Əslində, çıxışında məsələni kifayət qədər aydın izah edib, amma bizə klikbeyt lazımdır axı.
Əvvəlcə Qurbanovun dediklərindən bir hissə:
“Müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir. İnkişaf etmiş ölkələr məhz innovasiya cəmiyyəti formalaşdıraraq bu mərhələyə yüksəliblər. Gələcəyin əsas istiqaməti insansız, robotlaşdırılmış sistemlər və süni intellekt texnologiyaları ilə bağlıdır.
Hazırda dünyada 4 milyondan çox robot fəaliyyət göstərir və ən yüksək göstərici Cənubi Koreyadadır. Dünya sürətlə bu istiqamətdə irəliləyir. Süni intellekt insanlara doğru yolu göstərən müsbət bir vasitədir. Lakin ondan düzgün nəticə almaq üçün doğru sual vermək vacibdir. Çünki düzgün sual düzgün cavabın əsasını təşkil edir”.
Nazir müavini yanlış bir şey deyib? Yox. Əksinə, gənclərə düzgün istiqamət verib. Amma girişdə qeyd etdiyim o bəsit cümlə məzmunu necə tamamilə dəyişdi, fikir verdiniz? Adamda qıcıq yaradır.
Avtomatik olaraq; – Nə danışır bu? – Məzunlarda pul nə gəzir? – Hansı büdcə ilə iş yeri açaq? tipli suallar beynimizdə vur-gəl edir.
Bu, mükəmməl çıxışdır, halbuki. Amma di gəl ki, məzunlarla bağlı əsas qanayan yerimizin nə qanı dayanır, nə də tədbir görülür. Əksər yerlərdə gənclərdən işi qoyaq bir kənara, hətta təcrübə üçün belə təcrübə tələb edilir. Pullu proqramlar barmaqla sayılacaq qədərdir, olsa belə aşağı məbləğ təklif olunur. İnsan əməyi çox alçaldılır, istismar edənləri demirəm. Və istisnalar heç zaman qaydanı pozmur.
P.S Mən müşahidə etdiklərimi, eşitdiklərimi paylaşıram.