İranı idarə edən molla rejimi illərdir nümayiş etdirdiyi riyakarlıq və nankorluq siyasətindən əl çəkmək niyyətində deyil. Azərbaycan hər zaman qonşuluq və mehriban münasibətlər prinsipinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt İran və ya başqa bir dövlət üçün təhlükə mənbəyi olmayıb və olmayacaq.
Buna baxmayaraq, Azərbaycan dövləti hətta ən həssas məqamlarda belə humanist mövqe nümayiş etdirib. İranın ali dini liderinin ölümü ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib, ölkəmiz İrana humanitar yardım göndərməyi də planlaşdırıb. Bu, Azərbaycanın qonşuluq münasibətlərinə nə qədər səmimi yanaşdığını açıq şəkildə göstərir.
Lakin molla rejimi bütün bunların qarşılığında yenə də köhnə üsuluna əl atır – təxribat və düşmənçilik siyasəti. Əgər Naxçıvan ərazisində mülki obyekt – insanların istifadə etdiyi hava limanı hədəfə alınıbsa, bu artıq təkcə siyasi gərginlik deyil, dinc sakinlərə və mülki infrastruktura qarşı açıq terror aktı kimi qiymətləndirilməlidir. Mülki infrastruktura dron hücumu təşkil etmək isə güc yox, acizlik və qorxaqlıq əlamətidir.
Tarix göstərib ki, Azərbaycana qarşı düşmən mövqeyi tutan hər kəs sonda peşman olub. Bu gün də eyni aqibət qaçılmazdır. Azərbaycan xalqı və dövləti öz təhlükəsizliyini qorumağa qadirdir və heç bir təhdid qarşısında geri çəkilən deyil.
Bu hadisə həm də bir həqiqəti xatırladır: İranı idarə edən molla rejimi təkcə regiona deyil, öz ölkəsində yaşayan milyonlarla azərbaycanlıya da zülm edib. Cənubi Azərbaycanda soydaşlarımız illərdir ana dilində təhsil hüququndan məhrum edilir, milli fəallar təqib olunur, həbs edilir, müxtəlif təzyiqlərə məruz qalırlar. Onların ən sadə hüquqları belə sistemli şəkildə tapdanır.
Artıq tarix yeni mərhələyə qədəm qoyur. Molla rejiminin sonu yaxınlaşır. Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız bu tarixi fürsəti görməli, öz hüquqları və azadlıqları uğrunda daha qətiyyətlə ayağa qalxmalıdır. On illərdir azərbaycanlılara qarşı həyata keçirilən ayrı-seçkilik və təzyiqlər unudulmayacaq.
Bu nankor və riyakar rejimin yeri gələcəyin tarix kitablarında deyil, yalnız tarixin qaranlıq arxivlərində olmalıdır. Tarix dəyişir və xalqlar öz haqqını gec-tez alır.
