Məlum, əməliyyatların başlanması neft qiymətlərinin artmasına səbəb olub və bu artım davam edəcək. Ancaq təhlillərə baxdıqda enerji qiymətlərindəki bu artımın ABŞ-a da sərf etdiyi görünür. Amerikan iqtisadçısı Paul Krugman 2 martda bir məqalə yayımlayıb, müharibə və neft qiymətləri ilə bağlı fikirlərini paylaşıb.
Krugman qeyd edir ki, ABŞ iqtisadiyyatı 1978-ci ildən etibarən təxminən 3 dəfə böyüyüb. Lakin ABŞ iqtisadiyyatının neftə olan tələbatı dəyişməz olaraq, təxminən 1978-ci il səviyyəsində qalıb. Bu səbəblə hazırkı məqamda enerji qiymətlərindəki hər hansı artım ABŞ iqtisadiyyatına ciddi təsir göstərmir. Üstəlik ABŞ son illərdə neft istehsalını artıraraq daxili tələbatı yetəri qədər qarşılaya bilir.
Digər tərfədən qlobal aktorlardan biri olan Çin isə bu qədər şanslı deyil. Goldman Sachs-ın infoqrafikasına əsasən neft qiymətlərindəki dəyişikliyə ən həssas olan ölkələrdən biri məhz Çindir. Neft qiymətlərindəki 10%-lik bir artım, Çin ÜDM-inin böyümə sürətini təxminən 1% aşağı salır. Venesuela söhbətindən sonra Çin onsuz 2026-cı il üçün ÜDM böyümə gözləntisini aşağı salmışdı. Hazırda enerji qiymətlərindəki artım bu sürəti daha da azaldacaq kimi görünür.
Üstəlik Çin xam neftin 42%-ni, mayeləşdirilmiş qazın isə 31%-ni Hörmüz boğazı vasitəsilə idxal edir. Hazırkı məqamda bu təchizat zənciri tıxanıb. ABŞ isə bu məsələdə çox rahat davranır.
Tramp bir neçə ay əvvəl neft qiymətlərini kəskin aşağı salmağı hədəfləyirdi. Bunun məqsədi Rusiyaya açıq şəkildə təzyiq göstərmək və Ukrayna məsələsini siyahıdan çıxarmaq idi. Ancaq görünür ABŞ-ın prioritetləri bir anda dəyişib.
Təbii ki, bu cür dəyişikliklər və xüsusilə enerji qiymətləri Azərbaycana da ciddi təsir göstərir. Daha əvvəl neft qiymətlərinin düşəcəyi ssenaridə büdcə kəsiri, iqtisadi problemlər və artan sosial narazılıq gözlənilirdi. Lakin hazırkı situasiya davam edəcəksə, bu hakimiyyətin son aylarda tez-tez danışdığı “neft bumu” söhbətini gündəmə gətirəcək. Əlbəttə ki, bu “bum” yenə əhalinin rifahı üçün yox, avtoritar hakimiyyətin öz mövqeyini mövhəkəmləndirməsi və yeni korrupsiya ciblərinin açılması üçün xərclənəcək.
Onu da qeyd edim ki, ehtimallar (Bloomberg) müharibənin davam edəcəyi təqdirdə neft qiymətlərinin 108 dollara qalxacağını deyir. Həmçinin bu artımın inflyasiya yaradacağı da gözlənilir. Artımın nə dərəcədə davamlı olacağını isə demək çətindir.
