Sözə belə başlayanların bir qismi təkiyyəçidir və müxtəlif səbəblərdən gerçək mövqeyini gizləmə, pərdələmə ehtiyacı hiss edir. Digər qismi isə səmimidir və həqiqətən İrandakı rejimi dəstəkləmir, sadəcə, İsrailin ən azı İran qədər şər olduğunu düşünür və pinsip etibarilə xarici müdaxilələrə qarşı çıxırlar. Normal və anlaşılan mövqedir.
Lakin bu insanlar (səmimi olanlar) soyuq başla düşünməlidir ki, şimal sərhədimizdə Rusiyadakı rejimin, cənub sərhədimizdə İrandakı rejimin güclü olaraq qalması indi və gələcəkdə Azərbaycanın hansı maraqlarına cavab verir? Biz niyə bunu arzu etməliyik ki? Xüsusən bu kateqoriyadan olan və bir hissəsi mühacirət həyatı yaşayan müxalif insanları anlamaq çətindir. Bu gün Azərbaycan hakimiyyətinin siyasətindən narazı ola bilərsiniz və bu amil sizin AR dövlətinə bağlılığınızı və aidiyyət duyğunuzu zəiflədə bilər. Amma sabah burada demokratik bir idarəçilik qurularsa, siz hesab edirsiniz ki, Rusiya və İran rejimləri bu kövrək və zəif Azərbaycan demokratiyasını yaşadacaqlar və ona həyat haqqı tanıyacaqlar? Məsələn, İran səfiri Nəhavəndianın Gəncə qiyamından sonra, hələ Elçibəy hakimiyyəti iş başındaykən, Surət Hüseynovun yanına gedib, ona “Quran” hədiyyə etməsi yaddaşımızda unudulmaz və travmatik epizodlardan biri kimi qalıb. Rusiyanın əməllərini isə heç xatırlatmağa da ehtiyac yoxdur.
Bizdən asılı olmayan səbəblərdən İrandakı rejim çökəcəksə, fəryad etməli deyilik. Yaxud sabah ABŞ Ukraynanın tərəfində müharibəyə qoşulsa, Rusiya məğlub edilsə və nəticədə Putin rejimi çöksə, ABŞ‐ın müdaxiləsini niyə qınamalı və Rusiyanın vəziyyətinə niyə üzülməliyik, başa düşmürəm. Realist və praqmatik olmaq məcburiyyətindəyik.
