baş verdi. Ardınca Ərdəbil və Təbriz bombalandı. Bilirsiniz nəyə oxşayır? Kürd qruplaşmaları İran sərhədini keçəndə, kürdlərin yaşadığı bölgədəki şəhərlərin polis idarələrinin, dövlət binalarının İsrail və ABŞ tərəfindən vurulmasına. Kürd silahlıları içəri girir, eyni zamanda daxil bombalanır, kürd əhalisi ayağa qalxır, bir tərəfdən silahlılar hərəkətə keçir və xaos yaranır. Lakin bu plan baş tutmadı. Ərdəbil və Təbrizin bombalanmasında da eyni ssenari yaşandı. Şərqin müharibə fəlsəfəsi budur: dar gündə parçalanma yox, birləşmə baş verir. Azərbaycanın 44 günlük müharibəsində bir çox Qərb analitik mərkəzləri proqnozlarında Azərbaycan xalqının hakimiyyətlə birləşməyəcəyini göstəririblər. Ancaq nəticə necə oldu, hər kəsə məlumdur. İndi də İranla bağlı məsələdə yanılırlar. Mən yazanda ağız büzənlər gedib Qərb analitiklərini oxusunlar: proqnoz necə idi, nəticə nə oldu?
Azərbaycanda bir çoxları Təbrizin, Ərdəbilin, oradakı soydaşlarımızın sözdə dərdini çəkirmiş kimi mövqe nümayiş etdirirlər. O tayfanın İsrail və ya ABŞ dövlətinə müraciət etdiyini görən-eşidən olubmu ki, “Təbrizi, Ərdəbili vurmayın, ora Azərbaycan şəhərləridir”? Bir petisiya hazırlamaq bu qədər çətin idi?
İranda qızlar məktəbi vurulanda və kim buna etiraz etmişdisə, bir qrup adam zəng edib deyirdi ki, bunu İran özü törədib. İndi ABŞ bunu rəsmən boynuna alıb, üstəlik Pentaqondan da hesab tələb olunur. O adamların zəng edib “mən səhv imişəm, üzr istəyirəm” dediklərini isə eşitmirəm.
Heç nəyin radikalını sevmirəm. Mənim dünyamda din və ibadət Allahla insan arasında olan rabitədir. Özüm dindar deyiləm, ancaq dindar insanlara hörmət edirəm. İrandakı hakimiyyət radikal dindardır, ona görə də İran mənə həmişə itici gəlib. Ancaq İsrail və ABŞ-dəki hakimiyyət nədir? Cey Di Vensin İrəvandakı çıxışını dinləyəndə öz-özümə dedim: bu, keşişdir, yoxsa ABŞ-nin vitse-prezidenti? Müsəlman biri pirə gedib nəzir qoyanda, bir əski parçası bağlayanda “mövhumatçı” olur, Netanyahu Qüdsdəki Ağlama Divarına (Qərb Divarı) məktub yazıb divara qoyanda “müasirlik”? Müsəlmanlar dini ayin icra edəndə “avamlıq” olur, bəs dünən dünyanın ən güclü ölkəsinin prezidentinin başına toplaşıb dua edəndə nə olur? İran-İsrail/ABŞ müharibəsi həm də radikal dindarların müharibəsidir!
Bütün dünya mediası Azərbaycanın sərhədə qoşun yığmasından danışır. Ermənistan məsələsində Azərbaycanın adını belə çəkməyən media qurumları, indi Azərbaycana təriflər yağdırır. Azərbaycan ordusunu bir nömrəli döyüş vəziyyətinə gətirib. Burada anormal bir şey yoxdur! Naxçıvanda o terror olmasa belə, bu addım atılacaqdı. Atılırdı da! Qonşu ölkədə müharibə gedir, coğrafiya genişlənir; Azərbaycan buna seyirci qalacaqdı? Terror, təxribat – hər şey ola bilər. Rusiya Gürcüstana hücum edəndə Azərbaycan ordusu hansı vəziyyətdə idi? Nə yeridir, nə də zamanı, o vaxt görülən tədbirləri bilənlər bilir.
Digərlərini başa düşürəm, amma adının qarşısına hərbi ekspert yazdıran bəzi adamlar çıxıb yazırdı ki, ‘”Xamneyi, bunkerdə gizlənmə, çıx döyüş”. Qınamıram. Adamlar müharibə görməyib, gördükləri “müharibədə” də əllərində avtomatla ora-bura veyilləniblər. Haradan bilsinlər ki, müharibələr haradan idarə olunur, komanda-idarəetmə məntəqəsi necə olur, harada yeləşir?
Çadır şəhərciyində böyümüşəm; bəlkə də küçəyə meyilliliyim oradan gəlir. Hüquq da oxudum, amma yenə küçə qaydaları mənə daha doğma gəlir. İnsanlar öz fikrini yazır – səhv, ya doğru. Dünəndən sosial şəbəkəyə baxdıqca əlim üzümdə qalıb. “Onu tutun, bunu həbs edin” deyə çağırışlar var. Türkiyə mediasına baxıram; fikirləri daban-dabana zidd olan adamlar belə, bir-birindən “filankəs filan ölkəyə işləyir” deyə şikayət etmir. Özünə intellektual deyən bəzi adamların, sırf fikirləri üst-üstə düşmədiyi üçün başqalarını “agent” adlandırması bolşeviklikdir. Küçədə bunun başqa adı var, ancaq nə isə…
