Dünəndən etibarən ABŞ/İsrail tərəfinin İrandakı kürd etnik qruplarla əlaqələri genişləndirdiyi barədə xəbərlər yayılır. Plana əsasən kürd qrupların İranın qərbində quru əməliyyatlarına başlaması və ABŞ-İsrail-in bu əməliyyatlara dəstək verəcəyi iddia olunur.
İrandakı etnik zəmin olduqca qeyri-müəyyəndir. Ölkənin etnik mərkəzi Tehran-Məşhəd-Şiraz üçbucağında yerləşir və əsasən farslardan təşkil olunur. Digər etnik xalqlar İranın periferiya ərazilərində məskunlaşıb. Son 40 ildə İran bəluclar və ərəblər arasında sistemli şəkildə assimilyasiya siyasəti yeridib və bu işdə qismən uğurlu olub. Üstəlik bu ərazilərdə sistemli şəkildə fars etnik əhalinin məskunlaşdırılması prosesi aparılıb. Yəni, bəluc və ərəb bölgələri etnik olaraq olduqca qarışıqdır, hər hansı separatçı fəaliyyətləri tətikləmək üçün uğurlu bölgələr kimi görünmür.
Etnik azərbaycanlı əhali isə böyük ölçüdə şiə kimliyinə sadiqdir, bu kimlik onları farslarla mədəni və psixoloji olaraq birləşdirən amilə çevrilib. Hər hansı bölünmə prosesində dəstək verəcəkləri inandırıcı görünmür.
Geriyə sadəcə Qərbi İranda məskunlaşan kürd əhali qalır. İrandakı kürd kəsim yetəri qədər siyasiləşmiş və İrandakı rejimin assimilyasiya siyasətinə qarşı digərlərindən fərqli formada müqavimət formalaşdırmış etnik qrupdur. Digər tərəfdən kürdlərin yaşadığı ərazilər əsasən dağlıq regionlardır və bu tarixən regionda mərkəzi hökümətin təsir gücünü zəifələdən amil olub. Hətta 80-lərin sonuna qədər bu regionda bəzi yerlərin mərkəzi hakimiyyətə tabe olmadan mövcud olduğu məlumdur.
Amma kürd əhali arasında vahid dil və dini birlik mövcud deyil. İranın Kürdistan ərazisində yaşayanlar Sorani ləhcəsi ilə, Kirmanşah və İlamdakılar Laki və Lur ləhcəsi ilə, Qərbi Azərbaycandakılar isə Kurmani ləhcəsi ilə danışır. Üstəlik Kirmanşahdakı kürdlər şiə ikən, qalanları sünni məzhəblidir. Bir sözlə kürd əhali arasında da vahid birlik yoxdur, tək birləşdirici element millətçilikdir.
ABŞ-İsrailin öz planlarında kürdlərdən istifadə etməyə çalışmaları da böyük ehtimalla buna görədir. Kürdlər İranda mərkəzi hakimiyyətə qarşı reaksiya verə biləcək əsas etnik qrupdur. Üstəlik kürdlər daxilində də konkret birliyin olmaması, İranın gələcəkdə bölünməsinə də imkan verməyəcək. Əvəzində isə mərkəzi idarəetmə sistemi sarsılacaq.
Amma bu plan baş tutarsa, İrandakı vəziyyət daha da pisləşəcək. Faktiki hazırda SEPAH siyasi mərkəzdən müstəqil hərəkət edir. Koordinasiya çox aşağı səviyyədədir. Belə bir vəziyyətdə etnik zəmində hər hansı qarşıdurma və ona qarşı emosional reaksiya İran cəmiyyəti üçün dağıdıcı ola bilər…